Energetika naziri iqlim komissarı ilə COP29-u müzakirə edib

Energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra arasında görüş olub.

Bu barədə Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanla Aİ-nin enerji tərəfdaşlığı və bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Komissar Vopke Hoekstra Aİ-nin Azərbaycanla enerji sahəsində mövcud olan strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayaraq faydalı və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. Bərpa olunan enerjinin Avropaya tədarükünü təmin edəcək və Azərbaycanı, Gürcüstan, Rumıniya və Macarıstanla əlaqələndirəcək “yaşıl enerji dəhlizi” üzrə tərəfdaşlığa Aİ-nin önəm verdiyini diqqətə çatdırıb. Komissar enerji keçidi üzrə Azərbaycanın hazırkı fəaliyyəti və COP29-un gündəliyindəki enerji ilə bağlı prioritetlərlə maraqlanıb və ölkəmizlə bu xüsusda əməkdaşlığa dəstəyini ifadə edib.

Energetika naziri Pərviz Şahbazov ölkəmizin hazırda Aİ ilə enerji əməkdaşlığının təbii qazla yanaşı, bərpa olunan enerji, enerji səmərəliliyi, hidrogen və metan emissiyalarının azaldılması ilə bağlı geniş əməkdaşlıq gündəliyinin olduğunu qeyd edərək, Azərbaycanın Avropanın enerji təchizatındakı gələcək rolununun “yaşıl enerji” ilə genişlənəcəyini, bu istiqamətdə müxtəlif istiqamətlərdə həyata keçirilən “yaşıl enerji dəhliz”lərinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir COP29-un milli səviyyədə “yaşıl enerji” keçidi üzrə prosesləri sürətləndirməklə bərabər Azərbaycanın təşəbbüsləri və geniş məzmunlu enerji fəaliyyət gündəliyi ilə qlobal məqsədlərə töhfə verəcək platforma olacağını bildirib. Bu xüsusda, “yaşıl enerji dəhliz və zonaları”, bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan kabelləri (HVDC) üzrə qlobal əməkdaşlığın vacibliyi qeyd olunub.

Söhbət zamanı Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (DG ENER) COP zamanı birgə tədbirlərin keçirilməsi təklifləri də nəzərdən keçirilib, BƏƏ Konsensusunun irəliyə aparılmasında və iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanla sıx əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

Müdafiə ehtiyacları üçün malları bu dövlət orqanları satın alacaq

Sonrakı məqalə

Müğənni Qaqarina, nazirin qeyri-qanuni arvadı… –