“Əmlak Ekspert Mərkəzi” MMC-dən ŞİKAYƏT- "Avtomobildən anlayışı olmayan şəxsi ekspert təyin ediblər"

Azərbaycanda fəaliyyət göstərən qiymətləndirmə şirkətlərindən birinin qeyri-peşəkar fəaliyyəti vətəndaşın maddi ziyana düşməsinə səbəb olub. AzPost xəbər verir ki, bu barədə zərərçəkmiş sürücü Tamraz Məmmədov sosial şəbəkədə məlumat paylaşıb.

Vətəndaşın sözlərinə görə, hadisə avtomobili yol kənarında dayandığı vaxt baş verib. Digər bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində onun idarə etdiyi avtomobilin qapıları, sol yan güzgüsü, diski və təkəri ciddi zədələnib, həmçinin zərbənin təsirindən sükan bloku tamamilə sıradan çıxaraq kilidlənib.

Avtomobil sığorta qiymətləndirilməsinin aparılması üçün evakuator vasitəsilə “Kia Bakıxanov” servisə aparılıb. Lakin servisdə yalnız xarici zədələr qeydə alınıb, sükan blokundakı nasazlıq isə nəzərə alınmayıb. T.Mamedov təyin olunan sığorta məbləği ilə razılaşmayaraq, qaydalara uyğun olaraq müstəqil ekspertizaya — “Əmlak Ekspert Mərkəzi” MMC-yə müraciət edib.

Şikayətçinin iddiasına görə, sözügedən şirkətin nümayəndəsi gələrək avtomobilə baxış keçirib, videoqeydiyyat aparıb və sükanın tərpənmədiyini özü də vizual olaraq təsdiqləyib. Lakin bir neçə gündən sonra sığorta şirkətindən gələn mesaj vətəndaşı şoka salıb: qiymətləndirmə məbləğində cəmi 90 AZN artım edilib. Halbuki zərərçəkmiş sonradan sükan blokunu ikinci əl olaraq öz cibindən 560 AZN-ə almalı olub.

Məsələ ilə bağlı ekspertlə əlaqə saxlayan sürücüyə verilən cavab isə rəsmi qurumun peşəkarlığını sual altına qoyub:

“Ekspert mənə cavab olaraq bildirdi ki, ‘mənim avtomobillərdən anlayışım yoxdur, mən əmlak ekspertiyəm’. Dediyinə görə, onun baxış keçirməsinə baxmayaraq, yekun qiymətləndirməni avtomobili ümumiyyətlə görməyən başqa bir ekspert aparıb.”

Vətəndaşı digər ekspertə yönləndirsələr də, problem həllini tapmayıb. İkinci ekspert sükanın kilidlənməsinin səbəbini təkər topunun (stupitsa) zədələnməsi kimi qeydə alıb. Şikayətçi bu rəyin tamamilə qeyri-peşəkar olduğunu bildirib:

“Nəinki ekspert, hətta sıravi hər bir sürücü bilir ki, təkər topu zədələnəndə sükan bloklanmır, sadəcə avtomobil hərəkətdə olan zaman uğultu səsi verir. Nəticədə, həmin qeyri-peşəkar ‘ekspertə’ görə mən şəxsi hesabımdan əlavə olaraq 420 AZN məbləğində pul xərcləməli oldum.”

Sürücü aidiyyəti qurumların bu cür ekspertiza mərkəzlərinin fəaliyyətinə və kadr rəqabətliliyinə nəzarəti gücləndirməsini tələb edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.