Çində iflic xəstəsi 10 ildən sonra əlini tərpətdi –Beyin çipi möcüzə yaratdı

Çində mühəndislər və cərrahlar neyrotexnologiya sahəsində mühüm uğura imza atıblar. Şanxayda həyata keçirilən əməliyyat nəticəsində 10 il əvvəl keçirdiyi qəza səbəbindən iflic olan bir xəstə yenidən əlini hərəkət etdirə bilib.

Azpost.info bildirir ki, mütəxəssislərin sözlərinə görə, buna beyin siqnallarını mexaniki hərəkətə çevirən neyrokompüter interfeysi imkan yaradıb.

Məlumata görə, xəstənin bədəninə xüsusi elektron çip implantasiya edilib. Qurğu beynin elektrik aktivliyini fasiləsiz izləyərək neyronlardan gələn siqnalları oxuyur. Süni intellekt alqoritmləri insanın əlinə verdiyi hərəkət əmrlərini müəyyənləşdirir və həmin məlumat robotlaşdırılmış əlcəyə ötürülür. Əlcək isə barmaqları sıxıb-açaraq bu siqnalları hərəkətə çevirir. Bütün proses demək olar ki, gecikməsiz həyata keçirilir.

Mütəxəssislər bildirirlər ki, bu texnologiyada əsas çətinlik avadanlıq deyil, beynin yaratdığı çoxsaylı elektrik siqnalları arasında lazımi əmrlərin dəqiq seçilməsidir.

10 ildən sonra əşyaları tutmağa başladı

Sınaqlar zamanı məlum olub ki, xəstə on il ərzində hərəkətsiz qalan əlindən yenidən istifadə edə bilir və müxtəlif əşyaları tutmaq qabiliyyətini bərpa edib. Əməliyyata qədər onurğa beynində zədələnmiş sinir yolları səbəbindən beynin verdiyi əmrlər əllərə çatmırdı. Yeni sistem isə zədələnmiş hissəni xarici rəqəmsal “körpü” vasitəsilə keçərək siqnalların əzələlərə ötürülməsini təmin edir. Həkimlərin müşahidələrinə əsasən, implantın fəaliyyəti sabitdir və məlumat ötürülməsində hər hansı nasazlıq qeydə alınmayıb.

Risklər də mövcuddur

Ekspertlər bildirirlər ki, bu cür implantların geniş tətbiqi zamanı təhlükəsizlik məsələləri xüsusi diqqət tələb edir. Onların fikrincə, proqram təminatında yaranacaq hər hansı səhv əl və ya digər ətrafların düzgün işləməməsinə səbəb ola bilər. Buna görə də sistemlərin etibarlılığı ciddi şəkildə yoxlanılmalıdır.

Yeni texnologiya tibbdə inqilab yarada bilər

Məlumata görə, dövlət qurumları artıq bu sistemin tətbiqini təsdiqləyiblər və gələcəkdə texnologiyanın daha geniş istifadə olunması planlaşdırılır. Alimlər hesab edirlər ki, insan beyni yüksək uyğunlaşma qabiliyyətinə malikdir və yeni rəqəmsal alətləri mənimsəyə bilir. Bu isə iflic, onurğa beyni zədələri və digər ağır nevroloji problemlərin müalicəsində yeni imkanlar yarada bilər.

Həkimlər bildirirlər ki, implantın quraşdırılmasından əvvəl xəstələr hərtərəfli tibbi müayinədən keçirilir və əməliyyatdan sonra həyati göstəricilər normal həddə qalır. Sistem kalibrləndikdən sonra isə beyin siqnallarını demək olar ki, dərhal dəqiq şəkildə qəbul etməyə başlayır.

Sunay Aydın

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.