BVF rəqəmləri: Azərbaycanın iqtisadi üstünlüyü sürətli artımda deyil –Qonşularından əsas fərq budur /TƏHLİL

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişaf tempində maraqlı mənzərə ortaya qoyur. Rəsmi statistikaya əsasən, 2020-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistanın adambaşına düşən ÜDM (nominal GDP per capita) göstəriciləri demək olar ki, eyni səviyyədə olsa da, 2025-ci ilə gəldikdə bu üç ölkə arasında ciddi fərq yaranıb.

Lakin bu rəqəmləri qiymətləndirərkən əsas sual budur: Azərbaycan həqiqətənmi regionda geridə qalır, yoxsa fərqli iqtisadi model izləyir?

BVF-nin rəsmi məlumatına görə, 2020-ci ildə adambaşına düşən ÜDM belə olub:

Gürcüstan – 4 301 dollar

Ermənistan – 4 269 dollar

Azərbaycan – 4 230 dollar

Göründüyü kimi, üç ölkə arasında fərq cəmi 70 dollar təşkil edib.

2025-ci il üzrə BVF-nin rəsmi proqnozunda isə vəziyyət dəyişir.

Gürcüstan – 9 692 dollar

Ermənistan – 9 474 dollar

Azərbaycan – 7 411 dollar

Beləliklə, beş il ərzində Gürcüstan və Ermənistan Azərbaycanın önünə keçib.

Bu, ilk baxışdan Azərbaycanın daha zəif inkişaf etdiyini düşündürə bilər. Ancaq iqtisadi proseslərə dərindən baxdıqda mənzərə daha fərqli görünür.

Azərbaycan böyüyüb

Əvvəlcə bir faktı qeyd etmək lazımdır ki, Azərbaycanın göstəricisi də artıb. 2020-ci ildə 4 230 dollar olan adambaşına ÜDM 2025-ci ildə 7 411 dollara yüksəlib. Bu, təxminən 75 faizlik artım deməkdir. Yəni “Azərbaycan iqtisadiyyatı böyüməyib” demək doğru olmaz.

Bəs niyə Ermənistan və Gürcüstan daha sürətlə artdı?

İqtisadçıların əksəriyyəti hesab edir ki, burada əsas rol oynayan amillərdən biri 2022-ci ildən sonra yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Ukrayna müharibəsindən sonra Ermənistan iqtisadiyyatı gözlənilməz üstünlüklər əldə edib.

2022-ci ildən sonra minlərlə Rusiya şirkəti fəaliyyətinin bir hissəsini Ermənistana köçürdü. On minlərlə rusiyalı İrəvana və digər şəhərlərə yerləşdi, bank sektoruna milyardlarla dollar vəsait daxil oldu. İT və xidmət sektoru sürətlə böyüdü, daşınmaz əmlak və istehlak bazarında ciddi canlanma yarandı. Bu proses Ermənistan iqtisadiyyatına qısa müddətdə böyük həcmdə pul axını gətirdi.

Sanksiyalardan sonra Ermənistan Rusiyaya məhsul ixracını kəskin artırdı.

Əslində bu məhsulların əhəmiyyətli hissəsi Avropa, ABŞ, Çin, BƏƏ kimi ölkələrdən gətirilərək Ermənistandan Rusiyaya göndərilirdi. Bunun nəticəsində xarici ticarət dövriyyəsi bir neçə dəfə artdı, logistika və ticarət şirkətləri böyük gəlir əldə etdi.

Rusiyanın tanınmış texnologiya şirkətlərinin və minlərlə proqramçının Ermənistana köçməsi yüksək maaşlı iş yerləri yaratdı, xidmət ixracını artırdı, vergi daxilolmalarını yüksəltdi.

İrəvanda tikinti ÜDM-in artımına ciddi töhfə verdi.

Qeyd edək ki, adambaşına ÜDM hesablanarkən ÜDM əhalinin sayına bölünür. Ermənistanın əhalisi təxminən 3 milyon nəfərdir. İqtisadiyyat böyüdükdə, əhali çox sürətlə artmadığı üçün adambaşına düşən göstərici də daha sürətlə yüksəlir.

Yekun təhlil etsək vəziyyəti belə qiymətləndirmək olar: Ölkəyə minlərlə Rusiya vətəndaşı köçdü, yüzlərlə şirkət fəaliyyətini Ermənistana keçirdi. Üstəlik bank sisteminə böyük həcmdə valyuta daxil oldu, İT sektoru sürətlə inkişaf etdi. Burada əsas məsələ Rusiyaya yönələn təkrar ixrac (reeksport) kəskin artmasıdır.

Nəticədə Ermənistan son illərdə iki rəqəmli iqtisadi artım tempinə nail oldu.

Gürcüstan da oxşar proseslərdən faydalandı. Rusiyadan gələn kapital, turizm gəlirlərinin bərpası, logistika və tranzit imkanlarının genişlənməsi iqtisadi artımı sürətləndirdi.

Azərbaycanın modeli fərqlidir

Azərbaycan iqtisadiyyatı isə tamam başqa əsaslar üzərində qurulub.

Ölkənin əsas gəlir mənbələri nədir?

-neft və qaz ixracı;

-Cənub Qaz Dəhlizi kimi uzunmüddətli enerji layihələri;

-dövlət investisiyaları;

-nəqliyyat-logistika infrastrukturu;

-sənaye və qeyri-neft sektorunun inkişafıdır.

Bu sektorlar böyük həcmli gəlir yaratsa da, əhali sayının (10 milyondan çox) təsiri səbəbindən adambaşına ÜDM göstəricisinin artımı nisbətən daha məhdud görünə bilər. Yəni, iqtisadi artım daha çox uzunmüddətli layihələr və struktur amillər hesabına formalaşır.

Ermənistanın artımı nə dərəcədə davamlıdır?

Bu sual ətrafında müxtəlif fikirlər mövcuddur. Bir çox mötəbər beynəlxalq analitik hesab edir ki, Ermənistanın son illərdə əldə etdiyi yüksək artımın mühüm hissəsi məhz Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi şərait, Rusiyadan gələn kapital axını, sanksiyalar fonunda artan ticarət əməliyyatları ilə bağlıdır. Əgər bu amillər zəifləyərsə, iqtisadi artım tempinin də aşağı düşəcəyi istisna edilmir.

Artıq son dövrdə Ermənistan iqtisadiyyatında artımın əvvəlki illərlə müqayisədə yavaşıdığı müşahidə olunur.

Bu rəqəmlər nəyi göstərir?

BVF-nin məlumatları Azərbaycanın iqtisadiyyatının böyüdüyünü təsdiqləyir. Lakin eyni zamanda göstərir ki, son beş ildə Gürcüstan və Ermənistan adambaşına düşən nominal ÜDM göstəricisi üzrə daha yüksək artım nümayiş etdiriblər. Bununla belə, bu göstəricini ölkələrin ümumi rifahının yeganə ölçüsü kimi qəbul etmək düzgün olmaz. Adambaşına düşən ÜDM məzənnədən, inflyasiyadan, əhalinin sayından və iqtisadiyyatın strukturundan asılı olaraq dəyişir.

BVF-nin rəsmi rəqəmləri göstərir ki, Azərbaycan iqtisadiyyatı 2020-2025-ci illərdə təxminən 75 faiz böyüyüb. Bununla yanaşı, Ermənistan və Gürcüstan eyni dövrdə artım tempinin əsas səbəbi isə yalnız iqtisadi siyasətdə deyil, həm də son illərdə regionda baş verən geosiyasi dəyişikliklərdə, Rusiyadan kapital və biznes axınında, eləcə də hər üç ölkənin fərqli iqtisadi modelə malik olmasında axtarılmalıdır.

Bu səbəbdən mövcud rəqəmlər Azərbaycanın iqtisadi artımının zəif olduğunu deyil, daha çox uzunmüddətli struktur amillərə söykəndiyini, Ermənistan və Gürcüstanda isə son illərin sürətli yüksəlişində xarici və müvəqqəti amillərin əhəmiyyətli rol oynadığını göstərir.

“Analitik” Təhlil Mərkəzi 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.