Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərləri barələrində seçilmiş həbs qətimkan tədbiri uzadılıb.
APA məlumat verir ki, Nəsimi rayon Məhkəməsində prokurorluq tərəfindən verilən təqdimata baxılıb.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə – 2020-ci il martın 15-ə qədər uzadılıb.
Xatırladaq ki, avqustun 16-da Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.
Həmin faktla bağlı cinayət işi başlanıb.
İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həbs edilən Mirhəmid Nərimanlı deputat İqbal Məmmmədovun oğlu, digərləri isə qohumlarıdır.