BMT Azərbaycanda sığınacaq istəyən şəxslərə status verilməsini dayandırdı

Himayə sənədi verməyəcək
01 İyul 2020 - 18:32

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi (BMT QAK) arasında razılaşmalara uyğun olaraq, təşkilat 1 iyul 2020-ci il tarixdən etibarən Azərbaycanda beynəlxalq himayə üçün müraciət edən şəxslər barəsində qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun həyata keçirilməsini dayandırdığını elan edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyindən bildirilib ki, buna görə də, 1 iyul 2020-ci il tarixdən başlayaraq sığınacaq üçün müraciət edən şəxslərin vəsatətlərinə yalnız Dövlət Miqrasiya Xidməti və milli məhkəmələr tərəfindən baxılacaq, BMT QAK tərəfindən isə artıq baxılmayacaq. Analoji olaraq, BMT QAK 1 iyul 2020-ci il tarixdən etibarən sığınacaq üçün müraciət edən şəxslərə himayə sənədi verməyəcək. Bu dəyişikliklər qeyd olunan tarixədək sığınacaq üçün müraciət etmiş sığınacaq axtaranlara BMT QAK tərəfindən aparılan qeydiyyat və ya sənədləşdirmə baxımından mənfi təsir göstərməyəcək. BMT QAK sərəncamında olan maliyyə resursları çərçivəsində aidiyyətində olan şəxslərin himayəsi və onlara yardımı sahəsində müntəzəm fəaliyyətlərini davam etdirəcək.

Ötən illər ərzində məhsuldar əməkdaşlıq, texniki dəstək və potensialın artırılması fəaliyyətləri nəticəsində milli sığınacaq prosedurlarında beynəlxalq standartlara uyğun bir sıra pozitiv irəliləyişlər əldə olunmuşdur ki, bu da qaçqınların himayə olunmasında və onlar üçün davamlı həll yollarının təmin edilməsində hökumətin mühüm rolunu bir daha vurğulayır. Bununla belə, Azərbaycanın sığınacaq sisteminin beynəlxalq standartlara uyğun hala gətirilməsi hələ başa çatmayıb. Belə ki, münaqişə və təqib səbəbindən ölkələrini tərk edənlər uçun bu ölkədə adekvat himayə şəraitini təmin etmək üçün Azərbaycanın dövlət orqanları tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyac var.

BMT QAK yuxarıda qeyd edilən sahələrdə Azərbaycan hökuməti ilə mövcud əməkdaşlığı daha da gücləndirməyə hazırdır və bu təşkilatın mandatının şamil olunduğu şəxslərin problemlərinin həlli sahəsində dəstəyini davam etdirəcək.