Çində 10 min 800 avtomobil daşıya bilən, iki yanacaqla işləyən ilk gəmi istehsal olunub. Cənubi Koreyanın HHM gəmiçilik şirkəti üçün inşa olunan gəmi dünyada ən çox nəqliyyat vasitəsi daşıya bilən gəmidir.
AZƏRTAC xəbər verir ki, Çin dövlət gəmiqayırma korporasiyasının Quancou gəmiqayırma zavodundan inşa oluna “Glovis Leader” adlı gəmi aprelin 28-də istismara verilib.
Uzunluğu 230 metr, eni 40 metr olan gəmidə 14 qaraj göyərtəsi var ki, bu da elektrik və hidrogen yanacaqlı avtomobillər və ağır yük maşınları da daxil olmaqla geniş çeşiddə nəqliyyat vasitələrinin çevik yüklənməsinə imkan verir.
Bundan əlavə, gəmi ən son qlobal ekoloji standartlara tam uyğunluğu təmin edən qabaqcıl yaşıl yanacaq sistemi ilə təchiz olunub.
Gəminin texniki meneceri Can Fuli bildirib ki, gəmi təbii qaz (LNG) və dizel yanacağı ilə işləyir. Bununla yanaşı, hərəkət zamanı bütün gəmini müstəqil şəkildə enerji ilə təmin edə bilən generator sisteminə malikdir. Bu da onun enerji səmərəliliyinin əsas aspektidir.
“Biz, həmçinin ammonyak və metanol yanacağının modernləşdirilməsi üzrə ilkin texniki-iqtisadi əsaslandırma işlərini başa çatdırmışıq ki, bu da gəmi sahibinin tələb etdiyi təqdirdə gəminin bu alternativ yanacaqlarla işləməsi üçün modifikasiya edilməsinə imkan verir”, – deyə Can Fuli Fuli bildirib.