Ekologiya Nazirliyinin adı qızıl yataqları ilə bağlı ABŞ-la imzalanmış Sazişdən çıxarılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qızıl yataqlarının istismarı ilə bağlı imzalanmış beynəlxalq Sazişdən çıxarılıb.

Azpost.info bildirir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.

Qərar  “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ABŞ-ın R.V. Investment Group Services, LLC arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədini imzalamaq səlahiyyətinin verilməsi barədə” Prezidentin 2024-cü il 24 may tarixli 140 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə qəbul olunub.

Qərara əsasən Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri”nin preambulası istisna olmaqla “ETSN” akronimi “AzerGold” QSC” sözləri ilə, “MENR” akronimi “AzerGold” CJSC” sözləri ilə əvəz edilir.

Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin 22 yanvar 2000-ci ildə imzaladığı Fərmana əsasən “Azərqızıl” Dövlət Şirkəti ləğv edilib.  “Azərqızıl” Dövlət Şirkətinin tabeliyində olan müəssisə və təşkilatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilib.

Fərmana əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Veynəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Qroup Services, LLC USA arasında Saziş”dən irəli gələn öhdəliklər üzrə “Azərqızıl” Dövlət Şirkətinin hüquqi varisi hesab edilir. 

20 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” imzalanıb.

Nazirlər Kabinetinin bu günkü fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nin (ETSN) adı sazişdə “AzərGold”la əvəz edilib.

“Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında  20 avqust 1997-ci ildə bağlanıb.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Prezidentin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

Prezidentin 26 may 2016-cı il tarixli 2071 nömrəli Sərəncamı ilə Zakir Zaur oğlu İbrahimov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

“AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Əvvəlki məqalə

Şuşada 1 nömrəli tam orta məktəbdə neçə şagird təhsil alacaq?

Sonrakı məqalə

“Orta Dəhlizin bel sütunu – Azərbaycan”