BP Azərbaycanla neftin aşağı qiymət ssenarilərində lazımi addımları müzakirə edir

28 Aprel 2020 - 09:50

BP şirkəti Azərbaycan hökuməti ilə neftin aşağı qiyməti ilə bağlı müxtəlif ssenarilərdə rentabelliyin qorunması mümkünlüyünü müzakirə edir.

Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Biz müxtəlif istiqamətlər üzrə, ilk növbədə, neft-qaz hasilatı və qazma sahəsində xərclər portfelimizə ciddi şəkildə nəzər yetiririk. Azərbaycan hökuməti və SOCAR şirkəti ilə neftin mümkün ola bilən aşağı qiymət ssenarilərində rentabelliyin qorunması üçün lazımi addımları müzakirə edirik”, – deyə Aslanbəyli ARB telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, BP üçün Azərbaycanda əsas prioritet “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Şahdəniz” yatağının işlənməsi layihələridir.

“İllik iş proqramı çərçivəsində AÇG blokunda neft hasilatının qorunması üzrə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi bizim əsas prioritetimizdir. Bu layihə Azərbaycanın enerji layihələrinin tacıdır və dövlətin gəlirlərinə bilavasitə təsir edir. Bu, hasilatın artmasına səbəb olan böyük investisiyaların yatırıldığı “Şahdəniz” layihəsinə də aiddir. Qalan layihələrimizlə bağlı məsələ onların dərhal və ya daha sonra reallaşdırılmasına başlamaqdan ibarətdir. Biz SOCAR ilə bununla bağlı məsləhətləşmələr aparırıq”, – deyə vitse-prezident qeyd edib.

O, həmçinin deyib ki, BP SOCAR ilə birlikdə Türkiyədə “Merkuri” neft-kimya kompleksinin tikintisi layihəsi üzrə yekun investisiya qərarının 2021-ci ilin birinci rübünə qədər təxirə salınması barədə qərar qəbul edib. “Bu layihə 2021-ci ilin birinci rübünə qədər təxirə salınıb. Gələn ilin birinci rübündə biz bu layihənin rentabelliyi və investisiya qoyuluşunun məqsədəuyğunluğu məsələlərini nəzərdən keçirəcəyik”, – deyə B.Aslanbəyli bildirib. (İnterfaks)