Bir qrup xarici jurnalist Gəncəyə səfər edib –FOTO

Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdamdan sonra Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olublar.

30 nəfərlik heyət Qələbə parkını ziyarət ediblər. Media nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər. Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib. Jurnalistlər erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki media nümayəndələri ötən gün Ağdamda olublar. Bu gün isə Füzuli və Şuşaya səfərləri gözlənilir.

Əvvəlki məqalə

Laçın-Xankəndi yolundakı aksiya 83 gündür davam edir

Sonrakı məqalə

Vətən müharibəsi iştirakçısı yol qəzasında həlak olub