Bu gecə İlon Maskın kosmik gəmisi Azərbaycan üzərindən keçəcək

20 Aprel 2020 - 20:29

“Qanun” nəşriyyatının direktoru, yazıçı, tərcüməçi Şahbaz Xuduoğlu özünün feysbuk profilində maraqlı bir məlumat yayıb.

Onun yazdığına görə, bu gecə təqribən 04:30 radələrində İlon Maskın kosmik gəmisi Azərbaycan üzərindən keçəcək. Onu artıq Fransa və Almaniya fəzasında  işıq qatarı kimi görənlər olub. “525-ci qəzet” bununla bağlı Şahbaz bəylə əlaqə saxlayıb, daha geniş bilgi öyrənməyə çalışıb. O dedi ki, İlon Mask keçən ildən etibarən kosmik fəzada sputniklər yerləşdirməyə başlayıb: “Bunda məqsəd 2020-ci ilə kimi fəzada altı min sputnik yerləşdirməkdir. Təxminən indi 120 sputnik var. Dünən o, fəzada qatar formasında sputniklərin düzülüşünü təşkil etmişdi. Sanki səmadan qatar keçirmiş kimi bir görüntü yaradır. Buna “Sputniklərin rəqsi” deyirlər. Bu, dünyanın müxtəlif alimləri tərəfindən qeyri-adi hadisə kimi qələmə verildi. Sonradan bəlli oldu ki, bunlar İlon Maskın sputnikləridir və diqqət cəlb etmək üçün edilib. Gecə bu qatar səmada görünür. Dünən Fransanın və Almaniyanın ərazisində görünüb və hazırda Urala yaxınlaşır. Hesablamalara görə, səhərə yaxın Azərbaycan ərazisindən keçəcək. Əgər səma aydın olarsa, Azərbaycanda da görünmək ehtimalı var. Amma ola bilsin ki, heç görünməsin. Keçid çox qısa müddətdə, təxminən 5-6 dəqiqə ərzində baş verir və sonra başqa bir əraziyə gedir. Hazırda bu qatar orbit ətrafında dövriyə edir.

Bu, İlon Maskın şəxsi təşəbbüsü, şəxsi fəaliyyətidir. Heç bir dövlət layihəsi deyil. Məqsəd isə dünya ölkələrində interneti azad etmək, dünya üzərində daha sürətli internetə nail olmaq və eyni zamanda, tədricən pulsuz interneti əldə etməkdir”.

Şahbaz Xuduoğlu İlon Maskın kitabının “Qanun” nəşriyyatında da çap olunduğunu dedi: “O, dünyanın ən zəngin adamlarından biridir. Bu il o, dünyanın üçüncü ən zəngin adamına kimi yüksəldi. Biz onun kitabını çap eləmişik. O kitabda onun təcrübələri, layihələri, fəaliyyəti haqqında geniş məlumat verilib. Əlbəttə, bu “Dəmir ada” hazırda dünyada kosmik mühəndisliyin simvoludur. Məncə, onun uğurlarının əsas səbəbi düzgün fokuslanmasındadır. O, bilir ki, dünyanın istiqaməti haradır və öz düşüncəsini də oraya istiqamətləndirir. Eyni zamanda, bildiyiniz kimi, o, ilk gəmisini havaya buraxmazdan öncə bir neçə dəfə onun layihəsi uğursuz alınıb. Amma o, buna baxmayaraq, təslim olmayıb, daim öz məqsədinə doğru gedib və nəhayət, dünyada ilk dəfə şəxs olaraq, biznes adamı olaraq öz gəmisini kosmosa uçura bilib. Və onun gəmisində bir kitab var. Bu da Ayzek Azimovun “Mən, Robot” kitabıdır. Biz o kitabı da çap eləmişik. O, insanların gələcəkdə robotlara çevrilməsi və robotların inqilabından bəhs edən bir kitabdır. İlon Mask ilk gəmisinə də uçarkən məhz bu kitabı qoyub”.