Dövlət Neft Fondu və Mətbuat Şurası jurnalistlər üçün birgə müsabiqə elan edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Mətbuat Şurası ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda yerli media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir.

Mətbuat Şurasından bildirilib ki, jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur.

Müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur:

Təbii sərvətlərdən əldə edilən gəlirlərin effektiv idarə edilməsinin makroiqtisadi inkişafa təsiri, ölkənin suveren fondu olaraq ARDNF-nin investisiya fəaliyyətinin təkamülü və gələcəyə baxış, ARNDF tərəfindən maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatına töhfəsi.

Mükafatlandırma:

I yer – 1 nəfər – 1000 manat

II yer – 1 nəfər – 800 manat

III yer – 1 nəfər – 500 manat

Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat

Müsabiqə mükafatçılarının adları iyulun 29-dək açıqlanacaq.

Müsabiqəyə təqdim olunmuş yazılarda nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsinə, analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə, faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına üstünlük veriləcək.

Müsabiqəyə bu il iyunun 22-dən iyulun 20-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Qeyd 1: Yazıda “ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd 2: Yazı və ya multimedia materialının müəllifi konkret media subyektində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı media orqanında yayımlanmalıdır.

Müsabiqə üçün yazı materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində müəllifin kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti, şəxsin şəxsiyyət vəsiqəsinin surəti, şəxsin əlaqə vasitələri – ev, iş telefonu və mobil telefonu, müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir), diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla) yer almalıdır.

Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Təqdimat göndərişində müsabiqə yazısı (“Word” faylında, imzasız), müsabiqə yazısının dərc olunduğu qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında), yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr, yazı materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud “Word” faylında), yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) yer almalıdır.

Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə iyunun 22-dən iyulun 20-dək saat 17:00-a qədər qəbul ediləcək. Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) – Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək.

Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı [email protected] elektron ünvanına göndərilməlidir.

Qeyd 3: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: (+994 12) 441 35 96; (+994 50) 242 09 91; (+994 55) 789 85 03.

Əvvəlki məqalə

Ukrayna ikinci sülh konfransı da təşkil edəcək

Sonrakı məqalə

Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının siyahısına azərbaycanlı başçılıq edib