Bir neçə ölkədən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Polşanın Pomorsk inzibati ərazisində, Nigerin Taxya regionunda, Şotlandiyanın Pert və Kinross inzibati ərazi vahidində, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Men adasında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə həmin ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşanın Pomorsk inzibati ərazisindən, Nigerin Taxya regionundan, Şotlandiyanın Pert və Kinross inzibati ərazi vahidindən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Men adasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Əvvəlki məqalə

TƏBİB-də İctimaiyyətlə əlaqələr və marketinq departamenti yaradılıb

Sonrakı məqalə

İranda etirazların əsas liderlərindən biri ölüm hökmünə məhkum edilib