Tanınmış jurnalist Elşad Paşasoy parlament seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır.
Bu barədə Modern.az-a danışan jurnalist bildirib ki, hələlik rəsmi müraciət etməyib, sadəcə dairədən təşəbbüslər var, müraciətlər ünvanlanır:
“Çoxsaylı müraciətlər, formal da olsa, elan olunmuş təşəbbüs qrupu, dairədəki insanlarımızın şəxsimə dəyər verməsi və 2010-cu ildə qazandığım seçki təcrübəsi prosesə qatılmağım üçün mühüm məsələlərdir. Amma bir sıra vacib məqamlar var ki, onları nəzərdən qaçırmaq olmaz. Odur ki, son qərar üçün hələ tələsmirəm”.
Qeyd edək ki, E.Paşasoyun namizəd olmaq istədiyi 72 saylı Yardımlı-Masallı seçki dairəsindən iki nəfər tanınmış siyasətçi də namizədliyini irəli sürür. Beşinci çağırış Milli Məclisin deputatı Musa Qasımlı və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da bu dairədən deputatlığa iddialıdırlar.
Həmin məqamı da vurğulayan E.Paşasoy rəqabətdən çəkinmədiyini vurğulayıb:
“2010-cu ildə Sabir bəylə eyni dairədən seçkiyə qatılmışıq. Daha doğrusu, seçkiyə qatılmazdan öncə hörmətli Sabir Rüstəmxanlı ilə qərargahında görüşüb, seçkilərə qatılmaq niyyətimi çatdırdım və onun mövqeyini şəxsən öyrənmək istədim. Ancaq Sabir bəy dedi ki, yaşının elə vaxtıdır, daha yaradıcılıqla məşğul olmaq istəyir. Hətta partiyasında da gənclərə yer vermək istədiyini söyləyib mənə seçkilərdə uğurlar dilədi. Sənədlərimi 72 saylı Yardımlı-Masallı Seçki Dairəsinə təqdim etdikdən sonra isə Sabir bəy Yardımlıya gəldi və “sən hələ gəncsən, həyatın qarşıdadır, növbəti seçkilərə qatılarsan, mən sonuncu dəfə parlament seçkilərində iştirak etmək istəyirəm, çünki görmək istədiyim bəzi işlər var” dedi. Mən bu dəfə də onun dediklərini anlayışla qarşıladım və həm də reallıqları nəzərə alıb dedim ki, geri çəkilməkdənsə, prosesdə iştirak edib, seçici fəallığına töhfə verməyim və təcrübə toplamağım daha faydalı olar. Seçkilərin nəticəsi olaraq minlərlə seçicinin səsini qazanmağım mənimçün çox gözəl nəticə oldu. Həm də sağlam rəqabət mühitini təmin etdik. Hətta seçkilərin yekun nəticələri elan olunduqdan sonra Sabir Rüstəmxanlı məmnunluqla dedi ki, sən əxlaqlı mübarizə apardın. Yeri gəlmişkən, o zaman bəzi qüsurlarla bağlı müraciətimizə baxılarkən Apellyasiya Məhkəməsində dedim ki, möhtərəm hakim, mən Azərbaycan dövlətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməyəcəyəm, bunu bir vətəndaş olaraq özümə rəva bilmirəm. Amma yetər ki, yerlərdə hüquqları pozulan seçicilərimin və nümayəndələrimin haqları bərpa olunsun. Hansı ki, hüquqşünaslar təzminat almaq üçün xeyli əsasların olduğunu israrla bildirirdilər, amma mən dövlətimdən şikayətçi olmağı, Avropadan mədət ummağı özümə rəva görmədim”.
Elşad Paşasoy budəfəki seçkilərin tamam başqa atmosferdə keçiriləcəyinə əmin olduğunu da söyləyib:
“Professor Musa Qasımlı ilə də səmimi münasibətlərimiz var və hər iki tanınmış ziyalı ilə rəqabət olduqca maraqlı olardı. Mübarizə, sağlam rəqabət inkişaf üçün önəmli faktordur, yetər ki, kimsə qırmızı xətti keçməsin. Təbii ki, adlarını çəkdiyimiz ziyalılar kifayət qədər səviyyəli, samballı tanınmış insanlardır və onlardan neqativ hərəkət gözləmirəm. Həm Sabir bəy, həm də Musa müəllim kəndimizə qonşu olan Hamarkənd kəndindəndir və bu da maraqlı detaldır. Dövlət başçısının məmurlara xəbərdarlıqları həm də seçkilərə müdaxilə niyyətində olanlara da ciddi mesajdır. Azərbaycanın yeni mərhələyə qədəm qoyduğunu, dövlətimizin adına xələl gətirənləri ağır cəzaların gözlədiyini heç kəs unutmamalıdır”.