Elçibəy Sülhəddin Əkbərin hansı təklifindən narazı qalmışdı? –Arif Hacılıdan maraqlı AÇIQLAMALAR

Müsavat başqanı Arif Hacılı 1992-93-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbərin “Azadlıq” radiosuna verdiyi müsahibə ilə bağlı münasibətini açıqlayıb.

Azpost.info bildirir ki, A.Hacılı bu illər ərzində Sülhəddin Əkbərin susmasının bəzi həqiqətlərin deyilməsinə mane olduğunu yazıb.

“Onun MTN nazirinin 1-ci müavinliyinə namizədliyinin irəli sürülməsindən xəbərsiz olması, hazır olmadığı halda bu vəzifəyə təyin olunması barədə dedikləri həqiqətə uyğun deyil”-deyə vurğulayıan A.Hacılı bildirib ki, 1991-ci ildən Bakıda evi olmayan Milli Məslis üzvlərinə Moskva otelində ayrılmışç otaqlarda yaşayarkən daim siyasi müzakirələr, ölkənin gələcəyi barədə söhbətlər ediblər: “Sülhəddin Əkbər MTN işinə çox maraq göstərirdi. Hətta Naxçıvanda Milli Məclis sədri olan H. Əliyevin qəbulunda olub ondan Naxçıvan MTN naziri təyin olunmasını xahiş etmiş, H Əliyev buna razı olmamışdı. O dövrdə normal münasibətlərimiz vardı. Ən böyük arzusu MTN naziri olmaq idi və bunu məndən gizlətmirdi. Həm də MTN naziri olarsa Azərbaycan üçün böyük işlər görə biləcəyini deyirdi”.

A.Hacılının sözlərinə görə, 1992-ci may 15-16 may günlərində Ali Sovetin binasındakı prezident otağında o vaxt Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovla vəziyyəti normallaşdırmaq üçün kadr dəyişiklikləri məsələlərini müzakirə ediblər: “Görüşdə Yaqub Məmmədov, Əbülfəz Elçibəy, İsa Qəmbər, İsgəndər Həmidov, Afiyəddin Cəlilov, mən və səhv etmirəmsə Pənah Hüseyn iştirak edirdi.

İskəndər Həmidovun DİN naziri vəzifəsinə namizədliyi yekdil qəbul olundu. Baş Prokurorun dəyişdirilməsi məsələsi müzakirə olunmadı. Çünki, hələ 7 iyun seçkilərinə təqribən 2 aya yaxın müddət qalmış o dövrün Baş Prokuroru Murad Babayevlə Elçibəyin yaşadığı konspirativ mənzildə görüşlərini təşkil etmişdim. Elçibəy prezident seçiləcəyi təqdirdə onu vəzifəsində saxlayacağını demişdi. MTN nazirinin təyinatı məsələsi mübahisə yaratdı.

Mən Sülhəddin Əkbərin namizədliyini irəli sürdüm. Yalnız Afiyəddin Cəlilov özünəməxsus jestləri ilə bu təklifə dəstək verdi. İskəndər Həmidov açıq şəkildə etiraz etdi.

Elçibəy Namiq Abbasovun namizədləyini irəli sürdü, İskəndər Həmidov ona da qəti etiraz etdi. Dəstək verən də olmadı. Sonda Yaqub Məmmədov Fəxrəddin Təhməzovun namizədliyini irəli sürdü. Bu namizədə İskəndər bəy də ciddi dəstək verdi. Təyinatları prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov edəcəkdi. Fərmanları o imzalayacaqdı. Ona görə də ciddi mübahisə etmədən bu namizədə razılıq verildi.

Belə olan halda mən Sülhəddin Əkbərin nazirin birinci müavini təyin olunmasını təklif etdim. Etiraz olmadı. Eyni zamanda təklif etdim ki, onun namizədliyi də Milli Məclisdə təsdiq olunsun. Sülhəddin Əkbər Azərbaycan tarixində təyinatı parlament tərəfindən təsdiq olunan yeganə nazir müavinidir. Bu necə olub, kim bu təklifi verib, bunları da əla bilir”.

A.Hacılı bildirib ki, MTN arxivlərinin açılmasına guya Elçibəy hökumətinin, hətta şəxsən Elçibəyin özünün mane olması barədə deyilənlər də həqiqətə uyğun deyil: “Çünki, hər dəfə arxivlərin açılması məsələsi qaldırılanda buna ən çox mane olan o özü olub. Bildirirdi ki, əgər arxivlər açılsa MTN iflic vəziyyətinə düşəcək. Yeni agentura seti yaratmaq mümkün olmayacaq. Bu məsələni qaldırmamağı bir çoxlarından şəxsən xahiş edib. Mənim heç olmasa yüksək dövlət vəzifələrində olanlar barədə məlumatların açıqlanması təklifimə də qarşı çıxıb. Bu müzakirələr publik olub. Yəqin ki, Milli Məclisin stenoqramlarında qalır. O dövrün mətbuatında da bu barədə yazıların qalmaması mümkün deyil.

Absurd iddialardan biri də arxivlə tanış olmaq imkanının olmadığı halda kimlərinsə dosyelərinin guya Elçibəyə təqdim etməsi, prezidentin isə bu barədə tədbir görməməsi iddiasıdır”.

Arif Hacılı deyib ki, əslində isə Elçibəyi narazı salan Sülhəddin Əkbərin güc nazirliklərini birləşdirib Təhlükəsizlik Şurası yaratmaq və onu həmin şuraya rəhbər, Təhlükəsizlik Şurası Katibi təyin etməsi barədə təklifi idi: “Həmin təklifin, həm də Elçibəy komandasının əsais fiqurlarına yox, məhz ona etimad göstərilməsinin vacibliyi, hətta yerliçilik kontekstində deyilməsi prezidenti çox narazı salmışdı”.

A.Hacılının sözlərinə görə, Füzuli rayonunda İsa Qəmbərin müdafiə naziri təyin olunması ilə bağlı söhbətdə iştirak edib: “Bu söhbət həqiqətən olub. Həmin dövrdə Kəlbəcər işğal olunmuşdu. Füzuli və bir neçə rayonumuz işğal təhlükəsi altında idi. İsa Qəmbərin təklifi əslində bu çətin dövrdə məsuliyyəti üzərinə götürmək, üstün və daha asan parlament sədri vəzifəsindən daha çətin və məsuliyyətli vəzifəyə keçmək təklifi idi.

Elçibəy bu təklifə qarşı çıxmadı. O hesab edirdi ki, parlamentin sədrliyi çox mühüm məsələdir. İsa Qəmbərin bu vəzifədə olması daha vacibdir. Onu əvəz edəcək Milli Məclis üzvü kim ola bilər? Elçibəyi bu sual düşündürürdü.

Sülhəddin Əkbər Afiyəddin Cəlilovun adını çəkdi. Elçibəy dedi ki, əgər Arif Hacılını parlamentin sədri seçə bilərsinizsə İsa Qəmbəri Müdafiə Naziri təyin edərəm.

Söhbət belə yekunlaşdı”.

A.Hacılı deyib ki, orada Sülhəddin Əkbərin Müdafiə Nazirinin müavini olması söhbətini xatırlamır: “Yəqin ki, ola da bilməzdi. Çünki o, elə güc nazirliklərinin birinində nazirin 1-ci müavini idi. Yaxın zamanlarda nazir, hətta güc nazirlikləri üzərində Təhlükəsizlik Şurası Katibi təyin ediləcəyini gözləyirdi”.

Müsavat başqanı deyib ki, əslində bu həqiqətlər Elçibəy hökumətində yüksək dövlət rəhbərliyində olanların əksəriyyətinə məlumdur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır

Sonrakı məqalə

Həftəsonları karantin qaydaları nə vaxt ləğv ediləcək? –