Bişmiş yumurtanın “ömrü” nə qədərdir?

Yumurta

Mətbəxin ən sadə və faydalı məhsullarından biri hesab olunan bişmiş yumurtanın saxlanma qaydalarına əməl edilməməsi ciddi qida zəhərlənmələrinə yol aça bilər.

Bişmiş yumurta həm idmançılar, həm də sağlam qidalanmaya üstünlük verənlər üçün əvəzolunmaz protein mənbəyidir. Lakin bir çox insan bişmiş yumurtanın otaq temperaturunda və ya soyuducuda nə qədər qala biləcəyi barədə yanlış təsəvvürlərə malikdir. AzPost “RBC-Ukraine” agentliyinin mütəxəssis rəylərinə istinadən xəbər verir ki, bişmiş yumurtanın saxlama müddəti onun qabığının tamlığından və temperatur şəraitindən birbaşa asılıdır.

Mənbənin məlumatına görə, bərk bişmiş yumurta otaq temperaturunda (20-22 dərəcə) cəmi 2 saatdan artıq saxlanılmamalıdır. Temperatur daha yüksək olarsa, bu müddət 1 saata qədər azalır. Soyuducuda isə qabığı soyulmamış bişmiş yumurtalar 7 günə qədər təravətini qoruya bilir. Əgər yumurtanın qabığı soyulubsa, o, mütləq hava keçirməyən qabda saxlanmalı və maksimum 24 saat ərzində istehlak edilməlidir.

Ekspertlər yumurtanın xarab olduğunu göstərən 4 əsas əlaməti xüsusi vurğulayırlar:

  • Kəskin qoxu: Qabıq soyularkən gələn kükürd və ya çürümüş qoxu məhsulun dərhal atılmalı olduğunu göstərir.

  • Qabığın vəziyyəti: Qabıq üzərindəki yapışqanlıq və ya qeyri-təbii parıltı bakteriyaların çoxaldığının göstəricisidir.

  • Rəng dəyişikliyi: Yumurtanın ağ hissəsinin bozumtul və ya çəhrayı rəngə çalması təhlükə siqnalıdır (sarısının ətrafındakı yaşıl halqa isə yalnız çox bişmənin nəticəsidir və təhlükəli deyil).

  • Tekstura: Yumurtanın ağ hissəsinin həddindən artıq yumşalması və ya selikli olması onun xarab olduğunu təsdiqləyir.

Qeyd edək ki, bişmiş yumurtaların dondurulması da tövsiyə edilmir, çünki bu zaman məhsulun dadı və strukturu tamamilə pozulur. Mütəxəssislər qida təhlükəsizliyini təmin etmək üçün yumurtaların yalnız bişirildiyi gün və ya növbəti bir neçə gün ərzində istehlakını ən doğru addım hesab edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.