Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi “BP” elan edir ki, Şəfəq-Asiman üzrə kəşfiyyat qazma layihəsinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.
Azpost.info bildirir ki, bu barədə BP-nin yaydığı məlumatda deyilir.
BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir. Görüş aşağıdakı ünvanda və tarixdə keçiriləcək:
“HOLIDAY INN” mehmanxanası (Kövkəb Səfərəliyeva
küçəsi 5, Bakı, Azərbaycan, AZ 1010), “Moskva” zalı,
11 sentyabr 2019-cu il
10:00 – 12:00
Görüşdə sənəd haqqında təqdimatlar olacaq və auditoriyanın sualları və şərhləri ətrafında müzakirə keçiriləcək.
Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında Şəfəq-Asiman Kontrakt sahəsində potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) imzalanıb. Qiymətləndirmə həmçinin sazişlərin, qanunvericiliyin, standartların və rəhbər prinsiplərin Layihəyə necə şamil olduğunu nəzərdən keçirib. Şəfəq-Asiman Kontrakt sahəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü üzrə müfəssəl hüquqi rejim HPBS-də müəyyənləşdirilib.
Hazırda Şəfəq-Asiman Kontrakt sahəsində suyun təxminən 624 metr dərinliyində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Qazma işlərinin 2019-cu ilin dördüncü rübündə başlayacağı gözlənilir.
Şəfəq-Asiman Kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə suyun dərinliyi təxminən 600-800 metr olan ərazidə yerləşir. Məhsuldar layın dərinliyi təxminən 7000 metr təşkil edir.
1995-ci və 1999-cu illərdə Şəfəq-Asiman Kontrakt sahəsində 2-ölçülü (2D) seysmik tədqiqat və onun ardınca isə 2012-ci ildə 3-ölçülü (3D) seysmik tədqiqat həyata keçirilib. Kəşfiyyat quyusunun dəqiq qazılma yeri ilə bağlı qərarın verilməsində seysmik tədqiqatın və sonrakı geoloji təhlükələr və batimetriya üzrə tədqiqatın nəticələrindən istifadə edilib. Şəfəq-Asiman Kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətində təxminən 125km məsafədə uzanır və nəzərdə tutulan SAX01 quyusunun sahəsində suyun dərinliyi 624m-dir.
Qazıldıqdan sonra gözlənilir ki, quyu konservasiya ediləcək və 1-3 illik fasilədən sonra (quyu sınağı üçün qazma qurğusunun mövcudluğundan asılı olaraq) quyuda sınaq aparılacaq. Hazırkı mərhələdə quyu sınağı ilə bağlı işlər kifayət qədər müəyyən edilməyib və ona görə də, həmin işlər Layihənin Əsas Variantına daxil edilməyib və quyu sınağının həyata keçirilməli olacağı təsdiqlənərsə sonrakı tarixlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) təqdim ediləcək.
Layihə həmçinin ətraf mühitə dair bir sıra beynəlxalq və regional konvensiyaları nəzərə alıb və HPBSin müddəalarına uyğun olduğu təqdirdə və beynəlxalq neft sənayesinin standartlarına və təcrübələrinə zidd olmadıqda və ya digər qaydada müvafiq olduqda, qüvvədə olan milli qanunvericiliyin tələblərinə riayət etmək öhdəliyi götürülür. Layihə həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən təsdiqlənmiş ƏMSSTQ çərçivəsindəki ekoloji və sosial standartların əsas prinsiplərinə də riayət edəcək. HPBS-də həmçinin Layihənin riayət edəcəyi beynəlxalq neft sənayesi standartları və təcrübələri də qeyd edilib.