Çinli fiziklər aksion qaranlıq maddənin parametrlərini daraldıblar

Çinli fiziklər aksion qaranlıq maddənin adi maddə ilə mümkün qarşılıqlı təsirinə dair yeni laboratoriya məhdudiyyətləri müəyyən ediblər. Alimlərin bir neçə həftə davam edən eksperiment zamanı statistik cəhətdən əhəmiyyətli siqnallar aşkar etmədiyi bildirilir. AzPost Nature jurnalına istinadla xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu elmi nəşrdə dərc olunub.

Müasir kosmologiyaya görə, Kainatın kütləsinin böyük hissəsi yalnız qravitasiya vasitəsilə özünü göstərən qaranlıq maddədən ibarətdir. Onun əsas namizədlərindən biri isə son dərəcə yüngül hissəciklər — aksionlar və aksionabənzər hissəciklər hesab olunur. Bir sıra nəzəri modellərdə bu hissəciklərin makroskopik strukturlar, o cümlədən aksion sahəsinin kəskin dəyişdiyi “domen divarları” yarada biləcəyi ehtimal edilir.

Alimlərin fikrincə, Yer belə bir strukturdan keçərsə, nüvələrin spinlərinə təsir edən və onların zəif şəkildə fırlanmasına səbəb olan qısamüddətli effekt yaranmalıdır. Məhz bu cür siqnalları Çin Elm və Texnologiya Universitetindən Tszyan Min və Pen Sinxua rəhbərliyində çalışan tədqiqatçılar aşkar etməyə çalışıblar.

Eksperiment üçün hiperpollarlaşdırılmış ksenon-129 nüvələri əsasında fəaliyyət göstərən beş kvant sensorundan ibarət paylanmış şəbəkə yaradılıb. Qurğuların dördü Hefey şəhərində, biri isə təxminən 320 kilometr məsafədə yerləşən Hançjouda quraşdırılıb. Bütün sistem GPS vasitəsilə sinxronlaşdırılıb. Sensorlarda rubidium-87 atom cütlərindən istifadə olunaraq ksenonun optik nasosu və spin vəziyyətindəki dəyişikliklərin qeydiyyatı təmin edilib.

Spin gücləndirilməsi və rəqəmsal səs-küy filtrasiyası sayəsində qurğunun həssaslığı bir neçə mikroradian səviyyəsində spin fırlanmalarını qeydə almağa imkan verib. Müşahidələr 2022-ci il iyulun 20-dən avqustun 31-dək aparılıb və ümumilikdə 739 saatlıq effektiv məlumat toplanıb. Sistem hər saat nəzarət impulsu ilə kalibrlənərək ölçmələrin sabitliyi yoxlanılıb.

Toplanan məlumatların analizi Yer kürəsinin aksion mənşəli topoloji defektlərdən keçdiyinə dair heç bir sübut ortaya qoymayıb. Bu nəticəyə əsasən alimlər aksion qaranlıq maddənin nuklonlarla əlaqəsinə dair indiyədək ən sərt məhdudiyyətləri müəyyən ediblər. Söhbət kütləsi 10 pikoelektronvolt ilə 0,2 mikroelektronvolt aralığında olan hissəciklərdən gedir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr aksion qaranlıq maddə ilə bağlı nəzəri modellərin parametrlərini əhəmiyyətli dərəcədə daraldır və gələcək eksperimentlər üçün mühüm istiqamətlər müəyyənləşdirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.