Cənub regionunda ekoturizm üzrə layihə müsabiqəsi elan edilib –

ŞƏRTLƏR
01 Noyabr 2021 - 16:37

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan olunur.

Müsabiqənin məqsədi Lənkəran İqtisadi Rayonunda yeni aqrar/eko- turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, regionda fəaliyyət göstərən fermerlərin gəlir mənbələrini şaxələndirilməsi və kənd yerlərində məşğulluq imkanlarının artırılmasına töhvə verməkdir.

Layihə çərçivəsində yaradılmış 10 Turizm Məkanı Konsorsiumunun üzvləri və digər aqrar/eko-turizm xidmət təminatçıları təqdim etdikləri turizm xidmətlərini təkmilləşdirmək və ya genişləndirmək və ya Turizm Məkanları (TM) çərçivəsində yeni turizm fəaliyyətlərinə başlamaq üçün biznes plan təqdim etməyə dəvət olunurlar.

Təqdim olunacaq biznes planların TM-ların ekspert qiymətləndirmələrinin nəticələrinə, təhsil turlarından nümunələrə, TM inkişaf strategiyalarının fəaliyyət planına və bacarıqların artırılması fəaliyyətlərinin məzmununa uyğun olaraq hazırlanması gözlənilir. Təqdim olunan biznes planlarının keyfiyyətini artırmaq üçün AƏF potensial müraciət edənlər üçün məsləhətlər təşkil edəcək və bu mövzuda mütəxəssislərlə əməkdaşlıq edəcəkdir. Müsabiqə müddətində maraqlı qurum və sahibkarlara layihə ekspertləri tərəfindən 1 ay müddətində mentorluq xidməti göstəriləcək.

Uyğunluq kriteriyaları

Lənkəran İqtisadi Rayonunda fəaliyyət göstərən aşağıdakı qurum və sahibkarlar biznes plan təqdim etmək üçün uyğundur:

  • məhsul yetişdirməklə və/və ya heyvandarlıq, quşçuluq, balıq və ya arı yetişdirməklə və/və ya heyvan və bitki məhsullarını emal etməklə məşğul olan kiçik və orta ailə təsərrüfatları;
  • turizmlə bağlı xidmət göstərən kiçik və orta sahibkarlar və fərdi sahibkarlar (məsələn, otellər və pansiyonlar, tur bələdçiləri, yerli restoranlar və s);
  • Aidiyyatı dövlət qurumlarının regional ofisləri və bələdiyyələr (bu halda yerli fermerlər ilə sıx əməkdaşlıq biznes planda öz əksini tapmalıdır).

Prioritet sahələr

Biznes planları aşağıdakı prioritet sahələri əhatə etməlidir:

  • yerli fermerlər və ya kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təqdim olunan qonaq evlərinin genişləndirilməsi və ya qonaqlama xidmətinin keyfiyyətinin yaxşılaşdırılması;
  • yerli təsərrüfatlarda və kiçik və orta müəssisələrdə məhsulların nümayiş etdirilməsi üçün sahələr, təsərrüfatın fəaliyyətini təqdim etmək üçün yollar və hasarlar, piknik masaları, uşaq meydançaları, istehlak materialları (stəkanlar, bağçılıq alətləri və s.) kimi aqrar turizm təsisatlarının yaxşılaşdırılması üçün mal-materialların alınması və ya tikintisi;
  • oturma sahəsini genişləndirmək, əlavə yemək avadanlığı almaq və s. kimi yerli qida xidməti təminatçılarının imkanlarının artırılması;
  • Turizm Məkanları ərazilərinə gedən və məkandaxili nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi;
  • Turizm Məkanları üçün marketinq materiallarının çapı.

Qaliblərin seçilməsi qaydaları

Avrasiya Əməkdaşlıq Fondu, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçiləri, Dövlət Turizm Agentliyi, Konstitusiya Araşdırma Fondunun nümayəndələri və biznesin inkişafı üzrə yerli mütəxəssislərlə məsləhətləşərək uyğunluq tələbləri, biznes plan üçün standart forma və seçim kriteriyaları daxil olmaqla tam bir müraciət paketi hazırlayıb. Seçim meyarlarına aşağıdakılar daxildir:

  • müraciətçinin lazımi miqdarda mükafat fondu (matching fund) əldə etmək imkanı da daxil olmaqla, təklif olunan biznes planının mümkünlüyü;
  • təklif olunan təkmilləşdirmə və ya yeni xidmətin davamlılığı;
  • müraciətçinin birgə maliyyələşdirmə (co-funding) imkanı;
  • təklif olunan təkmilləşdirmə və ya yeni xidmət nəticəsində müraciətçinin gəlirində proqnozlaşdırılan artım.

Qaliblər Avrasiya Əməkdaşlıq Fondu və Konstitusiya Araşdırma Fondunun əməkdaşlarından, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndələrindən və biznesin inkişafı üzrə yerli mütəxəssislərdən ibarət seçim komissiyası tərəfindən müəyyən ediləcək.

Biznes plan üçün ərizə paketinə daxil olan formalar müraciətçilər tərəfindən tam doldurulmalıdır. Qismən təqdim edilmiş ərizə formaları qiymətləndirilmə zamanı nəzərə alınmayacaq.

Büdcə

Biznes planlar üçün layihədən tələb olunan maksimum məbləğ 4000 manatdan çox ola bilməz. Ərizəçi büdcəsində digər mənbələrdən maliyyələşməni göstərməlidir. Belə ki, layihədən tələb olunan məbləğ ümumi büdcənin ən çoxu 50%-ni təşkil edə bilər.

Müraciət qaydaları

Biznes plan müsabiqəsində iştirak ilə maraqlanan qurum və sahibkarlar 30 noyabr 2021-ci il tarixinədək ərizə paketinə daxil olan “Biznes Plan Ərizə Forması” və “Biznes Planın Büdcəsi” formalarını tam dolduraraq [email protected] elektron poçt ünvanına göndərməli və ya Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən regional ofisinə təqdim etməlidirlər.

Əlavə məlumat üçün [email protected] email ünvanına müraciət edə bilərsiniz.