“Erməni ordusu sülhməramlıların nəzarətində olan ərazilərdən də çıxarılacaq” –

TOFİQ ZÜLFÜQAROV (MÜSAHİBƏ)
30 Noyabr 2020 - 18:37

 Noyabrın 10-da Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində apardığı hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalansa da münaqişənin həlli ilə bağlı bir çox suallar hələ də açıq qalır. Münaqişə tam bitdimi? Rusiya sülhməramlılarının nəzarət edəcəyi Dağlıq Qarabağ ərazisində hansı ölkənin bayrağı dalğalanacaq? Həmin ərazilərdə hansı ölkənin qanunları işləyəcək?

Keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov bu məsələlərlə bağlı ASTNA-nın suallarını cavablandırıb.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

 

-Tofiq müəllim, Azərbaycan, Ermənistan və Rusiya arasında işğalda olan Dağlıq Qarabağ  və ətraf 7 rayonin azad olunması üçün aparılan hərbi əməliyyatların dayandırılmasına dair bəyanat imzalandı. Burda Rusiyanın rolu maraqlıdır. Niyə məhz Rusiya? Və bu məsələdə Rusiyanın rolu hara qədərdir?

-Birincisi, bu konfliktlə regionu idarə edən təkcə Rusiya deyil. Digər qüvvələr də var. Amma bu idarəetmə sistemi çox mürəkkəbdir. Bu baxımdan Rusiyanın bu mərhələdə mövqelərini gücləndirməsi daimi faktor deyil, müvəqqəti xarakter daşıyır. Burda Azərbaycana və Ermənistana qarşı tətbiq olunan konflikt menecment sisteminin köklü şəkildə əsas parametrləri dəyişib. Bu parametrlər əvvəllər  Azərbaycanın xeyrinə deyildi. Bu parametrlərin nəticəsində Azərbaycan humanitar baxımdan çox ağır vəziyyətə düşmüşdü. Üçtərəfli bəyanatın imzalanmasından və icrasından sonra nəzərə almalıyıq ki, təxminən 90-95 faiz məcburi köçkünlər öz evlərinə qayıtmaq imkanı qazanacaq. Azad olunmayan və sülhməramlıların nəzarətində qalan ərazilərdən olan məcburi köçkünlərin sayı təxminən 5-10 min nəfərdir.  Yəni humanitar baxımdan Azərbaycanın suverenliyinin böyük bir hissəsi bərpa olunur. Təəssüflər olsun ki, bu konliktin tamamilə həll olunması səviyyəsinə hələ çatmamışıq. Belə baxanda görürük ki, süverenliyin bərpası prosesi hələ davam edəcək. Təbii ki, bu prosesdə Rusiyanın əsas rollardan birini daşıması bəzi məqamlarda müsbət haldır, bəzi məqamlarda isə mənfi haldır. Çox şey Azərbaycanın həyata keçirdiyi siyasətdən asılı olacaq. Yəni, konkret real hansı  addımlar atılacaq, hansı çərçivədə siyasət qurulacaq- bunlardan çox şey asılıdır.

-Maraqlı məqamlardan biri odur ki, Ermənistanla sərhəd ərazilər işğaldan azad olunanda Ermənistan tərəfində sərhəddə Rusiya bayraqları görüntülənmişdi. İndi isə Dağlıq Qarabağın bəyanatda göstərilən həmin boşaldılmayan hissəsində daha çox Rusiya bayraqları görünür. Bu nədən xəbər verir?

-Xarici effekt daşıyan elementlərə çox fikir veririk. Bundan öncəki vəziyyətə baxsaq, görərik ki, ermənilər öz anneksiya siyasətini hansı tezis arxasında gizlədirdilər. Əsas tezis o idi  ki, onlar guya ki, burda yaşayan erməni əhalisinin təhlükəsizliyinin təminatçısıdırlar. Bu bəyanatın icrası nəticəsində onlar Ermənistan dövləti olaraq bu əhalinin hərbi baxımından təminatçısı rolunu itiriblər. Bu bizim siyasətimizin, mübarizəmizin nəticəsində böyük bir irəliləyişdir. İndi rəsmi olaraq təhlükəsizlik təminatı verən Rusiya sülhməramlılarıdır və bu prosesdə iştirak edən Türkiyə müşahidəçiləridir. Biz başa düşməliyik ki, həmin bölgədə yaşayan erməni əhalisi konfliktin bir faktorudur. Onun taleyi iki cür ola bilər. Ya onlar vaxtı ilə bizə tətbiq etdikləri etnik təmizləməyə məruz qalacaqdılar, ya da məcburi köçkünə çevrilib qaçacaqdılar. Üçüncü variant isə regiondan kənar qüvvələrin tətbiq etdiyi ssenariyə görə artıq Rusiya sülhməramlıları və Türkiyə müşahidəçiləri onların təhlükəsizliyini  müvəqqəti olaraq təmin edəcəklər. Bu proses məntiqlə onunla nəticələnməlidir ki, onlar Azərbaycan dövlətinin təminatını hansısa mərhələdə özlərinə məcbur sayacaqlar və bundan sonra  suverenlik tam şəkildə bərpa olunacaq.  Bayraqların orada olmasından asılı olmayaraq prosesin mahiyyəti bundan ibarətdir.

-Hamıda əsas sual doğuran məsələ budur ki, o qalan ərazilərdə idarəetmə necə olacaq? Rusiya nəzarət edəcək? Ermənistan nəzarət edəcəK? Qondarma rejim nəzarət edəcək? Yoxsa Azərbaycan? Yəni orada əsas idarəetmə kimdə olacaq?

–  Prosesin mahiyyətini mən demək olar ki, açıqladım. Sülhün bərqərar olması və konfliktin həll olunması istiqamətini tezis şəklində izah etdim. İndiki mərhələdə biz başa düşməliyik ki, həmin ərazilərdə Azərbaycanın süverenliyinin tam şəkildə bərpası uzun siyasi prosesdir. Çünki əslinə qalsa, rus sülhməramlılarının gəlişi etiraf etməliyik ki, bizi böyük təhlükədən qorudu. Həm erməni əhalisini, həm də dövlət olaraq bizi. Rusiyada və Qərbdə olan medianı incələsək görərik ki, Xankəndidə döyüşlər başlayan kimi belə bir təbliğat kampaniyası  başlaya bilərdi ki, ay haray,  ikinci genosid baş verir. Biz nə qədər sübut etməyə çalışsaq ki, bizim məqsədimiz o deyildi, bəllidir ki, Azərbaycana qarşı bu təxribat həyata keçiriləcəkdi. Bu təhlükəli məsələ idi. Hətta çox təhlükəli. Çünki Azərbaycanın indiki və hamı tərəfindən qəbul olunmuş  mövqeyi beynəlxalq qanunlara tam şəkildə uyğun idi. Amma bu mərhələ başlasaydı, bizi ittiham edəcəkdilər və bizim Vətən müharibəsinin mahiyyəti təbliğat vasitəsi ilə tam dəyişəcəkdi. Bu baxımdan orada rus sülhməramlılarının iştirakı bizi bu təxribatlardan qorudu. Bu, əslində müsbət bir haldır. İndi Azərbaycanın süverenliyi bu ərazilərdə hərbi yollarla yox, siyasi yollarla bərpa olunmalıdır. Yəni proses dəyişir. Əvvəllər hərbi əməliyyatlar nəticəsində, Azərbaycan ordusunun fədakarlığı, əsgərlərin igidliyi nəticəsində biz hansısa mərhələni keçdik. Demək olar ki, Ermənistan faktorunu bu münaqişədə böyük miqyasda aradan götürə bildik. Amma onun əvəzinə müvəqqəti olaraq hərbi baxımından sülhməramlıların orada olması bizə imkan yaradacaq ki, sülh və siyasi aləti istifadə edərək, həm iqtisadi, həm siyasi, həm humanitar addımları istifadə edə bilək və orada Azərbaycanın süverenliyi bərpa edilsin. Məqsəd budur. Biz bu prosesi çox aydın görməliyik. Ona görə ki, indiki mərhələdə müxtəlif fikirlər səslənir. İctmaiyyətdə müharibənin nəticəsində yaranmış və itkilər nəticəsində yaranmış emosiyaları başa düşmək olar. Amma dövlətin siyasəti emosiya üzərində qurulmamalıdır. Bizim əsas məqsədimiz olan  süverenliyi tam şəkildə bərpa etmək istəyiriksə, indiki mərhələdə bu mübarizə siyasi yollarla davam etməlidir.

-Prezident deyir ki, Dağlıq Qarabağın statusu olmayacaq. Amma Rusiya rəsmilərindən hələ də biz statusla bağlı fikirlər eşidirik. Yeri gəlmişkən Rusiya sülhmramlılarının komandiri Rüstəm Muradov Dağlıq Qarabağa gəldikdən sonra Azərbaycanın cinayətkar kimi tanıdığı qondarma rejimin rəhbəri ilə görüşlər keçirib. Bu nə deməkdir? Dağlıq Qarabağın indi və ya gələcəkdə statusu olacaqmı? Olacaqsa, bu ən yaxşı halda nə statusu olacaq?

-Sözün mahiyyətini götürsək, status vəziyyət deməkdir. Rusiya və digər tərəflər siyasi status fikrini səsləndirmirlər. De-facto statusdan söhbət gedir. O statusdan söhbət gedir ki, orada hansısa sülhməramlı qüvvələr qalsın, Azərbaycan qanunları işləsin və.s. Respublikanın digər bölgələrində necədir, orada da elə olsun. Sadəcə orada yaşayan erməni əhalisi bu qayda-qanunlara riayət edərək orada yaşayıb qala bilər. Amma buna nail olmaq üçün hansısa proses getməlidir. Bəzən fikirlər səslənir ki, onların təhlükəsizliyi və milli xüsusiyyətlərini təmin etmək üçün hansısa xüsusi bir şərait olmalıdır. Bu məsələni xarici ölkələr də, ermənilər də qaldırırlar. Amma biz gələcəkdə baş verəcək siyasi prosesləri bizim qanunvericiliyə uyğun olaraq həyata keçirməliyik. Mən nəyi nəzərdə tuturam? Məsələn, Fransa tərəfindən fikir səslənir ki, ermənilərin hansı statusu olacaq? Fransada 600 min erməni yaşayır. Heç Dağlıq Qarabağda bu qədər erməni yoxdur. Təbii ki, biz məntiqli olaraq soruşa bilərik ki, siz bu mövqeyi dəstəkləyirsizsə, sizdə ermənilərə hansı imtiyazlar verilib? Varmı o imtiyazlar? Sizdə bu siyasət hansı şəkildə qurulub? Bəlkə bizə hansısa faydalı məsləhət verə bilərsiz? Həmin sualı biz Rusiyaya da verə bilərik. Rusiyada 3 milyon erməni yaşayır. Onlara hansı səviyyədə imtiyaz verilib? Yəni ki, indiki mərhələdə belə diskussiyaların davam etməsini mən istisna etmirəm. Ermənistan tərəfindən yaradılmış işğalçı administrasiya və onun başçısı Azərbaycana qarşı cinayət edib. Təbii ki, çalışacağıq ki, gələcəkdə biz bu insanları etdiyi cinayətlərə görə məhkəmə vasitəsi ilə cəzalandıraq. Bu alınmasa, təbii ki, bu hücumlarla əməkdaşlıq etməyə hələlik hazır görünmür.  Bəlkə də Çeçenistanda olduğu kimi amnistiya elan olunacaq. Yəni, yollar çoxdur. İndi sülhməramlılarla olan münasibətləri praktiki kontakt kimi qəbiul etmək lazımdır ki, de-fakto hansısa proseslər baş versin. İlk növbədə bu üçtərəfli bəyanatda nəzərdə tutulan proseslər həyata keçirilməlidir. Təbii ki, de-fakto bunu icra etmək üçün bu təmaslar olmalıdır. Bu təmaslar müvəqqətidir və gələcəkdə baş verəcək siyasi proseslərdən asılıdır. Və ikinci məsələ. Biz indi daha çox Azərbaycanın nəzarətinə qayıdan ərazilərə fikir verməliyik. Ağdamda, Kəlbəcərdə, Şuşada və digər ərazilərdə işlər görülməlidir. Təxminən 90-95 faiz məcburi köçkün bəyanatda nəzərdə tutulan bəndlərin icrasının nəticəsində öz evlərinə qayıtmaq hüququna malik olacaqlar. Bu böyük bir işdir. Gəlin, bu işləri görək, orada insanları yerləşdirək, təhlükəsizliyi təmin edək, dövlət qurumlarının fəaliyyətini bərpa edək, sonra qalan məsələləri ardıcıl şəkildə həyata keçirək və süverenliyi tam şəkildə bərpa edək.

-Münaqişə tam olaraq bitdimi? Azərbaycan tamamilə ərazi bütövlüyünü, süverenliyini bərpa edə bilibmi? Nə etmək lazımdır ki bu məsələ tamam bitsin, Azərbaycan süverenliyini tam bərpa etsin?

-Münaqişə hələ bitməyib. Onun hərbi fazası bitib. Yəni bizə qarşı olan hərbi təcavüzün nəticələrini, əsas elementlərini  demək olar ki, neytrallaşdırmışıq. Və  işğal altında olan əsas əraziləri demək olar ki, azad etmişik. Ermənistan Respublikasının bizə qarşı olan hərbi təcavüzünün nəticələrini aradan götürmüşük. Xüsusilə bunu qeyd etmək istəyirəm ki, Ermənistan ordusu təkcə Kəlbəcər, Ağdam, Laçından yox, həm də sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərdən də evakuasiya olunacaq. Bunu başa düşməliyik. Orada hansısa insan qalırsa, onlar yerli əhali ola bilər,  Ermənistandan gələn Nikol Paşinyanın oğlu yox. Buna Laçın dəhlizində duran sülhməramlı qüvvələr nəzarət etməlidir. Biz bunu tələb etsək, öz ərazilərimizi işğalçılardan tam şəkildə azad edəcəyik. Sonra isə bütün bu proseslər baş verəndən sonra orada qeyri-qanuni yaradılmış hərbi birləşmələri də tərksilah edib, bu və ya digər şəkildə onları digər siyasi proseslərə cəlb etməyə cəhd edəcəyik və bunun nəticəsində baş verənlərə baxacağıq.  Bu prosesi təxminən bu şəkildə təsəvvür etməliyik. Bu tələblərə, istəklərə nail olmaq üçün gələcəkdə böyük bir siyasi proses lazımdır. Həm diplomatik, həm iqtisadi və.s. Yəni biz çox aydın başa düşməliyik ki, mübarizə hələ qurtarmayıb.