Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə danışdı –"Münaqişə yalnız Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır" (YENİLƏNİB)

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

Prezident İlham Əliyev dünən Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb.

Azərbaycan Prezidenti söhbət zamanı bildirib ki, o, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd edib.

Dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Prezident İlham Əliyev deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası müzakirə edilib və dövlət başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edib.

Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

**

BMT-nin Baş katibi Antoniu Quttereş Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

Azpost.info bildirir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik keçirdiyi brifinqdə bəyan edib. Baş katib və Prezident İlham Əliyev Dağlıq Qarabağda son vəziyyət barədə müzakirə aparılıblar.

BMT Baş katibi atəşəkəsi bərpa etməyə və ATƏT müşahidəçilərini münaqişə bölgəsinə göndərməyə çağırıb. “Baş katib elə indicə Azərbaycan prezidenti ilə danışdı. Baş katib atəşi dayandırmağı və Minsk Qrupunun egidası altında danışıqları bərpa etməyə çağırıb. O, həmçinin dərhal ATƏT müşahidəçilərinin regiona göndərilməsini istəyib”-deyə Dyucarrik vurğulayıb.

A.Quttereş həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyana zəng vurub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbi vəziyyətlə bağlı Azərbaycanın 21 şəhər-rayonunda komendant saatı başlayıb

Sonrakı məqalə

Ermənistanda 18-55 yaşlı kişilərə ölkəni tərk etmək qadağan olundu