Bu çimərlikdə musiqiyə qulaq asmağa görə 36 min avro cərimə yazılır

Portuqaliya çimərlikləri turistləri o qədər cəlb edir ki, hakimiyyət ciddi qadağalara əl atmağa məcbur olur. Burada təbiət və istirahət edənlərin sakitliyi xüsusilə qorunur. Bunun üçün pozuntulara görə yüksək cərimələr tətbiq edilir.

Azpost.info bildirir ki, bu barədə “Schengen Visa Info” portalı yazır.

Portuqaliya çimərliklərində bəzi davranış qaydaları ilə çətin razılaşa bilərsiniz. Lakin qanunları bilməmək sizi məsuliyyətdən azad etmir.

Çimərlikdə dincəlmək çox vaxt dostlarla və şən, uca səsli musiqi ilə müşaiyət olunur. Ancaq Portuqaliya sahillərinə portativ dinamikləri götürməyi planlaşdırırsınızsa, bunu unudun. Əks halda, böyük miqdarda cərimələnə bilərsiniz.

Çimərliklərdə səs-küylü musiqiyə qadağa qoyulub. Tez-tez başqalarının istirahətinə müdaxilə edən səs-küylü turistlər bu qərarın qəbuluna səbəb olub. Portuqaliya dəniz polisi xəbərdarlıq edir ki, onlar sahilə dinamiklər gətirənləri və müsiqiyə yüksək səs verənləri cəzalandıracaqlar.

Portuqaliyada çimərlikdə həddindən artıq səs-küyə görə 200 avrodan 36 min avroya qədər cərimə yazıla bilər.

Həmçinin, Portuqaliya çimərliklərində heç bir yerdə top oyunlarına icazə verilmir. Digər istirahət edənləri narahat etməmək üçün yalnız xüsusi ayrılmış yerlərdə aktiv əylənmək olar.

Ocaq qalamaq barədə düşünməyin – bu qəti qadağandır. Portuqallar təbiəti və insan həyatını yanğınlardan qoruyurlar.

Həmçinin Portuqaliyada insanların üzdüyü yerlərdə balıq tutmaq olmaz. Molyuskları yalnız xüsusi yerlərdə toplaya bilərsiniz.

Portuqaliya çimərliklərində təyyarələrin 300 metrdən aşağı hündürlükdə uçuşu da qadağandır. Yeganə istisna kimi xilasetmə əməliyyatları aparan təyyarələrə icazə verilib.

Sahilin təmizliyinə xüsusi diqqət yetirildiyi üçün çimərliklərə zibil atmaq olmaz. Siz ev heyvanlarla dəniz kənarında istirahət edə bilərsiniz. Bunun üçün çimərliklərin müəyyən ərazilərində yer ayrılıb.

Bu qaydaları bilmək sizə gözlənilməz xərclərdən qaçmağa kömək edəcək.

Əvvəlki məqalə

“90 yaşına qədər filmlərə çəkiləcəyəm” –

Sonrakı məqalə

Almaniyada karuseli nasist svastikasına oxşatdılar, qalmaqal düşdü –