“Ölkədə qadınların təmsilçiliyi kvota ilə olmamalıdır” –GÜNEL SƏFƏROVA

 Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Günel Səfərova Azpost.info-ya müsahibə verib.

 

Bu gün qadınların hüquqalarının qorunma səviyyəsi necədir?

-Gender bərabərliyi demokratik və sivil cəmiyyətin əsas göstəricilərindən biridir. Qadın hüquqları, uşaq məsələləri, qadınların və uşaqların hüquqları, qadın və kişilərin bərabərliyi cəmiyyətin xarakterindən asılıdır. Əlbəttə, biz sağlam ailə modelini formalaşdırmaq istəyiriksə, cəmiyyətdə qadın və kişilərin hüquqları bərabər olmalıdır. Eyni zamanda, biz gender bərabərliyi anlayışına bütün aspektlərdə nail olmalıyıq. Gender əsaslı ayrı-seçkiliyə yol verməməliyik, cinsindən asılı olmayaraq, bütün insanlara, insan hüquqlarını qorumalıyıq. İnsan hüquqlarına unversal insan hüquqları müstəvisində baxmalıyıq.

-Həmin müstəvidə Azərbaycan qadınının hüququ qorunurmu?

-Azərbaycanda qadın hüquqları və gender məsələsinə gəldikdə, çox maraqlıdır ki, biz 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini misal göstəririk. Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə qadınlara seçki hüququnu tanıyan respublika oldu. Bununla Azərbaycan tarixə adını yazdırıb. Hətta bu gün inkişaf etmiş ölkələrin bir çoxu bu hüququ həmin vaxt qadınlara seçki hüququ tanımamışdı. Sonra Azərbaycanda 70 ildən çox SSRİ dövrü oldu ki, bu dövrdə qadınların hüquqları ilə bağlı nəsə demək istəmirəm. Çünki SSRİ dövründə qadın hüquqları ilə bağlı yanaşmalar həm dövlətin, həm də ayrı-ayrı respublikaların cəmiyyətlərində fərqli olub. SSRİ zamanında dövlətin əsas konsepsiyalarından biri də qadın hüquqları, qadınların iqtisadiyyatda, digər sahələrdə rolu və s. müddəalar olub. Amma Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadın hüquqları, gender bərabərliyi məsələlərində yeni nüanslar ortaya çıxdı. Gender bərabərliyi ölkəmizdə daha da möhkəmləndi. Daha doğrusu, gender bərabərliyi insan hüquq və azadlıqlarının qorunmasının tərkib hissəsinə çevrildi. 1998-ci ildə sabiq Prezident, ulu öndər Heydər Əliyevin sərəncamı ilə Ailə, Qadın və Uşaq problemləmləri üzrə Dövlət Komitəsinin yaradılması qərarı verildi. Eyni zamanda, Gender bərabərliyinin təminatı haqqında Qanun Milli Məclis tərəfindən qəbul olundu. Bununla yanaşı, Məişət zorakılığı haqqında Qanun qəbul edilib. 1995-ci ildə çox mühüm bir sənəd Azərbaycan tərəfindən ratifikasiya edilib. Söhbət qadınlara qarşı ayrıseçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında Sənəddən gedir. Getdikcə qadın hüquqları, gender bərabərliyi məsələsi gündəmə gəldi.

-Qadın hüquqlarını qoruyan qanunlar var, bəs praktikada necədir?

-Ümumiyyətlə, qadın hüquqları, gender məsələsi həm də bir ədalət məsələsidir. İqtisadiyyatda, sosial həyatda bu hüquqların qorunması vacibdir. Iqlim dəyişikliyi məsələsində də bu mövzuya toxunulur. Hazırda COP-29-un Azərbaycanda təşkil olunacağı dövrdə gender məsələsi, qadın hüquqları, məişət zorakılığı  kimi məsələlər gündəmə gətirilir. Bu onun göstəricisidir ki, gender bərabərliyi çox önəmlidir. Sözsüz ki, qanunvericilik baxımından, qadın hüquqları ilə bağlı pozitiv tərəflər var. Azərbaycanın qadın hüquqları, gender bərabərliyi baxımından qanunvericilik bazası yaxşıdır. Amma müəyyən dəyişikliklər də vacibdir. Çünki qanunların icra mexanizmində problemlər qalmaqdadır. Xüsusilə, erkən nikahlar məsələsində problem mövcuddur.

Erkən nikahlarla bağlı problemin aradan qaldırılması yolunu nədə görürsünüz?

-Erkən nikahlarla bağlı qanun dəyişdirilməlidir. Eyni zamanda, bu məsələdə ciddi nəzarət olmalıdır. Erkən nikahlar məsələsinə ciddi yanaşılmalıdır, çünki bu, bizim genefondumuzla bağlıdır. Biz istəyirik ki, cəmiyyət üçün möhkəm, fiziki və mənəvi sağlam  nəsillər yetişsin. Azərbaycan cəmiyyətinin buna güclü ehtiyacı var.

Təəssüf ki, qızların evləndirilməsi yaşı qeyri-rəsmi şəkildə aşağı düşüb. Amma eyni zamanda, erkən nikahlar təkcə qız uşaqlarının 15-16 yaşında ərə verilməsi deyil. Problem həm də ondadır ki, nikah yaşına çatmayanların evləndirilməsi ilə onun yaşamaq hüququ, sağlamlıq hüququ, reprodiktiv sağlamlıq hüququ, təhsil hüququ pozulur. Bu, gələcəyə baxış, gələcək nəsil məsələsi üçün böyük problem deməkdir.

Qanunvericiliyə baxsaq, bəli, dəyişikliklər olmalıdır. Amma ümumilikdə gələcəklə bağlı atılan addımlar baxımından, durum pozitivdir.

-Başqa bir məsələ qadınların ictimai-siyasi həyatda varlığının az qala, gözə görünməməsi ilə bağlıdır. Sizcə qadınların siyasətdə rolu niyə azdır və bunun səbəbi nədir?

-Real vəziyyətə baxdıqda görürük ki, bəli, qadınlarımızın siyasi, ictimai həyatda sayı azdır. Yəni ki, bəzi sahələrdə qadınlarımızın təmsilçiliyi yetərincə deyil. Düzdür, başqa ölkələrlə müqayisədə vəziyyət elə də pis deyil, amma Azərbaycan qadınının  ictimai-siyasi həyatda aktivliyini nəzərə alsaq, məncə, rəqəmlər bir qədər də yuxarı ola bilər, göstəricilər üstünlük təşkil edə bilərdi. Bəzən biz kvotadan danışırıq, məsələn, filan dövlət orqanında, qanunverici orqanda kvotanın niyə belə olması, kişilərin üstünlük təşkil etməsi irad bildirilir. Amma məncə, kvotanın özü də qadın hüquqlarını məhdudlaşdıran amildir. Məsələn, hər bir dövlət qurumunda qadınların təmsilçiliyinə 40-50 faiz kvota qoyularsa, o zaman o faiz civarı üçün qadınlar mübarizə apara bilərlər. Bu isə düzgün yanaşma deyil. Ola bilməz ki, qadınlar 100 faiz uğrunda mübarizə aparsınlar. Demək istədiyim odur ki, biz işimizi elə qurmalıyıq ki, qadınların ictimai-siyasi sferada təmsilçiliyinin artımı təbii yolla olsun. Bəli, biz ictimai-siyasi həyatda qadınların təmsilçiliyinin artırılmasının tərəfdarıyıq. Bir hüquq müdafiə təşkilatı olaraq bu istiqamətdə maarifləndirmə funksiyasını həyata keçiririk.

Elə sahələr də var ki, orada qadınların iştirakçılıq faizi yüksəkdir – məsələn, təhsil sahəsində…

-Bəli, mənim də müəyyən mənada təmsil olunduğum təhsil sahəsində qadınların təmsilçiliyi çox yüksəkdir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olduqdan sonra bir daha buna əmin oldum.

Azərbaycanın ailə institutu və bu institutun möhkəmlənməsində təhsilin rolunu necə qiymətləndirirsiniz?

-Nazirlik yanında İctimai Şuranın rəhbəri olduqdan sonra ona da bir daha əmin oldum ki, sağlam ailə dəyərlərinin formalaşmasında təhsil, eyni zamanda, təhsilin yüksəlməsinin kökündə də ailə dayanır. Artıq ailə əsas təklim-tərbiyənin, hətta müəyyən qədər təhsilin davamlılığında əsas rolu olan strukturdur. Azərbaycan ailəsi milli dəyərlərə əsaslanan, eyni zamanda, insan hüquqlarını əsas prinsip kimi götürən institut kimi formalaşır.

Əlbəttə, bizim istəyimiz daha fəal vətəndaş yetişdirilməsidir. Xüsusilə, Azərbaycana xas Azərbaycana laiq vətəndaşların yetişdirilməsidir. Bu, bir qədər çətin gedən prosesdir. Məncə, bir qədər steorotipləri də qırmalıyıq. Məsələn, güclü qadın yalnız elmdə, biznesdə, ictimai-siyasi həyatda tanınmış, güclü olan qadın deyil, həmçinin Azərbaycan üçün geclü, milli ruhda vətəndaş yetirən qadınlarımız, analarımız, evdar xanımlarımızdır. Bunun özü böyük bir güc deməkdir. Şablon səslənsə də, Azərbaycan qadınının güclü olduğu düçşüncəsindəyəm. Çünki Azərbaycan qadını ana olduqdan sonra həyatını övladlarına həsr edir və onları vətənpərcər, milli ruhda yetişdirir.

Ailə modelində qadının rolu nə qədərdir?

-Azərbaycan ailə modelində qadının rolunun nə qədər güclü olduğu göz qabağındadır. Hesab edirəm ki, bu roluna görə qadınlıarımızın dünya görüşü, təhsili çoc vacib amildir. Qızlarımız, qsdınlarımız bilikli, bacarıqlı və ən əsası, təhsilli olmaları çox önəmlidir. Çünki onlar gələcək nəslin yetişdirilməsi iləı məşğul olurlar. Biz bunun nəticəsini sonradan cəmiyyətimizin hər bir sahəsində görürük.

Ümumiyyətlə, qadın hərəkatında, qadınların hüquqlarının qorunması istiqamətində işləyən bir qadın olaraq, deyərdim ki, qadın hüquqları, gender bərabərliyi ilə bağlı görüləcək işlərimiz çoxdur. Amma xeyli yol da qət etmişik. Bu gün ictimai və dövlət idarəetməsində çox uğurlu qadınlarımız var. Ümid edirəm ki, yaxşı modellərimizdən gənc qızlarımız, qadınlarımız müsbət bəhrələnəcəklər və biz bundan sonra qərarverici, icraedici dövlət orqanlarında qadınlarımızın təmsilçiliyinin artdığını görəcəyik.

Anar ABDULLA  

Yazı MEDİA-nın dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövsunuda hazırlanıb.

Əvvəlki məqalə

“Fransa Kişinyovda daimi müdafiə missiyası açacaq”

Sonrakı məqalə

Zelenski Prezident İlham Əliyevi təbrik edib