Ekspert Şurası 93 adda preparatla əlaqədar imtina qərarı verib

“Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 50-ci iclası keçirilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbirdə elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb.

Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 15 adda aqrokimyəvi maddə və 15 adda pestisid, təkrar qeydiyyata alınan 5 adda aqrokimyəvi maddə və 33 adda pestisid olmaqla, ümumilikdə 68 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 4 adda aqrokimyəvi maddə, 17 adda pestisid və 3 adda feromon tələ olmaqla ümumilikdə 24 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.

İşçi qrup tərəfindən verilən rəylərə əsasən, dövlət sınağının aparılması üçün müraciət edilmiş 28 adda (16 adda aqrokimyəvi maddə və 12 adda pestisid), təkrar qeydiyyat üçün 62 adda (12 adda aqrokimyəvi maddə, 50 adda pestisid), ilkin qeydiyyat üçün 4 adda (4 adda aqrokimyəvi maddə) bitki mühafizə vasitəsi və aqrokimyəvi maddələrə məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi, ilkin və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab olunmayıb. Həmçinin təkrar qeydiyyat üçün 2 adda (pestisid) preparatın təsiredici maddəsi agentliyin Kollegiyası tərəfindən təsdiqlənmiş 238 adda qadağa siyahısına aid olduğuna görə, onların təkrar qeydiyyata alınması məqbul hesab olunub. Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 93 adda preparatla əlaqədar imtina qərarı verilib.

Bundan başqa, pestisid və aqrokimyəvi maddələrin saxlanc və satış yerlərində həyata keçirilən monitorinqlər, yoxlamalar zamanı aşkar edilən, o cümlədən fərdi müraciətlə bəyan olunan vaxtı keçmiş 28 adda (21 adda pestisid, 7 adda aqrokimyəvi maddə) preparatın (19,79 L/kq) qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi barədə İnventarlaşdırma Komissiyasının üzvləri tərəfindən müvafiq qərar qəbul edilib.

Əvvəlki məqalə

İTV Yayım Şurasına yeni namizədlər irəli sürülüb

Sonrakı məqalə

1700-ə yaxın bağçada ciddi problemlər aşkarlanıb