Eldar Namazov namizəd olmayacaq –“İslahatçılarla əleyhdarları arasında mübarizə gedir”

“Deputatlığa namizədliyimi irəli sürmək fikrim yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Prezident Heydər Əliyevin sabiq köməkçisi,politoloq Eldar Namazov musavat.com-a müsahibəsində deyib.

E.Namazovun sözlərinə görə, Azərbaycan siyasətində müsbət və maraqlı proseslər gedir, nəsillər dəyişir: “ İstəyirəm ki, həm hakimiyyət içində, həm müxalifət partiyalarında nəsillərin dəyişməsi prosesi güclənsin. Çox şadam ki, yeni nəslin nümayəndələri hər iki düşərgədə fəallıq nümayiş etdirirlər. Bizim nəslin nümayəndələri onlara məsləhət verə, köməklik edə bilər. Biz gərək gənclər üçün yolları açaq. Ona görə də seçkilərdə iştirak niyyətim yoxdur”.

Politoloqun sözlərinə görə, builki parlament seçkiləri əvvəlki illərdən fərqlənəcək. Azərbaycanda siyasi mühit dəyişməyə başlayıb. İcra hakimiyyətinin qolunda ciddi dəyişikliklər baş verdi, indi də növbədənkənar parlament seçkiləri keçirilir: “Yeni sosial-iqtisadi modelin qurulması istiqamətində sistemli islahatlar həyata keçirilməyə başlanıb. Bunun fonunda hesab edirəm ki, parlament seçkilərində əsas mübarizə hakimiyyətlə müxalifət yox, islahatlara dəstək verənlərlə islahatlara qarşı çıxan qüvvələr arasında gedəcək. Prezident də açıq şəkildə bildirmişdi ki, hakimiyyətin içində proseslərə mane olan, işləri sabotaj edən adamlar var”.

E.Namazovun fikrincə, hakimiyyətin atdığı bu addımlara qarşı bir qisim müxalifət də iştirak edir: “Ona görə əsas xətt iqtidar-müxalifət olmayacaq, islahatlara münasibət amili olacaq. Güman edirəm ki, yeni parlamentdə gənclərin təmsilçilik sayından asılı olmayaraq- hərçənd saylarının çox olacağını düşünürəm- amma yeni Milli Məclis islahatlara dəstək verən adamlardan ibarət olacaq. Fərq yoxdur ki, onlar hansı qüvvəni təmsil edirlər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Erməni icması boyunduruq altındadır, qondarma rejimdən asılıdır”

Sonrakı məqalə

“İşgəncələrə məruz qalırlar, başlarına olmazın oyunlar gətirilir”