Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 28-ci iclasında iştirak edib

02 Dekabr 2021 - 21:54

Dekabrın 2-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, iclasda çıxış edən nazir, ötən il 44 gün davam edən müharibədən sonra bölgədə yaranan münaqişə sonrası reallıqlar fonunda mövcud olan vəziyyət və gələcək perspektivlər barəsində danışıb.

Çıxışda aşağıdakı əsas fikirlər səsləndirilib:

ATƏT-in xarici işlər nazirlərinin 28-ci iclası Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün razılaşdırılmış parametrləri müəyyən edən üçtərəfli Bəyanatının birinci ildönümünə təsadüf edir. Bu Bəyanat, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatla tamamlandı.

30 ilə yaxındır davam edən “Dağlıq Qarabağ münaqişəsi” başa çatıb. Münaqişənin bitməsi ilə Azərbaycan, işğaldan azad edilmiş ərazilərdə fəal şəkildə genişmiqyaslı quruculuq işlərinə başlayıb. İşğalın izləri aradan qaldırılır və normal həyata qayıtmaq istiqamətində addımlar uğurla davam edir.

ATƏT münaqişədən sonrakı reabilitasiya sahəsində öz təcrübəsi və mövcud alətləri ilə bu prosesə töhfə verə bilər.

Münaqişənin sona çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında irəliləmək üçün unikal imkan yaradıb. Azərbaycan buna hazır olduğunu dəfələrlə vurğulayıb və münaqişə başa çatdıqdan dərhal sonra bu xüsusda bir sıra birtərəfli praktiki addımlar atıb. Ermənistan isə hələ ki, buna qarşılıq verməyib.

Ermənistanın üçtərəfli bəyanatlar əsasında üzərinə götürdüyü öhdəlikləri pozmaqda davam etməsi ciddi narahatlıq doğurur. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı yerinə yetirməli və silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır.

Bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında gecikmələrə son qoyulmalıdır. Bu, bütün maraqlı tərəflərə geniş iqtisadi fayda verməklə yanaşı, etimadın möhkəmləndirilməsi və münaqişədən sonrakı normallaşma tədbiridir. Zəngəzur dəhlizinin tezliklə işə salınması bölgədə sülh və əməkdaşlığa xidmət edəcək və bütün bölgə ölkələri üçün misli görünməmiş yeni imkanlar yaradacaqdır.

Ermənistan hələ də bütün minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməyib. Bu, işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı reabilitasiya və yenidənqurma prosesini ləngidir, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına ciddi maneə yaradır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından indiyədək minaların partlaması nəticəsində 180 Azərbaycan vətəndaşı, o cümlədən 71 mülki şəxs, onların arasında jurnalistlər və digər media işçiləri həlak olub və ya ağır yaralanıb. Ermənistana, beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun olaraq bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmək üçün əlavə təzyiq göstərilməlidir.

Ermənistan, həmçinin 1990-cı illərin əvvəllərində baş vermiş silahlı hərbi əməliyyatlar zamanı itkin düşən 4000-ə yaxın azərbaycanlının yerinin müəyyən edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib. Bu, keçmiş münaqişənin yaralarını sağaltmaq üçün vacibdir.

Azərbaycan ərazilərini işğaldan azad edərək, Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq güc yolu ilə yaratdığı qondarma “reallığı” əvəz edən ədalət və asayişi bərpa edir. Bunun nəticəsidir ki, Ermənistan və Azərbaycan arasında təxminən otuz ildən sonra ilk dəfə sülh əldə edilə bilər.

Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilən görüşü irəliyə doğru mühüm addımdır. Üç lider əvvəllər razılaşdırılmış parametrlərin həyata keçirilməsi ilə bağlı ətraflı və əsaslı müzakirələr aparıb, həmçinin münaqişədən sonrakı normallaşma ilə bağlı gələcək addımları müəyyən edib. Bu ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyasının məşvərətçi rolu ilə ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gözləyir ki, bu sazişlər təxirə salınmadan reallaşacaq və Cənubi Qafqazı daha sabit məkana çevirmək məqsədimizə töhfə verəcək.

Hazırkı çox mühüm bir məqamda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə kömək etmək üçün bütün beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac var. Beynəlxalq ictimaiyyət yalan gözləntilərin yaranmasına yol verməməli və bütün səylərini üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinə və regionda etimadın və sabitliyin yaradılması üçün Ermənistan və Azərbaycanla praktiki əlaqələrə töhfə verməlidir.

Dəyişən reallıqları nəzərə alaraq, Azərbaycan tərəfdaş ölkələri regionda inkişaf və əməkdaşlıq üçün yeni perspektivli imkanları dəyərləndirməyə və onlardan istifadə etməyə çağırır.