“Bu yaşa çatacağım ağlıma gəlməzdi” –Romanı ilə ölkəni silkələmiş Vidadi Babanlı (MÜSAHİBƏ)

Məşhur Azərbaycan yazıçısı Vidadi Babanlı Turan İA-nın “Bizimkilər” layihəsi çərçivəsində müsahibə verib. 

Onun müəllifi olduğu “Vicdan susanda” romanı   müəllifinin adını tək Azərbaycanda deyil, keçmiş SSRİ –də məşhurlaşdırmışdı.

95 yaşlı yazıçı ömür yolundan və ədəbiyyatdan danışıb

 

– Salam! Xoş gördük, Vidadi müəllim! Necəsiniz?

– Əleyküm-salam! Xoş gününüz olsun! Allaha şükür, babatam. Bu yaşda adamın necəliyinə gəlincə, evdən bayıra çıxammıram. Gözümün nuru gedib, sizi alatoran görürəm. Qulağım da ağır eşidir. Deyirlər, qocalığın öz gözəlliyi var, Yaradan hər adama nəsib eləmir. Bir yandan belədir. Amma qocalıq həm də necə deyərlər, çarəsizlikdir. İstədin-istəmədin çox şeydən məhrum eləyir səni. Mən yaşa çatan yazıçı az olub…

– Qılman İlkin, Söhrab Tahir doxsanın kürəyini yerə vurmuşdular…

– Hə, o rəhmətliklər də xeyli yaşadılar. Zarafat deyil bu yaşa çatmaq. Nə vaxtsa ağlıma gəlməzdi.

– Allah ömür versin, inşallah yarım ildən sonra 95 yaşınız tamam olacaq. Məşhur adaşınız Molla Vəli Vidadi 101, Aşıq Ələsgər 105 il yaşayıb. Hər halda kitab-dəftərə düşən məlumat belə deyir.

– Elədir, kitab-dəftərdə belə yazılıb. Rəhmətlik aşıq Ələsgərin nəvəsi evimizə gəlib-gedirdi. Babasının yaşı barədə biz bildiyimizi deyirdi. Nə dərəcədə doğru-dürüstdür, söyləmək çətindir. O vədə sənəd-sünəd məsələsi indiki kimi deyildi axı…

 

Qocalıq yaman şeydir. Baməziliyindən qalmayan qocaların özü demiş, ha yaxanı ələ verməsən də, sənin boynuna minir. Vidadi müəllimin misalında bunu gördüm. Sozalan gözlərinin dərinliyindən belə darıxmaqlığı aydınca oxunurdu. Amma dilimə gətirib o barədə bircə kəlmə demədim. Yaşının bu vədəsində adam çox kövrək olur. Görürsən heç nədən küsür, inciyir. Zarafat deyil, 94 ilin qış-sazağı əl-ayağını üşüdə, qora bişirən yayında yanıb-qovrulasan. Fələyin çarxı dönsün, əzəldən belədir. İllər ötdükcə yan-yörən seyrəlir. Qəhrəmanımızın indi nə bir damın altında qulaq yoldaşı var, nə də yaxın dost, həmdəmi. Hamı köçün sürüb gedib. Yenə nə yaxşı doğmalar – oğul-uşaq, nəvələr, yaxın qohumlar var. Dadına yetişirlər, barı bu yolla ovunur. 

– Heç əlinə alma əsa,

Yetmişində batma yasa,

Hər kim yüz il yaşamasa,

Günah onun özündədir.

Rəhmətlik Osman Sarıvəlli belə deyirdi. Özü 85-dən o yana keçməyən şairlə razılaşırsınız?

-Osman qağa sözünün üstündə durammadı (gülür). Yaxşı adamıydı rəhmətlik. Həyatda xeyirxahlarımdan olub. Neçə yol yıxılanda söykək durub. Tək o yox, bizim üçün o illərdə ağsaqqal saydığımız Süleyman Rüstəm, Rəsul Rza, Mehdi Hüseyn, Əli Vəliyev məni haqsızlıqlardan qorumaq üçün müdafiəmə qalxıblar. Bu həyatda az acı dadmamışam. O rəhmətliklər olmasaydı, bəlkə də indiyə gəlib çıxmazdım…

-Acı demişkən, həyatınız qəribə gətirib. Qışda doğulmusunuz, iki aylığınızda ananızı itirmisiniz, nənələrinizin himayəsində böyümüsünüz. Sonradan haqsızlıqlar, tənələr… Bir  sözlə, elə hey məşəqqət…

-Elədir, bütün ömrüm eniş-yoxuşlarla doludur. Atam Yusif kişi tarixçiydi, müəllim və uzun müddət məktəb direktoru işləmişdi. Mən uşaqlıqdan yazı-pozuya meylliydim, universitetin filologiya fakultəsinə qəbul olmaq istəyirdim. Amma bu atamın ürəyincə deyildi. Onun təşəbbüsü ilə ali təhsil almaq üçün Tiflisə getdim. Dəmir yol mühəndisliyi ixtisasına qəbul oldum. Elə birinci semestrdə gördüm yox, buranı gözüm yemir. İmtahanları güc-bəlayla verdim. Həmin ilin yazında qəzetdən Bakıda universitetə qəbul haqqında elan oxudum. Atama xəbər eləmədən Tiflisdən sənədlərimi götürüb Bakıya göndərdim. Yay tətili vaxtı kəndimizə – evimizə qayıdanda atam salamımı almadı. Dedi ki, başından böyük qələt eləmisən, səndən adam olmayacaq. Siyirmədən zərf çıxardı, sən demə universitetə qəbul olunmağımla bağlı Bakıdan yazıbmışlar. Atamın ürəyi soyumamışdı, bir dənə yaxşı şillə vurdu. Anasız böyüdüyümdən o vaxtacan xətrimə dəyən olmamışdı. Bu pərtliyə baxmayaraq qəbul olunduğum üçün səhərəcən sevindiyimdən yatammadım… Tətilin axır-axırıydı. Avqust ayının 27-28-iydi. Atam bilet alıb gətirdi ki, bala, get oxu, görək hayana çıxırsan. Könülsüzlüyünə səbəb bir vaxtlar şeirlər yazmış böyük əmimin şair kimi meydanda qala bilməməsiydi. Gəldim Bakıya, həvəslə oxumağa başladım. Üçüncü kursda “Azərbaycan gəncləri” qəzetində şeirlərim dərc olundu. Atam bundan xəbər tutub fərəhləndi. Mənə yolladığı məktubda əvvəlcədən ürəyimi oxuya bilmədiyinə görə “bağışla, bala” yazmışdı və xeyir-dua vermişdi.

Söhbətin bu yerində bir anlığa araya sükut çökür. O dillənənəcən mən bəzi şeylərə özlüyümdə cavab axtarıram. Neçə ildir ayağı sındığından ev dustağına dönüb Vidadi müəllim. Öz hücrəsinə – iş otağına çəkilib, guşənişin həyatı yaşayır. Burada yeyir, yatır və işləyir. İşləmək deyəndə ki, rahat yazıb-pozmağından qalıb. Bir yandan gözü əl vermir, o biri yandan oturub-dura bilməməyi. Bu onu çox darıxdırır. Ürəyindən keçənləri qızına və ona qulluq göstərən – çayını-suyunu, dava-dərmanını verən qadına diqtə eləyir. Son zamanlar əsərlər bu minvalla ərsəyə gəlir. Heç olmamaqdansa, bu da bir çıxış yoludur. Amma tıncıxır. Uzun illər alışdığı təki makinasız, eləcə qələm-kağızla qolboyun olmaq hara, kənardan diqtəylə “yazmaq” hara? Vaxtilə ürəyini boşaltdığı kağızdan yazıları makinaya köçürən və ilk oxucusu ömür-gün yoldaşı olub. Xanımı təkcə uşaqlarına yox, onlardan daha çox qayğı-diqqətə ehtiyac duyan yazıçıya analıq eləyib. O bu dünyayla vidalaşandan çox şey Vidadi müəllimin gözündən düşüb. Kişinin yetimliyi belə başlayır, illah da qocalıqda. Bunu həmsöhbətim dillə yox, məchulluğa zillənən gözüylə və içini çəkməsiylə dedi…

Beləcə narahatlığına baxmayaraq, səhhəti özü demiş, Allaha şükür, babatdır. Ürəyi, huşu-başı darda qoymayıb onu. Özündə-sözündədir, yeməyi də pis deyil. 

Son zamanlar “Doğru söz” və Sabaha ismarış” adında romanlar yazıb. Jurnalistlərin həyatından və mənəvi məsələlərdən bəhs edən hələlik axırıncı əsəri “Azərbaycan” jurnalında işıq üzü görüb. İndi qalıb kitab halında çıxmağı. O da inşallah baş tutasıdır. 

 

-Sizin şah əsəriniz  “Vicdan susanda” romanıdır. Həm məşhurluq gətirib, həm də başağrısı. Gərək ki, on ilə yazmısınız….

– Bəli! İki kitabdan ibarət olan bu əsər əvvəlcə jurnalda çıxdı. Və hay-küy qopdu. Məni çox sıxma-boğmaya saldılar. Az qala həbs edəcəydilər. Guya sovet quruluşunun əleyhinə yazmışdım. Məsələ o yerə çatdı ki, kommunist partiyasının üzvlüyündən çıxarılmaq təhlükəsiylə üz-üzə qaldım. Bu o dövrdə çox ciddi cəzaydı. Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov aman-iman bilmədən üstümə düşmüşdü. Əslində haqsızıydı. Kimlərinsə sözüylə məni ittiham edirdi, partiyadan çıxarılmağım üçün ayağını dirəmişdi. Rəhmətlik Əli Vəliyev etirazını bildirdi. Süleyman Rüstəm, Osman Sarıvəlli, Rəsul Rza da tərəfimi tutdular. Mirzə müəllimi inadından döndərməyə çalışdılar ki, yazıçını söz üstündə məşhər ayağına çəkmək və partiyadan çıxarmaq həm ədalətsizlik, həm də yazıçılar təşkilatı üçün ayıb olar. Sədr bir də coşub-daşdı və Rəsul müəllim buna hirslənib iclasdan getdi. Əsəbimdən elə vəziyyətdəydim ki, iynə batırsan qanım çxmazdı. Partiya biletimi atdım Mirzə İbrahimovun üstünə. Düz gedib ayağının altına düşdü. Çaşqın-çaşqın üzümə baxdılar. “Partiya düzlüyü, haqqı müdafiə eləmirsə, bileti heç mənə lazım deyil” sözümdən sonra uğultu qopdu. Axırı mənə bir az güzəştə getdilər. Bütün bu məsələlər barədə “Mənim gizlinlərim” kitabımda söhbət açmışam.

– O kitabın bu səhifəsindən mümkünsə bir az da ətraflı danışın. Bildiyimə görə məşhur romanınızın jurnalda çapı da asan başa gəlməyib…

– Romanın birinci hissəsi yazılan vaxt “Azərbaycan” jurnalında nəsr şöbəsinin müdiri işləyirdim.  Baş redaktor Cəlal Məmmədov idi.  Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuyan Əkrəm Əylisli “Mənim nəğməkar bibim” povestini yazıb oradan bizə yollamışdı. Əsəri oxuyub bəyənib neçə dəfə təqdim eləsəm də, baş redakor hər dəfə bir səbəb göstərib çapa vermirdi. Yayın axırında jurnalın onuncu nömrəsinin planını tutarkən Əkrəmin əsərini bu dəfə kənara qoymamağı xahiş etdim. Cəlal Məmmədov dedi ki, Mirzə İbrahimov Yaltadan göndərdiyi məktubda, qurtarmaq üzrə olduğu təzə povest üçün yer saxlamağı tapşırıb. Dilim dinc durmadı: “Mirzə müəllim əsəri bəlkə heç  yazıb tamamlamadı. Nə qaçhaqaçdı, işi bitirər, bir nömrə sonra çapa gedər. Əkrəm cavandır, tələbədir, hər dəfə nigaran-nigaran zəng edir, məktub yazır və pula daha çox ehtiyac duyur.” Özümdən cavan həmkarıma canıyananlığım baha oturdu mənə.  İşdən çıxarılmağım üçün məqam gözləyən baş redaktorun əlinə bəhanə düşdü. Fürsəti əldən vermədi, Mirzə müəllim istirahətdən qayıdandan sonra mənimlə bağlı xoşagəlməz təəssürat oyatdı onda. Guya mən Mirzə İbrhimovu yazıçı saymıram və ona yazmaq öyrətmək istəyirəm. İnanmışdı yalan-palana. Bunun altını çəkdim. Jurnaldakı vəzifəmdən çıxardıb, “Ədəbiyyat qəzeti”ndə aşağı işə keçirdilər, razılaşmadım.

– Və beləcə nə az, nə çox dörd il işsiz qaldınız. Amma özünüz demişkən, Allah bu dəfə də sizə qapı açdı…

– Həqiqətən də elədir. Ən çətin günlərimdə Allah məni darda qoymayıb. 1967-ci ildə “Vicdan susanda” romanının birinci kitabını yazmışdım, amma Cəlal Məmmədov jurnalda çap etmək istəmirdi. Yazıçılar İttifaqının katibi İmran Qasımova dedim ki, evə çörək almağa pulum yoxdur. O Cəlal Məmmədova zəng vurandan sonar tilsim sındı, əsər işıq üzü gördü. Bir ay keçməmiş Cəlal məqalə verdi ki, belə əsər yazmazlar. Və o bayaq danışdığım partiya sıralarından çıxarılmaq məsələm iclasa qoyuldu. SSRİ-nin baş katibi Brejnevə məktub yazdım, Azərbaycanda yaşaya bilmədiymi, ayrı respublikaya köçməyimə icazə verilməsini dilə gətirdim. Di gəl, ünvanına yetişmədi. Çətin vaxtıydı, 20 qəpiyə belə möhtacıydım. Allah xeyirxah adamlara dayaq dursun. Rəhmətlik akademik Məmməd Cəfər Cəfərovla bir binada yaşayırdıq. Bir gün həyətdə rastlaşdıq. Dedi ki, əsəri yuxarıdan mənə göndəriblər, müsbət rəy yazacağam, bunu ruscaya  tərcümə etdir. Sevindim, amma vəziyyətimin elə vaxtında tərcümə gözümə durdu. Sıxıla-sıxıla bunu ona söylədim. Zəndlə mənə baxdı, əlini çiynimə qoyub, “görüm özüm nə edirəm” dedi. Üstündən bir həftə ötməmiş Ədəbiyyat Fondundan zəng etdilər. Əsəri aparıb sətri  tərcüməyə verdim. Sonra Moskvaya göndərdim. Yarım il keçdi, müsbət reaksiya gəldi və bir müddət sonra kitabım rus dilində çapdan çıxdı. Moskva necə deyərlər, qanımın arasına girdi, orada çap olunmağım burada mənə münasibəti yaxşıya doğru dəyişdi. Sovet vaxtı Heydər Əliyev Azərbaycana birinci katib təyin ediləndə ona yazdığım məktub araşdırıldı və mənə iş verdilər. Rəhmətlikdən həmişə yaxşı münasibət görmüşəm.

– Prezident təqaüdünə layiq bilinməyiniz də bunun ifadəsidir.

-Doğrusu, xəbər mənim üçün gözlənilməz oldu. Demə, Prezident Adminstrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin təqdim etdiyi yazıçıların təqaüd siyahısında adımı görməyən Heydər Əliyev məni xəbər alıb. Və deyib ki, onun da adını əlavə edin. Bunu mənə o zaman Prezidentin katibliyinin rəisi işləmiş Dilarə Seyidzadə danışıb.

– 1970-ci illər sizin yaradıcılığınızda yaxşı iz qoyub. Nəhayət işlər yavaş-yavaş axara düşürdü…

-Haqlısınız. Həmin illərdə “Vicdan susanda” romanım – iki kitab həm ayrı-ayrılıqda, həm də bir yerdə çap olundu. 1979-80-ci illərdəsə Moskvada kitabım iki dəfə daqlbadal yüz min nüsxəylə rus dilində buraxıldı. Bu o zamanıydı ki, heç bizim xalq yazıçılarının, yazımılar ittifaqı rəhbərliyinin əsərləri o boyda say görməmişdi.

– Demək, yaxşıca qonorar aıldınız. Sovet vaxtı xeyli pulla rəftar da indikindən fərqliydi…

– Əlbəttə, hər şey başqaydı onda. İndiki qədər madiyyat əsirləri yoxuydi. Əksəriyyət sadə, təmtəraqsız yaşayırdı…Xirtdəyəcən borc-xərcim varıydı. Qonorar yaxşı yerdə əlimdən tutdu. Bütün borclarımı ödədim.

-Əvvəl də qonoraın dadınıza yetişən vaxtı olub…

– Yəqin Moskvada tələbəlik vaxtı başıma gələni deyirsiniz? Hə, belə bir şey baş verib. Məşhur Peredelkino var – şəhərin kənarında, orada yataqxanada qalırdıq. Dərs ilinin başlamağıyla yağışların başlamağı bir oldu. Əynim yalınıydı, buradan isti paltarsız getmişdim. Moskvanın soyuq yer olduğunu nəzərə almamışdım. Az-maz pulum varıydı, o da xərclənmişdi. Fikir-xəyal içindəydim. Hətta iki gün ac-susuz qaldım. Yeməkxanaya bir aylıq yemək pulunu əvvəlcədən ödəmək lazımıydı, qayda beləydi. Nəbi Xəzri ilə Salam Qədirzadə məndən yuxarı kursda oxuyurdu. Salam Qədirzadə yanıma gəldi və bikefliyimə baxmayaraq sevincək vəziyyətdə məni “təbrik eləyirəm” söylədi. Elə bildim məni dolayır. Dedim, ay Salam, qanımın qara vaxtında niyə belə edirsən? Ciddiləşdi, and-aman elədi ki, jurnalda şeirim çıxıb. Yeməkxanada jurnallar olan stolun üstündə görüb. Məəttəl qaldım, Moskvaya gəldiyim yarım aydır, heç kimi tanımıram, heç yerə də getməmişlməm. Axı bu necə olan işdir? Demə, Moskvadan bir tərcüməçi Bakıya səfərində Yazıçılar İttifaqına gedib və gənclərin şeirlərini seçib. İçində də mənim iki şeirim. Gətirib Moskvada “Smena” jurnalında çap etdirib. Yeməkxanada stolun üstündə jurnalın 9-cu nömrəsində Vidadi Şıxlı imzasıyla gedən şeirlərimi öz gözümlə görəndən sonra üzüm güldü. Nəbi Xəzri də təbrikə qoşuldu. Səhəri gün Nəbiylə getdik redaksiyaya, qonararı aldım. Xeyli puluydu, gərək ki, 310 manatıydı.  Qorki küçəsindəki “Bakı” restoranında Nəbiyə qonaqlıq verəndən sonra özümə ayaqqabı, şalvar aldım və institutun yeməkxanasının aylıq haqqını ödədim.

-Təqribən altmış il əvvəl “Həyat bizi sınayır”ı yazmısınız. Sizcə həyatın sınağından diri, duru çıxa bildiniz?

– Allaha şükür, taleyimdən razıyam. Uzun bir insan ömrünü mərdi-mərdanə, alnıaçıq, üzüağ, gözütox, kimsəyə yamanlıq eləmədən yaşamışam. İstedadım, zəhmətim sayəsində halal şöhrətimi, çörəyimi qazanmışam. “Vicdan susanda” romanım yarım əsrdir sevilə-sevilə oxunur. İndiyəcən bu əsərim on iki dəfə təkrar çap olunub. Zarafat məsələ deyil, hər yazıçının bəxtinə belə şey düşmür. O irəli romanımın internetə yerləşdirilmiş qiraətini dinlədim. Özümü tərif çıxmasın, vallah mükəmməl əsərdir. İnanıram ki, hələ bundan sonra da uzun illər maraqla oxunacaq. Yeri gəlmişkən, Lütfi Zadənin davamçısı professor Rafiq Əliyev var ha, bax o “Vicdan susanda”nı ingilis dilinə tərcümə elətdirib. Gözəl insandır, ədəbiyyat aşiqidir, onunla dostluğumdan qürur duyuram. Əsər var müəllifinin vəzifəsinə-filana görə, əsər də var özü-özünə yol açır. Mənim romanım təki.

Ailə sarıdan da xoşbəxtəm. Xanımım, övladlarım, nəvələrim heç vaxt  başımı aşağı eləməyiblər. Bir sözlə, düşnürəm ki, həyatın sınağından kişi kimi çıxmışam.

Seymur Elsevər

Vidadi Babanlı “Gəlin” (1954), “Tanışlarım və dostlarım” (1961), “Ayazlı gecələr” (1961), “Həyat bizi sınayır” (1964), “Gəlin” (1967), “Vicdan susanda” (I kitab) 1970), “Vicdan susanda” (II kitab) 1976, “Vicdan susanda” (I-II kitab) 1978, “Həyat bizi sınayır” (1979), “Vicdan susanda” (təkrar nəşr) 1982), “Müqəddəs ocaq” (1983), “İnsaf nənə” (1985), “Seçilmiş əsərləri” (1987), “Ömürlük cəza” (I kitab) 1990), “Vicdan susanda” (1990), “Hoydu dəlilərim, hoydu” (1993), “Ana intiqamı” (1994), “Ömürlük cəza” (1998), Kişilik haqqında himn (şeirlər) (2002) “Ömürlük əzab” (I-II kitab) (2003), “Bulanlıq dünya” (2011) və rus yazıçısı Valentin Rasputindən tərcümə etdiyi “Mariyaya pul lazım idi” (1979) və “Sonuncu möhlət” (1988) kitablarının müəllifidir.

Əsərləri dünya xalqlarının dillərinə çevrilib, ölkələr dolaşıb. “Öz evində qonaq” pyesi tamaşaya qoyulub, “Həyat bizi sınayır” romanı əsasında film çəkilib. Şeirləri dövri mətbuatda müntəzəm çap olunub “Kişilik haqqında himn” şeirlər və “Dərd məni dilləndirir” publisistik əsərlər toplusu, “Mənim gizlinlərim” avtobioqrafik romanı, “Ana intiqamı” povesti maraqla qarşılanıb. Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan KTMT-yə müşahidəçi kimi üzv olacaq? –

Sonrakı məqalə

Sumqayıtda zibil qabından tapılan körpənin valideynləri axtarılır