17 noyabr “Milli Dirçəliş” günüdür. Bu tarix Azərbaycan müstəqilliyinin bərpa edilməsində mühüm əhəmiyyət kəsb edib.
Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 12 noyabr 1988-ci ildə “Kommunist” qəzetinin 263-cü sayında “Topxananın harayı” adlı yazı dərc edildi. Bu yazı Azərbaycanı yerindən oynadan, Meydan hərəkatının başlanmasına səbəb oldu.
Məhz bu yazı ilə sovet Azərbaycanında siyasi aktivlik özünün yüksəliş fazasına qədəm qoydu.
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr – 5 dekabr 1988-ci il) başladı.
Lenin adına meydana toplaşan milyonlarla azərbaycanlı “biz ölərik, Qarabağı vermərik” hayqırırdılar.
Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar.
Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra –noyabrın 19-da burada ilk dəfə1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı qaldırıldı.
Dekabrın 3-də Bakıya yeridilmiş sovet ordusunun hərbi rəhbərliyi mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.
Meydan Hərəkatı Azərbaycanın müstəqilliyi uğrunda başlanan milli-azadlıq hərəkatının başlanğıcı oldu. 3 ildən sonra – 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdi.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər.
Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.
Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı, ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Heydər Əliyev “müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.
1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi – “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində strateji kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Azad edilmiş ərazilərdə dövlətimizin başçısının göstərişinə əsasən genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən bütün işlər Azərbaycan xalqının daha həyat səviyyəsini daha da yaxşılaşdırmaq, sabahını daha firavan etmək məqsədi daşıyır.
Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Təbii ki, ölkəmizin qüdrətini nümayiş etdirən daha bir hadisə ötən il sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşmələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Prezident İlham Əliyev ölkəmizi gələcəyə və yeni uğurlara inamla aparır.
İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevirdi.
Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülhün və sabitliyin əsas təminatçısıdır. Artıq regionda yeni reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu gündən-günə güclənən, Avropanın enerji təchizatında aparıcı aktora çevrilən və dünya dövlətləri üçün etibarlı tərəfdaş olan Azərbaycan yaradıb.
A.ABBASOV
Yazı MEDİA-nın dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb