Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?

22 Oktyabr 2019 - 11:10

Azərbaycan gələn ay unikal bir tədbirə evsahibliyi edəcək. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 70 illik yubileyi və Dini liderlərin Bakı Sammiti tolerantlıq prinsiplərini prioritet elan etmiş dövlətimizdə bu siyasətin nümayişi üçün bir platformaya çevriləcək.

Dünyanın müxtəlif səmavi dinlərini təmsil edən nufzulu ruhanilərin, ictimai xadimlərin sammitdə iştirakı gözlənilir. Dəvətlər artıq yekunlaşıb. Ölkəmizə dünyanın dörd bir yanından çox böyük sayda nümayəndə heyətləri gəlməyə hazırlaşır.

Böyük və ciddi toplantı dövlətin birbaşa nəzarətindədir və hazırlıq prosesi üçün müxtəlif ranqlı məmurların cəmləşdiyi Təşkliat Komitəsi fəaliyyət göstərir.

Belə bir sammitə ölkə rəhbərliyinin diqqəti səbəbsiz deyil. Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş Azərbaycan neçə illərdir ki, regionun siyasi və nəqliyyat mərkəzi kimi çıxış edir. Belə mərkəzin formalaşması üçünsə cəmiyyətdə sabitlik və etimad mühiti zəruri amildir.  Böyük miqyaslı iqtisadi layihələrin iştirakçısı və icraçısı olan ölkəmiz Şərqdən Qərbə bir qapı olmaqla müxtəlif mədəniyyətlərə malik böyük coğrafi məkanı briləşdirən bir bağa çevrilib.

Bu sırada bir bağ xüsusi çəkisi ilə seçilir. Bu, minillərdən keçərək günümüzə gələn dini müstəvidir. Çoxkonfessiyalı  Azərbaycanda dünya dinlərinin  əməkdaşlığı neçə illərdir ki, xoş təəccüb yaradır.

Belə əməkdaşlığa aparan yol isə heç də hamar olmayıb.

Həssas bölgədə yerləşən Azərbaycan 3 səmavi dinin ardıcılarının yaşadığı bir məmləkətdir. Burada əsrlər boyu müxtəlif xalqlar dinc yanaşı yaşayıblar. Ölkəmizin siyasi tarixində dini inanc baxımından kütləvi qətllərlə bağlı utanc gətirən səhifələr yoxdur. Birgəyaşayışın qədim ənənələrinə söykənən Azərbaycan  dini harmoniyanın mərkəzi kimi özünü təsdiqləyə bilib.

Məlum olduğu kimi tolerantlıq və vətəndaş həmrəyliyi  ideyası ölkənin təhlükəsizliyini təmin edən zəruri faktorlardandır.  Geopoltik güclərin öz planlarını həyata keçirmək üçün “baqajı”larında saxladığı  dini təfriqə və nifrət təbliği bugünkü dünyanın acı reallığına çevrilib. Bu güclər öz maraqlarını qondarma “ilahi ədalət” şüarı ilə pərdələyərək, terroru əlində qorxu silahına və bəşəriyyətin  faciəsinə çeviriblər.

SSRİ dağıldıqdan sonrakı illərdə MDB məkanında rəvac götürən dini zəmində münaqişə cəhdləri Azərbaycanda alovlana bilmədi. Burada Qafqaz Müsəlmanları İdarəsinin xüsusi fəaliyyətinin böyük rolu oldu.  Şeyxulislam Allahşükür Paşazadənin qoruyub saxlaya bildiyi QMİ 90-ların qarmaqarışıq proseslərində Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və vahidliyi üçün öz danılmaz izini qoya bildi.

QMİ sədri ölkədə səmavi dinlərin və müxtəlif islami məzhəblərin mehriban birliyinin təmin olunmasında çox mühüm rol oynayıb.  Azərbaycanı “təcrübə düşərgəsinə” çevirmək cəhdlərinə 90-cı illərin əvvəlindən start verilmişdi. Dövlətin müstəqlliyini  sarsıtmağa, təməl sistemini laxlatmağa yönəlmiş bu cəhdlərə qarşı sədd olmaq, dini cameəni birləşdirmək missiyasını QMİ öz üzərinə götürməklə bir çox xain planların qarşısını ala bildi.

Azərbaycanda dinlə bağlı yürüdülən siyasətdə  konfessiyalararası münasibətlər, dinlərarası dialoq, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir.

Dövlətimizin dünyaya təqdim etdiyi multikulturalizm modeli xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən sistemdir. Müxtəlif inanc və mədəni ənənə daşıyıcısı olan insanları birləşdirən bu sistemin effektliyi artıq dünya tərəfindən etiraf olunur.

Aparılan məqsədyönlü işlərin nəticəsinə görə, demək olar ki, Azərbaycan Qafqazda dini əməkdaşlıq mərkəzi kimi çıxış edə bilir.

Prezident İlham Əliyevin yürütdüyü bu tolerantlıq siyasəti region və dünyada belə tərəfdaşlığın möhkəm fundamentini yaratmaqla regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verir. Bu baxımdan Azərbaycanın neçə illərdir ki, apardığı “Bakı prosesi” bu siyasətin təbliği üçün uğurlu platformadır.
Bu gün Azərbaycanda dövlət və din münasibətləri qarşılıqlı etimada söykənir. Çoxkonfessiyalı  kəsim cəmiyyətin bütövlüyü və harmoniyası ilə uzlaşaraq, dövlətin yürütdüyü siyasətin fəal dəstəkçiləri kimi çıxış edir.

Bakı üçün bu prosesin idarə olunması, öz prinsiplərinin bölgədə və dünyada yürüdülməsi üçün Qafqaz Müsəlmanları İdarəsi mühüm müstəvidir. Bu baxımdan dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti geniş və çoxcəhətlidir. Dövlətimizin dini tolerantlıq mədəniyyətinin inkişafında QMİ  tarixən özünəməxsus rol oynayıb və dini konfessiyalar arasında dözümlülüyün təbliğ edilməsində fəaliyyət göstərib.

Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin bu məsələdə tutduğu mövqe çox mühüm əhəmiyyət daşıyır.  QMİ sədrinin əməkdaşlıq prosesinin avanqardı kimi çıxış etməsi unikal faktlardan biridir. Bununla QMİ sədri dünya üçün çox nadir olan  dövlət və dinin problemsiz əməkdaşlığının mümkünlüyünü çatdıra bilir.

Belə nümunə müsəlman cəmiyyətinin başağrısına çevrilmiş məzhəblərarası münasibətlərin müsbət ənənəsini yarada bilib. Məscidlərdə vəhdət namazının qılınması, bütün məzhəb nümayəndələri ilə balanslı münasibətlərin formatı vacib məqamlardan sayıla bilər.

Odur ki, Azərbaycanın yürütdüyü tolerantlıq siyasətinin beynəlxalq platformaya daşınması və təbliği, hesabatlılığı həm də ölkənin imici üçün, yaxşı cavabdır. QMİ-nin 2018-ci ildə İspaniyada, Almaniyada, Avstriyada təşkil etdiyi beynəlxalq konfranslar bu siyasətin təqdimatı üçün yaxşı imkan verdi. Bu konfranslar Azərbaycan Prezidentinin yürütdüyü siyasətin əsas prinsiplərinin nüfuzlu ruhani liderlərə çatdırılmasında mühüm əhəmiyyət daşıyır. Həmin beynəlxalq toplantılarda Bakının əldə etdiyi uğurlar etiraf olunmaqla yanaşı, bu model dini və etnik qarşıdurmalardan əziyyət çəkən ölkələr üçün “sülh resepti” qiymətini  aldı. Keçirilən belə tədbirlərdə iştirak edən dünyanın nüfuzlu ruhaniləri və ictimai xadimləri Bakının elan etdiyi multikulturalizm ideyalarının uğurunun canlı şahidinə çevrilirlər.

Allahşükür Paşazadənin iştirakı ilə ötən il keçirilmiş həmin beynəlxalq konfranslar və orada səslənən çağırışlar islam dünyasında nüfuz qazanmış Azərbaycana göstərilən etimadın təzahürü oldu.

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək dünya dini liderlərin 2-ci Bakı Sammiti bir daha birgəyaşayın və multikultural modelin parlaq nümayişi üçün bir fürsət olacaq.  Bakı sammiti bu baxımdan ölkəmizin dünyaya öz mesajını çatdırmasında yaxşı imkan yarada bilər.

Azərbaycan xarici ölkələrdə tolerantlıq prinsiplərini təbliğ edərkən təkcə özünün ideyalarını deyil, həm də problemlərin siyasi həll yolunu da təklif edir. Bununla da Bakı özünün humanist missiyası ilə    qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanı vacib tərəfdaş kimi təqdim edir.

Bu baxımdan Bakı sammiti Azərbaycanın tolerantlıq siyasətinin zəruri prioritetlərini dünyaya nümayiş etidrmək üçün mühüm platforma sayıla bilər.

Toplantıya qatılacaq  dini liderlərin çıxışları, bəyanatları xalqlar arasında sülhün təbliğinə, ölkəmizin üzləşdiyi işğal faktoruna münasibəti ortaya qoyacaq.  Xüsusən,  Qarabağ münaqişəsini dini faktor kimi rədd edən nufuzlu din xadimlərinin birgə mövqeyi  “əzabkeş xristian” obrazını körükləyən Ermənistan siyasi dairələrini əməlli-başlı kədərləndirəcək.  Sammitdə Qarabağ münaqişəsi ilə bağlı dini liderlərin  sülhə çağırış bəyanatları gözlənilən vacib sənədlərdəndir.

Bundan başqa, dünyanın nüfuzlu din xadimlərinin Bakıya gəlməsi Azərbaycanın yürütdüyü tolerantlıq siyasətinə  dəstəyin nümayişi olacaq. Sammitə gələnlər bu mürəkkəb cografiyada həm yəhudilərin,  həm də digər xalqların,  din nümayəndələrinin necə vəhdətdə olduğunu əyani görmək imkanı əldə edəcək.

Bu isə çoxkonfesiyalı müsəlman ölkəsi olan Azərbyacanın müxtəlif dinlərə mənsub olan dövlətlər arasında yerini möhkəmlədəcək.

Səmavi dinləri təmsil edəcək ruhani liderlərin görüşünə sahiblik etməklə Azərbaycan bir daha dinlərarası əməkdaşlığın mərkəzi kimi çıxış edəcək, buradan bütün bəşəriyyətə səslənəcək sülh və tolerantlıq mesajları dünyanın hər bir güşəsində eşidiləcək.  Sammit eyni zamanda Azərbaycanın dünyanı bürümüş dini zəmində ayrıseçkilik cəhdlərinə və yalançı din şüarlarla  silahlanmış beynəlxalq terrorizmə etirazını ifadə edəcək tribunası olacaq.

Odur ki, Şərqlə Qərb arasında qapı sayılan Azərbaycanda keçiriləcək  “Dünya dini liderlərinin II Bakı sammiti”  ölkəmizi  müxtəlif konfessiyaların vahid mərkəzinə  çevirməklə dünya çapında nufuzunu nümayiş  etdirəcək. (Modern.az)