Cavanşir Feyziyev Londonda müsadirə edilmiş pullardan danışdı:"Beynəlxalq Bankla bağlı hadisələr buna kölgə saldı"

“31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi aparılan araşdırmalarla bağlı öz qərarını elan edib. Hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib. Lakin  təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev ailə üzvlərinə məxsus milyonlarla pulun London məhkəməsi tərəfindən müsadirə edilməsi ilə bağlı qərarını modern.az-a şərh edərkən  deyib.

Onun sözlərinə görə, qalan 5 milyon məbləğ vaxtilə Beynəlxalq Bank vasitəsilə köçürülüb: “Bilirsiniz ki, bir neçə il əvvəl Beynəlxalq Bankın fəaliyyətində ciddi qüsurlar aşkarlanmışdı və bununla bağlı Azərbaycanda da kifayət qədər uzun sürən məhkəmə araşdırmaları aparılmış və Bankın İdarə Heyətinin sədri həbs olunmuşdu. Beynəlxalq Bankla bağlı baş vermiş bu xoşagəlməz hadisələr həmin bank vasitəsilə xaricə köçürülmüş bütün vəsaitlərin qanuniliyinə kölgə salır. O cümlədən, ailə üzvlərimin xaricdəki bank hesablarında olan vəsaitlərin də məhz həmin hissəsi Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən London Məhkəməsi hesab edir ki, araşdırmalara ehtiyac var”.

Deputatın sözlərinə görə, ötən il aparılan məhkəmə araşdırması aparılan zaman diqqət əsasən onun ailə üzvləri tərəfindən Böyük Britaniyada sərmayə kimi yatırılmış 10 milyon funt sterlinqin qanuniliyinin yoxlanılmasına yönəlmişdi: “Ona görə də yoxlama məqsədi ilə bizdən vəsaitlərin yalnız həmin hissəsinə aid olan sənədlər tələb olunmuşdu və biz də həmin sənədləri təqdim etmişdik. Buna görə də həmin sənədlərin əhatə etdiyi 10 milyon vəsait sərbəst buraxıldı. O zaman hesablardakı digər vəsaitlərlə bağlı sual qoyulmadığından həmin vəsaitlərə aid sənədlər də soruşulmamışdı və bizim tərəfimizdən də təqdim olunmamışdı. İndi bizim öz təşəbbüsümüzlə qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq. Bu araşdırmalar məhkəmənin daha yuxarı instansiyasında daha peşəkar hakimlər tərəfindən aparılacaq. Həmin vəsaitlərin də necə və harada qazanılması haqqında kifayət qədər təsdiqləyici sənədlərimiz var və əminəm ki, növbəti mərhələdə də məhkəmə araşdırması həmin sənədlərə lazımi qiyməti verəcək”.

Xatırladaq ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Cavanşir Feyziyevin bank hesabında saxlanılan milyonlarla funt-sterlinqi müsadirə edilib. Bildirilib ki, maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi haqqında sərəncam imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Birjalarda neft bahalaşıb

Sonrakı məqalə

Müğənni Afət Fərmanqızının həyat yoldaşı həbs olunub –