Böyük Britaniya son illərdə miqrasiya ilə bağlı ciddi problemlərlə üz-üzə qalıb. Ölkənin Müdafiə Nazirliyinin rəhbəri Con Hili verdiyi açıqlamada Britaniya sərhədlərinə nəzarətin zəiflədiyini rəsmi şəkildə etiraf edib.
AzPost xəbər verir ki, Sky News-a müsahibə verən nazir son beş ildə sərhədlərdə nəzarətin itirildiyini bildirib. O, əvvəlki hökumətin sığınacaq sistemini xaos içində qoyduğunu və bunun nəticəsində rekord sayda miqrantın ölkəyə daxil olduğunu deyib.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) son məlumatına əsasən, 2024-cü ildə ölkəyə gedənlərdən 431 min nəfər çox miqrant gəlib. Bu rəqəm ötən illərlə müqayisədə yüksək olsa da, 2023-cü ildə bu fərq daha böyük olub – həmin il ərzində 860 min nəfər miqrasiya qeydə alınıb. 2023-cü ilin iyununda bitən dövr üçün isə rekord göstərici 906 min nəfər təşkil edib.
Məsələ ilə bağlı ölkənin Baş naziri Keir Starmer də açıqlama verib. O, Britaniyaya gələn miqrantların daimi yaşamaq hüququ əldə etmələrinin mümkün olacağını, lakin bunun üçün müəyyən şərtlərin yerinə yetirilməli olduğunu vurğulayıb. Baş nazir qeyd edib ki, miqrantlar məcburi şəkildə ingilis dilini öyrənməli və ölkə cəmiyyətinə inteqrasiya qaydalarına riayət etməlidirlər.
Hazırda Britaniya cəmiyyətində bu məsələ geniş müzakirə olunur. Bir çox yerli sakinlər sərhəd təhlükəsizliyi və miqrasiya siyasətinin yenidən nəzərdən keçirilməsinin vacib olduğunu bildirirlər.