Çinin müdafiə naziri Don Cün ABŞ-dən olan həmkarı Lloyd Ostinlə görüşəcək.
Görüşün mayın 31-də Sinqapurda işə başlayacaq Şanqri-La Təhlükəsizlik Dialoqu çərçivəsində baş tutacaq. Bu, Çin və ABŞ müdafiə nazirlərinin 2022-ci ilin noyabrından sonra ilk görüşü olmaqla yanaşı, həm də Don Cünün nazir vəzifəsində ABŞ-dən olan həmkarı ilə birinci üzbəüz dialoqu olacaq. Ötən ay iki ölkənin müdafiə nazirlərinin videokonfrans formatında görüşü olub.
Çin ilə ABŞ-nin müdafiə nazirləri arasında dialoqun yaradılması barədə razılıq iki ölkənin dövlət başçılarının ötən noyabrda San-Fransisko şəhərində keçirilmiş görüşündə əldə olunub.
Ekspertlərin proqnozuna görə, nazirlər Tayvan və Cənubi Çin dənizi mövzularını müzakirə edəcəklər.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan boğazında və Tayvan adasının ətrafında ikigünlük irimiqyaslı hərbi təlimlər keçirib. Rəsmi Pekin quru, hərbi hava, hərbi dəniz və raket qoşunlarının cəlb olunduğu “Birgə qılınc-2024A” kod adlı təlimin “Tayvanın müstəqilliyi” separatçı fəaliyyətinə, habelə Çinin daxili işlərinə müdaxilə etmək və təxribat törətmək istəyən xarici qüvvələrə sərt cavab olduğunu bəyan edib.
Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən həssas məqamıdır. Rəsmi Pekin Tayvan mövzusunu Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətt hesab edir. Çin ABŞ-dan Tayvanın “müstəqilliyini” dəstəkləməməyi və adanı silahlandırmamağı tələb edir. Vaşinqton Tayvanı müstəqil dövlət kimi tanımasa da, adaya siyasi dəstək göstərir. ABŞ dövlət katibi Entoni Blinken Tayvandakı separatçı qurumun yeni rəhbəri Lay Çinq-Teni səlahiyyətlərinin icrasına başlaması münasibəti ilə təbrik etməsi bu dəstəyin gösrtəricisidir. 2022-ci ildə isə ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin Çinin etirazına baxmayaraq Tayvana səfər etməsi gərginliyi pik həddə qaldırmışdı.
Vaşinqton bundan başqa, Tayvan adasına davamlı silah tədarük edir ki, bu da rəsmi Pekinin narazılığına səbəb olur.