“İclasda əvvəlcə De Byazinin hesabatı dinlənildi, sonra isə gələcək taleyi ilə bağlı müzakirə aparıldı”.
Bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin fövqəladə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Funksioner bildirib ki, baş məşqçi nəticələr barədə məlumat verdikdən sonra Azərbaycan millisində fəaliyyətini dayandırmaq istədiyini söyləyib: “Müqaviləsinin uzadılmamasını xahiş etdi. Bundan sonra isə müzakirələr başladı. İtaliyalı mütəxəssisin yığmadakı 3 illik fəaliyyəti dövründə əldə olunan nəticələr də nəzərə alınaraq, onun müqavilənin uzadılmaması ilə bağlı istəyi qəbul olundu”.
S.Hacıyev “De Byazi özü istəməsəydi, onunla müqavilənin müddəti uzadılacaqdı” sualına belə cavab verib: “Əslindı bu sualı cavablandırmaq çətindir. Çünki belədə hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi. Prosedur var, ilk növbədə baş məşqçinin hesabatı dinlənilməlidir. Bu zaman özü tərəfindən belə xahiş oldu. De Byazinin istəyinə baxmayaraq, iclasda müzakirələr oldu və İcraiyyə Komitəsi də belə qənaətə gəldi ki, müqavilənin yenilənməməsi ən düzgün qərardır”.
O, yığıncaqda Canni De Byazinin Belçika ilə oyundan (0:5) sonra azərbaycanlı jurnalistlər haqqında səsləndirdiyi fikirlərin də müzakirə olunduğunu əlavə edib: “Onun sözləri qınanıldı və birmənalı şəkildə pislənildi”.