Cəmiyyət üçün ailənin mənəvi gücü

 Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 3618 boşanma rəsmiləşib, hər 1000 nəfərə 1,5 boşanma düşüb.

Ailə ənənələrin qoruyucusu, onun nəsillərə ötürücüsüdür. İnsan ilk olaraq ailədən sosial həyata addım atır, bunun üçün zəruri keyfiyyətləri əldə edir. Nikah ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik sosial qrup deməkdir.

Sosial sistem olan ailə dövlətdən, elmdən əvvəl meydana gəlib. Hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut cəmiyyət üçün yararlı olan insanlar yetişdirir. Ailəni quran insanları da mövcudluqlarının bütövlüyü birləşdirir.

Ailənin cəmiyyətin və dövlətin tərəqqisində oynadığı rolu mütəfəkkirlər, sosioloqlar da təsdiqləyiblər. Onlar insanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında xalqın milli-mənəvi keyfiyyətlərinin gələcək nəsillərə ötürülməsində ailənin rolunun zəruri olduğunu hesab edirlər.

Bu gün ailələrin stabil olmaması, boşanmaların artması, qlobal miqyasda gedən tendensiyanın təsirinə məruz qalması və aşınması bir sıra səbəblərlə əlaqəlidir.

Araşdırmaçılar bu səbəbləri sistemləşdirərək sosial və iqtisadi faktorlarla izah edirlər. Onların fikrincə burada sosial-psixoloji, eyni zamanda, İKT-nin sürətli inkişafı nəticəsində meydana çıxan problemlər kontekstindən araşdırılmalıdır.

İnsanlar arasında milli-mənəvi dəyərlərdən uzaqlaşma tendensiyası da müşahidə olunur. Tədqiqatçıların fikrincə, dünya miqyasında bu gün 52 faiz ailələrdə valideynlər və yaşlı nəslin nümayəndələrinin böyük əksəriyyəti qismən, 5 faiz isə xalqın adət-ənənəsinə heç əməl etmir, bu ənənələrin nəzərə alınmadığı ailələrin sayı 47 faizdir. Bunun təsiridir ki, artıq məktəblilərin 50 faizdən çoxu adət-ənənəyə sadiqliyi vacib saymır.

Bir çox tədqiqatçılar düşünür ki, informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin sərhəd tanımadan insanların həyatına daxil olması ailənin zəifləməsinə gətirib çıxarır. Aparılmış araşdırmaların nəticəsində bəlli olub ki, ənənəvi dəyərlərə söykənən ailə münasibətlərinə sosial şəbəkələrin daxil olması ailənin daxilində olan münasibətlərə xələl gətirir. Müşahidəçilər bildirirlər ki, ər və arvadın sosial şəbəkədə özünün marağına uyğun insanları tapması fəsadlardan xali olmur. Ailə məkan kimi qalır, amma daxilində olan dəyərlər dağılmağa başlayır. Ailə üzvlərinin hər biri sosial şəbəkələrin subyektinə çevrilir, bununla da, ailənin daxilində olan struktur dağılmağa başlayır. Ailədə olan hər bir insan artıq özünü azad subyekt kimi hiss edir.

Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən çıxdaş edilməsi sonda ailə institunun deformasiyaya uğramasına gətirib çıxarır. Çox təəssüflər olsun ki, eyni proses  qədim xalq adət-ənənələri, milli-mənəvi dəyərləri əsasında formalaşmış Azərbaycanda da müşahidə olunmaqdadır. Bu hallar isə, ilk növbədə, ailələrə təsir göstərir.

Bu gün Azərbaycanda boşananların sayı narahatlıq doğurur.  Ölkədə ailələrin dağılmasının əsas səbəbi təkcə sosial-iqtisadi vəziyyət deyil, eyni zamanda ailələrin milli-dəyərlərdən imtina edərək qlobal trendlərə sürətli transformasiya etməsidir.

Narahatlıq doğuran məsələ erkən nikahların bağlanmasıdır.

Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirləri son illər ictimai diqqət çəkən mövzulardan olub. Bu aspektdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə birgə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparıb.

Aparılan statistik müayinəyə əsasən, 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb.

Dövlət Statistika Komitəsinin saytında yerləşdirilmiş məlumata əsasən, 2007-2017-ci illərdə Azərbaycanda 27.847 qız nikah yaşına çatmadan evləndirilib. Lakin real vəziyyətin rəsmi rəqəmlərdən daha fərqli olduğu düşünülür, çünki əksər erkən evliliklər hər hansı şəkildə qeydiyyata düşmür.

2012-ci ildən etibarən 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır.

Digər bir rəsmi məlumata görə, yalnız 2010-2015-ci illər arasında ölkədə erkən nikahlardan 21 minə yaxın uşaq doğulub.

Ekspertlərin fikrincə, nikahın pozulmasına səbəb olmuş problemlərin araşdırılması nəticəsində məlum olub ki, bəzi gənclər yetərincə araşdırma aparmadan ailə həyatı qurur, qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımdan ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə peşmançılığa düçar olurlar.

Ekspertlər hesab edir ki, erkən yaşda  nikaha daxil olan insanlar arasında bir müddət keçdikdən sonra yaranan problemlər, qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar, ailə zorakılığı, ailədə körpənin doğulmaması nikahın pozulmasında əsas səbəb kimi göstərilir.

Əsas məsələ erkən nikahların yaratdığı fəsadlar barədə  əhali arasında aydın təsəvvürün yaradılmasına nail olmaqdır. Erkən məcburi nikahların qadağan edilməsi vacibdir. Bu qadınlara qarşı zorakılığın bir növü kimi gündəlik bir problemə çevrilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə valideynlər bir çox hallarda öz uşaqlarına biganə yanaşırlar. İnformasiya cəmiyyətində  gənclərimiz dünyagörüşlü, bilikli-bacarıqları olmalıdır: “Vaxtından əvvəl qız uşaqlarını ərə getməyə məcbur etmək olmaz. Qız 18 yaşına çatanda şəxsiyyət kimi yetişir. 15-16 yaşında bir qızı 25-30 yaşlı kişi ilə evləndirmək nə deməkdir? Onların düşüncəsi belə bir-birinə uyğun gəlmir. Ailə çoxtərəfli münasibətlərdir, xüsusilə qadınla-kişi, ərlə-arvad arasında münasibətlər var ki, çox zaman bu, fizioloji, psixoloji uyuşma olmayanda ailədəki ab-hava da pis olur”.

Erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır.

 

Ailə institutunun zəifləməsinə təsir edən amillərdən biri də məişət zorakılığıdır. Çox təəssüf olsun ki, məişət zorakılığının da statistikası artır. Burada həm inzibati, həm də cinayət işləri üzrə qəbul olunan qərarları misal göstərmək olar ki, bu da məsələnin həlli yolu deyildir. Eləcə də müxtəlif zorakılıq halları ilə bağlı məlumatların ailədə qapalı qalmasının özü gələcəkdə müxtəlif problemlərin səbəbi olur.

Məişət zorakılığı özlüyündə təhsildən yayınma, intihar hallarının, erkən nikahların sayının çoxalmasına gətirib çıxarır . Öz doğma övladı üçün aliment ödəməkdən imtina edən valideynin hərəkətləri, ailəsinə fiziki zorakılıqla müşaiyyət olunan təsirləri əlbəttə ki, cəmiyyət üçün problem yaradır. Belə hallardan isə daha çox uşaqlar əziyyət çəkir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyevanın fikrincə, Azərbaycan ailə modeli uzun illərdən bəri qorunub saxlanılaraq, fundamental dəyərlərini itirmədən günümüzə gəlib çatıb. S. Əliyevanın sözlərinə görə, buna baxmayaraq, qloballaşma Azərbaycan ailəsinə də öz təsirini göstərir: “Əgər, əvvəllər Azərbaycanda çoxuşaqlı ailələr daha çox idisə, bu gün 1 yaxud 2 uşaqdan ibarət ailələr daha çoxluq təşkil edir. Azərbaycan ailəsi məhz milli dəyərlərimizin sayəsində həmişə uzun ömürlülüyü və möhkəmliyi ilə seçilib”.

BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsinin müavini Natalia Alhazişvilinin sözlərinə görə, Azərbaycanda işlədiyi illərdə müşahidə edib ki, ölkə, ailələrin və bununla bağlı dəyərlərin və ənənələrin qorunmasına verilən önəmə görə həqiqətən qürur duya bilər.  Amma bu irəliləyişlərə kölgə salan ciddi problemlər də mövcuddur. Ekspertin fikrincə,  uşaq nikahları, məişət zorakılığı, cins əsasında edilən abortlar və bu kimi digər problemlərin bütün maraqlı tərəflərin iştirakı ilə ardıcıl yanaşma vasitəsilə təxirə salınmadan aradan qaldırılması zəruridir. “Ailələrin qorunması və möhkəmləndirilməsi məqsədini daşıyan effektiv dayanıqlı siyasətlər işləyib hazırlamaq və həyata keçirmək üçün, biz, mövcud təhsil və məşğulluq imkanlarının, sosial müdafiə proqramlarının, səhiyyə xidmətlərinə çıxışın ailədaxili münasibətlərə necə təsir göstərdiyinə dair məlumatlara ehtiyac duyuruq”.

Ekspertlər hesab edir ki, ər-arvad arasında yaranan konflikt yalnız nikahın pozulması ilə bitmir. Nəticədə bu prosesin davamı olaraq nikahı pozulmuş valideynlər öz valideynləri, övladları və nəhayət, dövlət qarşısında yeni problemlər yaratmış olurlar. Ailələrdə yaranan konflikt yalnız ailə başçılarının deyil, uşaqların da psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Bu gün dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdəndir. Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında qeyd edib ki, “güclü ailə-güclü dövlətdir”. Məhz güclü və sağlam ailələr dövlətin əsasını təşkil edir. Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və toxunulmazdır.

Hazırda Azərbaycanda 2 milyon 62 min 30 ailə vardır. Hər il orta hesabla ölkədə 80 mindən çox ailə qurulur. Ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Həmin Konsepsiyaya əsasən “Azərbaycan Ailəsi Strategiyası”nın, Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Milli Fəaliyyət Planının, “Uşaq Strategiyası”nın, “Ailə psixoloqu” İnstitutunun hazırlanması nəzərdə tutulur. Bu gün Azərbaycan öz cəmiyyəti üçün layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması üçün çalışır.

2000-ci ildə yeni Ailə Məcəlləsinin qəbul edilməsi, 2006-cı ildə prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması dövlət siyasətində ailə məsələlərinə önəm verilməsinin göstəricisidir. Hal-hazırda ölkədə gender strategiyasını inkişaf etdirmək üçün səmərəli milli mexanizm yaradılıb. Ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olub.

Ailə Məcəlləsində nikah yaşı qızlar üçün 18-ə qaldırılıb və kişilərlə hüquqları bərabərləşdirilib. Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib.

Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehruban Əliyevanın fəaliyyəti xüsusilə ilə seçilir. Birinci xanımın “ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir” ifadəsi problemlərin həlli üçün əsas indikator sayıla bilər.

Azərbaycan ailələrinin yaşayış səviyyəsinin yüksəldilməsi, sosial rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən əsaslı addımlar atılır, qanunvericilik bazası təkmilləşdirilir, maarifləndirmə tədbirləri davam etdirilir.

 

V.ABBAS

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.

 

Əvvəlki məqalə

Tanınmış jurnalist Məzahir Süleymanzadə vəfat edib

Sonrakı məqalə

Mayın 13-də pensiyalar ödəniləcək