Boyun masajı ilə bağlı təhlükə –Səhv hərəkət insult riski yarada bilər

Boyun nahiyəsinə güclü təzyiq göstərilməsi və başın kəskin şəkildə çevrilməsi sağlamlıq üçün ciddi risk yarada bilər. Nevroloq Olqa Butenkonun sözlərinə görə, xüsusilə tibbi göstəriş olmadan və təcrübəsi təsdiqlənməmiş mütəxəssislərə müraciət edənlər ehtiyatlı olmalıdır.

Həkim “Lenta.ru”ya bildirib ki, əsas təhlükə boyun fəqərələrinə aqressiv müdaxilə zamanı yaranır. Güclü basqı, başın kəskin çevrilməsi, eləcə də boyunda perkussiya tipli masaj aparatlarından intensiv istifadə arzuolunmaz nəticələrə səbəb ola bilər.

Boyun nahiyəsində hansı təhlükə var?

Boyun fəqərələrinin yaxınlığından beyinə qan aparan yuxu və onurğa arteriyaları keçir. Sərt və düzgün olmayan mexaniki təsir damar divarının zədələnməsinə və parçalanmasına səbəb ola bilər.

Belə halda damar daxilində hematoma və tromb yarana bilər. Tromb qoparaq beyində qan axınının qarşısını aldıqda işemik insult baş verə bilər.

Mütəxəssis xüsusilə boyun fəqərələrini özbaşına “yerinə salmağa” çalışmağın təhlükəli olduğunu vurğulayıb.

Masajdan sonra ağrı yaranarsa…

Həkim prosedurdan sonra əvvəlkindən fərqli və güclü boyun və ya baş ağrısı yaranarsa, bunu adi masaj ağrısı kimi qəbul etməməyi və nevroloqa müraciət etməyi tövsiyə edir.

Bununla belə, mütəxəssis adi, yumşaq və düzgün icra edilən masajın belə risk daşımadığını qeyd edib. Əsas məsələ prosedurun düzgün texnika ilə və uyğun mütəxəssis tərəfindən aparılmasıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.