Çin dünyanın əlverişsiz bölgələrində xarici layihələrin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib.
Azpost.info xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb.
Çin əsasən Qərbi Asiya, Afrika və Latın Amerikasını təhlükəsizliyə təhdid yaradan bölgələr hesab edir və oradakı şirkətlərini qorumaq üçün özəl hərbi şirkətlərini inkişaf etdirməyi planlaşdırır.
“Pekin Rusiya-Ukrayna, eləcə də İsrail-Fələstin müharibələri səbəbindən Çin şirkətlərinin təhlükəsizliyini özəl mühafizə şirkətləri hesabına təmin etməyi planlaşdırır”, – qəzet qeyd edir.
Nəşr Çinin son vaxtlar özəl mühafizə şirkətlərinin işinə diqqət yetirdiyinə toxunub. Xüsusilə, Çin dövlət şirkətlərinin layihələri təsdiq edilərkən, təhlükəsizlik zəmanətləri indi ayrıca bənd kimi göstərilir.
Məlumata görə, dünyada Çin kapitallı 47 minə yaxın şirkət fəaliyyət göstərir. Bunlar əsasən enerji resursları, infrastruktur və tikinti sahələrini əhatə edir.
Azpost.info