“Cücələrim”i oxuyan qızcığaz, “Ulduz”un “Yetər”i və mühəndis –Suğra Bağırzadənin 76 yaşı tamam olur /FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar artist Suqra Bağırzadənin ad günüdür.
Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakıda anadan olub,
1965-1970-ci illərdə Neft-Kimya İnstitutunun (indiki ADNSU) kimya texnologiyası fakültəsində təhsil alıb, ixtisasca mühəndisdir. Təhsil illərindən sonra bir müddət Elmi-Tədqiqat İnstitutunda çalışıb. Sonralar fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında texniki şöbənin böyük mühəndisi kimi davam edib. Uşaqlıq illərindən həyatını incəsənətə bağlayıb, filmlərdə çəkilib. Güllərlə işləmək həvəsi kimi başlanan xobbisi zaman keçdikcə daha da inkişaf edib. Beləliklə də təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib ki, nəticədə də “Floristika” İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır.
O, 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Şurada Azərbaycanla yanaşı, eyni zamanda türkdilli ölkələrin təmsilçisidir.
200-dən artıq əsəri var. Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zellandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil etmişdir. Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunmuşdur. Azərbaycan dilində ilk dəfə nəşr edilən “Floristika” kitabının müəllifidir.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Bolşoy Teatr”ın səhnəsində maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Cücələrim” mahnısı ifa etməsi və həmin ifanın Artek pioner düşərgəsində buraxılan “Dünyanın ən yaxşı uşaq səsləri” musiqi valına daxil edilməsi, aktrisanın ilk uğuru sayılır.
12 yaşında “Azərbaycanfilm” kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunan S.Bağırzadə, bir neçə il sonra rejissor Zeynəb Kazımovanın “Yollar və küçələrlə” qısametrajlı filmində baş rola çəkilib. 1963-cü ildə isə rejissor Ağarza Quliyevin quruluş verdiyi “Ulduz” filmində Yetər roluna dəvət olunub. Məhz Yetər obrazı aktrisanın kino həyatında böyük rol oynayıb.
S.Bağırzadə Moskvada Böyük Teatrın səhnəsində “Cücələrim” mahnısını oxuyanda operator Yuliy Fogerman bu səhnəni bir arxiv materialı kimi çəkmişdi: “Yuliy Fogermanın yadında elə o vaxtdan qalmışdım. “Ulduz” filmini çəkmək üçün Bakıya dəvət edilən Y.Fogerman filmin rejissoru Ağarza Quliyevdən məni tapmağı xahiş edir. Məni kinostudiyada çəkiliş qruppasına dəvət edib, Yetər obrazını mənə verdilər. Sözün düzü, filmin rejissoru mənim 15 yaşım olduğunu bildiyindən məni bu filmə çəkmək istəmirdi. Amma Yuliy Fogerman mənə bir operator gözü ilə baxmışdı və məni çəkməkdə israrlı idi. Hətta məni sınaq çəkilişlərinə çağıranda demişdi ki, çəkilişə gələrkən hündür daban ayaqqabı geyin, saçına düzən ver ki, böyük qız kimi görünəsən. Elə də etdim və məni bu rola təsdiq etdilər”.
Bu filmdən sonra fərqli janrlarda olan filmlərdə fərqli obrazlar oynayan aktrisa, qeyd etdiyimiz kimi, ixtisasca mühəndisdir. “Azərbaycanfilm” kinostudiyasında texniki şöbənin böyük mühəndisi vəzifəsində işləyir.
Aktrisanın kino həyatında xüsusi yeri olan rollardan biri də 1975-ci ildə Alla Axundovanın ssenarisi əsasında rejissor Arif Babayevin çəkdiyi “Alma almaya bənzər” filmindəki telefonçu qızdır.
Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.
Aktrisa filmdə telefonçu qız roluna dəvət alınca, öncə imtina etmək istəyib: “Eşitdim ki, filmin əsas çəkilişləri Qubada olacaq, çəkilməkdən imtina etdim. Çünki qızım çox balaca idi, həm də kinostudiyada mühəndis işimlə əlaqədar Bakıdan kənara çıxa bilmirdim. Xatırladım ki, 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında mühəndis olaraq çalışıram. Öncə aşkarlama sexində növbə rəisi, daha sonra isə plyonka şöbəsinin müdiri olmuşam. Çox məsuliyyəti iş idi. Çəkilsəydim, burdakı işimi kim görəcəkdi? Ona görə mən filmin yaradıcı heyətinə çəkilə bilməyəcəyimi dedim. Heç gözləmədiyim halda bir gün gəldilər ki, hazırlaş, səni filmə çəkirik. Quba səhnəsini kinostudiyanın pavilyonunda qurmuşdular. Özü də məndən xəbərsiz…”
Sənətə böyük önəm verən, işinə məsuliyyət hissilə yanaşan Suğra Bağırzadə 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə, 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Mənalı ömür yaşayan sevimli aktrisamız Suğra Bağırzadəni dünyaya göz açdığı bu gün münasibətilə təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Əvvəlki məqalə

Trampın “Facebook” və “Instagram” hesabları da bərpa edildi

Sonrakı məqalə

Azərbaycan məscidlərində zəlzələ qurbanları üçün cənazə namazı qılınıb