Cocuq Mərcanlı çox qısa müddətdə yenidən quruldu. Ermənilər tərəfindən dağıdılmış kəndin bərpası Azərbaycan xalqının Qayıdış əzminin rəmzinə çevrildi.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev xarici diplomatlar və hərbi attaşeləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi barədə məlumatlandırarkən söyləyib.
Hikmət Hacıyev deyib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı ətrafında təhlükəsizlik təmin olunmuşdu. Kənd bundan əvvəl Azərbaycanın nəzarətindən olsa da, Lələtəpə yüksəkliyi Ermənistan silahlı qüvvələrinin əlində olduğu üçün burada tikinti-quruculuq işləri aparmaq mümkün deyildi. Hətta diplomatik korpus nümayəndələri 2017-ci ilin fevralında bu kəndə səfər etmiş və tamamilə dağılmış kəndi gözləri ilə görmüşdülər.
“Azərbaycanın işğaldan azad olunmuş digər əraziləri də tamamilə dağıdılıb. Bu gün Cəbrayıl və Zəngilana səfərimiz zamanı həmin dağıntıları yenə də görəcəyik. Lakin gördüyünüz kimi, Cocuq Mərcanlı çox qısa müddətdə, yəni təxminən bir il ərzində yenidən quruldu. Bu, Azərbaycan xalqının Qayıdış əzminin rəmzinə çevrildi. İşğaldan azad olunmuş digər ərazilərimizdə də Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işləri aparılacaq ki, bizim mülki insanlarımız 30 ildən artıqdır həsrətində olduqları doğma torpaqlarına qayıda bilsinlər”, – deyə Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində düşmən atəşinə məruz qalan yaşayış yerlərimizdən biri də Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Ermənistan ordusunun kəndə atdığı raket və mərmilərin dağıtdığı 45 evdə tikinti-bərpa işləri davam edir.