Belə qocalasan qocalanda da!… –Professor İslam Qəriblinin 70 illik yubileyinə

…Gənclik ömrün bahar, qocalıq barlı çağıdır. Həm də insanın uca xaliqin ona verdiyi ömür payını necə yaşaması  barədə özünə, yaradana, cəmiyyətə hesabatı. Qurani-Kərimdə tez-tez təkrarlanan bir ifadə var-əməl dəftəri sağ əlinə verilənlər…O kəslər ki, ömrünü xalq üçün yaşayır, halalına haram qatmır, passionarlıq missiyasını şərəflə yerinə yetirir-məhz onlardır əməl dəftəri sağ əlinə verilənlər. “Alimin mürəkkəbi ilə şəhidin qanı tutuşduruldu, alimin mürəkkəbi üstün gəldi”-belə deyib sevimli peyğəmbərimiz. “Hamıdan ucadır alimin yeri” deyimində Nizami Gəncəvinin nə dərəcədə  haqlı olduğunu zaman göstərdi. Və o taylı bu taylı Azərbaycanın ölməz söz ustadı Məhəmmədhüseyn Şəhriyar üçün dərs aldığı müəllimləri ən ali mövqedə idi. “Öpməkçin müqəddəs bir mövqe varsa, o da müəllimin əlidir, anla!…” deyirdi.

…Mənim üçün müqəddəs olan bir insandan- dəyərli müəllimim prof. İslam Qəriblidən söz açmaq istəyirəm. Tanınmış ədəbiyyatşünas alim, tədqiqatçı,  pedaqoq, şair, publisist, dəyərli ziyalı, filologiya elmləri doktoru, prof. İslam Qəriblinin bu günlərdə 70 yaşı tamam olur. 70 illik yubileyini AMEA-nin Nizami adına Ədəbiyyat İnstitunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi qarşılayan, sadə kənd müəllimliyindən  alimliyə qədər şərəfli həyat yolu keçən  İslam Qəriblinin  pedaqoji, bədii, elmi, pulisistik fəaliyyəti əsl həyat məktəbidir, bu məktəbi araşdırmağa, bu məktəbdən öyrənməyə dəyər və ən əsası, şair Cabir Novruz demişkən: “Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin”…

İslam Qəriblinin  şəxsiyyətini bir ifadəyə sığışdırmaq olar-gərəkli adam! Harda oxumasından, işləməsindən asılı olmayaraq daim seçilə, sevilə  bilib, özünəməxsus iz qoymağı bacarıb İslam Qəribli.  Niyə məhz  müəllimlik peşəsinə  könül vermişdi-bu seçimi kənd uşağının öz müəllimlərinə olan sevgisimi doğurmuşdu,   müəllimlərinə olan hörmətdənmi qaynaqlanmışdı, bu peşəyə olan ehtiyacdanmı-nədənini, niyəsini İslam müəllimdən heç vaxt soruşmamışam, cavabını da bilmirəm.  Amma bildiyim bir həqiqət var ki, həyatda təsadüfi heç nə yoxdur və İslam Qəriblinin  müəllimlik peşəsini seçməsi  taleyin xoş qisməti, uca yaradanın ona lütfüdür bəlkə… Həyat göstərdi ki, müəllimlik  prof. İslam Qəribli üçün həyati ehtiyaclarını ödəyən peşə, “çörək ağacı”ndan çox, ruhən, qəlbən bağlandığı könül işi oldu, gəncliyindən ahıllıq çağlarına qədər cəmiyyətlə özü arasında hörmət, ehtiram, sevgi körpüsünə çevrildi. “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz” deyiminin məsuliyyətini sevimli müəllimim haqqında yazanda bir daha hiss etdiyimdən bu ağırlığı  ürəkdən gələn saf, səmimi hisslərimin təmizliyində əritmək istəyirəm…

… ADPU-nun filologiya fakültəsinin  fərqlənmə diplomlu məzunu pedaqoji fəaliyyətlə məşğul olduğu illər ərzində çalışdığı bütün pedaqoji kollektivlərdə sevilən, seçilən biri olmağı bacardı. Biləsuvar, Lerik rayonlarının ucqar kənd məktəblərində tədrisdə yeni öyrənmə metodlarını, şagirdlərə fərqli yanaşma tərzini ortaya qoymaqla, fənnini ürəkdən tədris etməklə yetirmələrinin  yaddaşında əsl müəllim kimi iz qoymağı bacardı. Aylar, illər keçdikcə İslam müəllimin yetirmələrinə, ilahi seçimi olan müəllimliyə, ədəbiyyata-poeziyaya olan sonsuz sevgisi ürəkləri isitdi, öyrətmənə, öyrənməyə olan sevgiyə döndü, həyat yolunu nurlandırdı, onu cəmiyyətin nurlu ziyalısına çevirdi nur, işıq topası kimi özünə qayıtdı.

Bilmirəm, bu yanaşmamda nə qədər haqlıyam- İslam Qəriblinin 1990-cı ilin dekabrından AMEA-nın Nizami adına Ədəbiyyat İnstituna dəvət olunması ilə Azərbaycanda ədəbiyyatşünaslıq elmi nə qədər qazandısa, pedaqoji sahə bir o qədər itirdi…hər şeydən əvvəl, kənd uşaqları dərsə yeni nəfəs gətirən sevimli müəllimlərindən uzaq düşdülər. Düzdür, sonralar İslam müəllim bu boşluğu doldurmaq üçün orta məktəblər üçün dərsliklər yazdı, kitablar nəşr etdirdi, amma   gedişindən  yaranan boşluğu doldura bilmədi…Niyə? İllər öncə Lerikin dağ kəndlərində təhsilin problemləri ilə bağlı TV üçün  araşdırma material hazırlayanda bu sualın cavabını aldım. Çəkiliş zamanı kənd sakinlərinin  gileylə dedikləri indiki kimi  yadımdadır, çünki bu gileyin konkret ünvanı vardı- İslam Qəribli kimi peşəkar pedaqoqların gedişi uşaqlarımız, kənd məktəbləri üçün böyük itkidir və belə nurlu insanları nəyin bahasına olursa olsun mütləq  kənddə saxlamaq lazımdır! Vaxtı ilə çalışdığı kənddə sakinlərin illər sonra da  İslam müəllimi hörmətlə xatırlamasına  həsəd aparmışdım və ürəyimdə onu  kənd üçün gərəkli hesab edən insanları  qoyub getdiyinə görə qınamışdım da. Amma illər sonra,   İslam müəllimin dissertantı olanda bu qınağımda haqlı olmadığımı gördüm. Tam səmimiliyi ilə deyirəm- bu gediş lazımlı idi, vacib idi, hələ bəlkə bir az da gecikmişdi! Çünki bu gün Azərbaycan ədəbiyyatşünaslığında prof. İslam Qəribli əvəzolunmaz imzadır, öz dəsti-xətti olan böyük araşdırmaçı alimdir, tələbələrin mühazirələrini sevə-sevə dinlədiyi gözəl müəllimdir!

Və İslam müəllimin  həyat yolu bir daha göstərdi ki, peşəsinə qəlbən bağlanan, işini bilən, əqidəsi, amalı gözəl olan insan olduğu hər yeri gözəlləşdirir, hər yerdə gərəkli olmağı bacarır. Elə təkcə buna görə  İslam Qəriblinin doğulduğu, çalışdığı  dağ kəndlərini  qoyub paytaxta gəlişini itki kimi yox, uğur kimi dəyərləndirmək lazımdır. Bu zəhmətkeş alimin elmə gəlişi Azərbaycanın ədəbiyyatşünaslıq elmində xüsusi səhifə açdı-mübaliğəsiz, filansız! İslam  Qəribli 35 ildən çoxdur ki,  yorulmadan, usanmadan ədəbiyyat tarximizə baş vurur, o taylı, bu taylı Azərbaycan ədəbiyyatının açılmayan səhifələrini tədqiq edir, ədəbi qaynaqları səbrlə araşdırır, yeni fikirlərini ortaya qoyur,  heç kimi təkrarlamır, öz yolu, öz cığırı ilə ədəbiyyatşünaslıq elminin zirvələrinə doğru yol alır. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, Məhəmməd Hadinin həyatının, elmi, bədii irsinin köklü  araşdırılması professor Əziz Mirəhmədovdan sonra  İslam Qəriblinin adı ilə bağlıdır.  İslam müəllim bütün yaradıcılıq  gücünü sərf edərək Azərbaycan ədəbiyyatının ən talesiz şairi  Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunu ilmə-ilmə çözərək “M.Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik (1990), “M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövrü mətbuatında (1905-1920)” mövzusunda (2013) doktorluq dissertasiyalarını müdafiə edib. Akademik Bəkir Nəbiyevin  İslam Qəriblinin “Məhəmməd Hadi və mətbuat (1905-1920)” monoqrafiyasını “Hadişünaslığa yeni töhfə” adlandırması təqdiqatçının böyük zəhmətinə verilən dəyərdir.  Prof. İ. Qəribli  M. Hadi ilə bağlı araşdırmalarını bu gün də eyni həvəs və bu nakam ədibin ruhuna məhəbbətlə davam etdirir.  Onun “Məhəmməd Hadi: Həyatı və yaradıcılığı” adlı son monoqrafiyası XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunun tədqiqinə dair ən sanballı tədqiqat hesab olunur. Tədqiqatda M.Hadinin ömür yolu, 1905-1920-ci illərdəki Azərbaycan və Türkiyə dövri mətbuatı ilə əlaqələri, “Həyat” qəzetindən başlayaraq  “Azərbaycan” qəzetinə qədər müxtəlif təmayüllü iyirmidən yuxarı mətbuat orqanında , sağlığında və ölümündən sonra kitablarında çıxan 400-dən yuxarı bədii ,elmi, publisistik və tərcümə əsərləri sistemli şəkildə araşdırılaraq onların elmi-filoloji təhlili aparılır. Geniş oxucu kütləsinin əsasən şair kimi tanıdığı M.Hadi yaradıcılığından  yeni monoqrafiyada həm də nasir, alim,publisist,tərcüməçi kimi bəhs olunur, əsərlərinin mövzu, forma,məzmun,ideya və sənətkarlıq məsələləri ətraflı şəkildə şərh olunur. Professor İslam Qəribli  həm də  M.Hadinin yeni çapdan çıxmış  II cildlik “Seçilmiş əsərləri” nin də  tərtibatçısı, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifidir. Xatırladaq ki,   2020-ci ildəki elmi araşdırmalarına, tədqiqatlarına görə  prof. İ. Qəribli  “İlin alimi” seçilib.

…Bu günlərdə feyzbuk sosial şəbəkəsində  bir sorğu-paylaşım diqqətimi çəkdi-ali məktəb tələbələri ən çox sevdikləri müəllimlərlə bağlı müzakirədə yaddaşlarında iz qoymuş sevimli müəllimlərini xatırlayır, barələrində yazırdılar. Və tələbələrin sevdikləri, seçdikləri  müəllimlərin içində prof. İslam Qəriblinin adı ön sıralarda idi. Vaxtı ilə dərs dediyi ali təhsil ocaqlarında tələbə və magistrantların onun haqında yazdıqları  səmimi, xoş sözləri oxumaq  istər-istəməz insanda gözəl ovqat, əhval-ruhiyyə yaradır, müəllimlik peşəsinin necə uca olduğunu bir daha sübut edir. Qeyd edim ki, prof. İ. Qəribli  Lənkəran Dövlət Universitetinin də sevilən müəllimlərdən olub. Son illərdə İslam müəllim AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunda çalışdığı  şöbədə işinin çoxluğundan LDU-da  mühazirələrini davam etdirə bilməsə  də bu ali təhsil ocağında gənc  alim kadrlarının, mütəxəssislərin hazırlanmasında köməyini əsirgəmir, elmi rəhbəri olduğu dissertant və doktorantlara elmi araşdırmalarında dəstək olur.

Sözsüz ki,70 illk yubileyi ilə bağlı filologiya elmləri doktoru, prof. İslam Qəribli haqqında çoxsaylı yazılar yazılacaq, elmi, publisistik, ədəbi, pedaqoji fəaliyyəti çox rakurslardan araşdırılacaq, tədqiq ediləcək. Mənim baxış bucağımdan sevimli müəllimim, dəyərli tədqiqatçı alim İslam Qəribli həm də gözəl şairdir, həssas, kövrək, ürəkdən gələn saf, səmimi hisslərini bəzək- düzəksiz əks etdirən , öz deyim tərzi olan  lirik şair. Elə şair ki, illər öncə yazdıqları bu gün də əvvəlki  təravətindədir, oxunur,  sevilir. Baxmayaraq ki, İslam müəllim heç vaxt şairlik iddiasında olmayıb və yazdıqlarını da uzun müddətdən sonra ədəbiyyatşünas dostlarının məsləhəti ilə “Gecimiş görüş” adı ilə 2012-ci ildə çap etdirib:

O ötən günlərim bir iztirabdır,

Saçıma ələnən qırovdur, qardır.

O qədər intizar çəkmişəm ki, mən,

Ürəyim həsrətdən qabar-qabardır.

Və bu həsrət şairi dağlara, daşlara da doğmalaşdırıb:

Mən səni o qədər səsləmişəm ki,

Dağlar da öyrəşib bu səsə indi…

İslam Qəriblinin  gəldiyi ilahi məntiq budur-məhəbbət, sevgi heç vaxt unudulmur, insanı bir ömür boyu səssiz-səmirsiz,izsiz təqib edir, son nəfəsinədək ruhuna hopur:

Ulu Tanrı, bəlkə, məni eşidə bir gün,

Dünya böyük, bu dünyada nə yaxşı varsan.

Unutmasan, əgər sənin yadında varsa,

Mənim sözüm: “Sən arzumun arzularısan!

İnsanı yaşadan ümidlərdir, ümidin qırıldığı nöqtədə insan da yox olur, cismani olmasa da mənən, ruhən dağılır, qırılır:

Bir içim sevinc ver, bir qətrə ümid,

Həkk edim mən onu bəbəklərimə.

Sən ümid ver mənə, bir ovuc ümid,

Bir ovuc ömrümə bir ümman olsun.

Bağlayım bir dəstə gül çələngitək,

Asım yatağımın baş tərəfindən.

Qoy həmin çələngdən yuxularıma

Gülüş çilənsin,

Ümidsiz günümə ümid ələnsin!

İslam Qəribli olduqca məhsuldar alim, tədqiqatçı olduğundan müəllifi olduğu, redaktə etdiyi kitabların, məqalələrin dəqiq sayını yazmaqda çətinlik çəkirəm. Təqribi də olsa deyə bilərəm ki,  çapdan çıxmış elmi əsərlərinin sayı 200-dən artıqdır, 20-dən artıq kitabın müəllifidir, onlarla kitabın redaktoru olub və zəhmətkeş alim bu gün də qələmini yerə qoymur, daim yazır, yaradır, yeni araşdırmaları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirir.

Olsa da canında qüvvətdən maya,

Döşünə döyməmiş nə daş, nə qaya.

Şöhrət gözlərini qamaşdırmaya,

Başında Günəşdən tac olanda da!

İslam müəllim, belə şərəfli ömür hamıya nəsib olmur. Belə ucalıq, qocalıq tanrının ən ali lütfüdür…Şair demişkən: “Belə qocalasan qocalanda da!”. Saçları bəmbəyaz,  qəlbi cavan, arzuları ümman, amalı, məsləki, əqidəsi saf olan əziz müəllimim-zamanla arzularınız həmişə tən gəlsin, ucalıqla qocalığınız bir-birini tamamlasın. Həmişə belə sevimli qalın-sevgimiz, həyat eşqiniz  ömür yolunuza işıq saçsın!

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

Əvvəlki məqalə

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında yenə polislərə hücum olub

Sonrakı məqalə

Abid Şərifov uzun müddətdən sonra danışdı –