“Ekspertlər virusun mənşəyini araşdırmaq üçün Çindən tam məlumat ala bilməyib” –

ÜST-ün direktoru
31 Mart 2021 - 17:22

“Biz hələ virusun mənbəyini tapmamışıq, buna görə elmi araşdırmaları davam etdirmək və bundan ötrü bütün səyləri əsirgəməmək lazımdır”.

Bu sözlərlə COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun mənşəyinə dair məruzənin yayılmasına həsr olunmuş mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri doktor Tedros Qebreyesus çıxış edib.

Avstraliya, Böyük Britaniya, Vyetnam, Almaniya, Danimarka, Qətər, Keniya, Çin, Hollandiya, Rusiya, ABŞ və Yaponiyadan olan 34 nəfərdən ibarət alimlər qrupu, yanvar ayında əldə olunan məlumatlara görə infeksiyanın mənbəyi olan Çinin Uxan şəhərində olublar.

Mütəxəssislər virusun mənşəyinin dörd: vəhşi heyvandan insana ötürülməsi, vasitəçi heyvanla ötürülməsi, dondurulmuş qida məhsulları ilə yoluxma və laboratoriyadan sızma versiyasını araşdırıblar.

Alimlər hələ də son bir nəticəyə gələ və mövcud fərziyyələrdən birini tamamilə təkzib edə və ya əksinə təsdiq edə bilməyiblər. Məruzədə deyilir ki, səfər zamanı mütəxəssislərdə gələcək araşdırmalarda cavablandırılacaq bir sıra suallar yaranıb.

Doktor Tedros vurğulayıb ki, elm adamlarının zəngin məlumatlar əldə etdiklərinə baxmayaraq, 2019-cu ilin sentyabr ayına aid bioloji nümunələr də daxil olmaqla, koronavirus infeksiyasına ilk yoluxma hadisələrini araşdırmaq üçün onlara Çin səlahiyyətlilərindən əlavə məlumatlar lazımdır. “Mən bir qrup elm adamı ilə ünsiyyətdə oldum, onlar mənə təsdiqlənməmiş məlumatları əldə etməyə çalışarkən qarşılaşdıqları çətinliklərdən bəhs etdilər. Mən ümid edirəm ki, gələcəkdə birgə araşdırmalar zamanı vaxtında və daha tam məlumat mübadiləsi aparılacaqdır”, – deyə ÜST rəhbəri söyləyib.

Alimlər, xüsusilə vəhşi heyvan əti satılan Uxan bazarında çoxsaylı yoluxma hallarını təsdiqləyiblər, lakin yoluxmanın mənbəyi hələ də müəyyən edilməyib.

Ekspertlər qeyd ediblər ki, araşdırmaları davam etdirmək və Uxan və ətrafındakı bazarlarda satılan ətin mənşəyini yoxlamaq lazımdır, lakin koronavirusun yayılmasında onların rolu hələ ki aydın deyil.

Virusun bazarlardan birinə necə düşdüyünü anlamaq üçün məhsullarını orada satan bütün fermerlər və təchizatçıları sorğulamaq və onların bütün əlaqələrini izləmək lazımdır. “Xüsusilə insanlar arasında erkən yoluxma hadisələri ilə əlaqəli olan Uxan bazarlarındakı heyvandarlıq məhsulları ticarətinin tam təhlili daxil olmaqla, əlavə araşdırmaların aparılması tövsiyələrini alqışlayıram”, – deyə T.Qebreyesus bildirib.

Ekspertlər Uxandakı bir neçə laboratoriyada olublar və laboratoriyanın sızması nəticəsində virusun insana ötürülmə ehtimalının son dərəcə az olduğu qənaətinə gəliblər. Lakin ÜST rəhbəri hesab edir ki, bu versiyanın təhlili kifayət qədər dərin olmayıb: daha çox məlumatlara və əlavə araşdırmalara ehtiyac var.

“Komanda laboratoriya sızmasının ən az ehtimal olunan fərziyyə olduğu qənaətinə gəlsə də, bunun əlavə araşdırmaya ehtiyacı var. Əlavə ekspert missiyası tələb oluna bilər və mən belə bir missiyanı işə salmağa hazıram”, – deyə ÜST rəhbəri söyləyib.

“Virusun mənşəyini müəyyənləşdirmək üçün vaxt lazımdır, bu bizim dünya qarşısında borcumuzdur. O zaman gələcəkdə bunun təkrarlanmaması üçün kollektiv tədbirlər görə bilərik. Bir araşdırma səfəri zamanı bütün suallara cavab tapmaq mümkün deyil”, – deyə doktor Tedros Qebreyesus qeyd edib.