Son illərdə səhər yuxudan oyanan kimi acqarına su içmək sağlam həyat tərzinin vacib hissəsi kimi təqdim olunur. Sosial şəbəkələrdə bunun maddələr mübadiləsini sürətləndirdiyi, toksinləri bədəndən çıxardığı və hətta arıqlamağa kömək etdiyi barədə çoxsaylı iddialar yayılıb.
Bəs elmi araşdırmalar bu fikirləri nə dərəcədə təsdiqləyir?
Azpost.info xəbər verir ki, ABŞ-ın Mayo Klinikası və Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) mütəxəssisləri gün ərzində kifayət qədər su qəbulunun sağlamlıq üçün vacib olduğunu bildirsələr də, məhz acqarına su içməyin digər vaxtlarla müqayisədə xüsusi üstünlüyünü təsdiqləyən güclü elmi sübutların olmadığını qeyd edirlər.
Mütəxəssislərin sözlərinə görə, gecə yuxu zamanı orqanizm maye itirir. Buna görə də səhər su içmək susuzluğun aradan qaldırılmasına və bədənin normal fəaliyyətinin bərpasına kömək edir. Lakin bu təsir günün istənilən saatında su içməklə də əldə edilə bilər.
Araşdırmalar göstərir ki, kifayət qədər maye qəbul etmək böyrəklərin fəaliyyətini dəstəkləyir, bədən temperaturunun tənzimlənməsinə kömək edir və qan dövranını yaxşılaşdırır. Xüsusilə yay aylarında yüksək temperatur səbəbindən maye itkisi artdığı üçün su balansını qorumaq daha da vacibdir.
Dietoloqlar bildirirlər ki, səhər 1-2 stəkan ilıq su içmək həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər. Bununla belə, suyun möcüzəvi təsiri barədə yayılan məlumatlara tənqidi yanaşmaq lazımdır.
Mütəxəssislər qeyd edirlər ki, gündəlik su ehtiyacı yaş, çəki, fiziki aktivlik və iqlim şəraitindən asılı olaraq dəyişir. Ümumi tövsiyə gün ərzində susuz qalmamaq və orqanizmin ehtiyacına uyğun maye qəbul etməkdir.
Sunay