“Amnesty International” təşkilatı 44 günlük müharibə dövründə mülki əhaliyə qarşı hücumlarla bağlı hesabat hazırlayıb.
Hesabatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə endirdiyi, ümumilikdə 72 mülki vətəndaşın ölümünə səbəb olan səkkiz zərbə sənədləşdirilib.
Hesabatda bu hücumlardan sağ çıxan, yaralanan şəxslər və həlak olan şəxslərin qohumlarından müsahibələr yer alıb.
Hesabatda bildirilir ki, oktyabrın 11-də, gecə saat 2 radələrində Gəncəyə endirilən raket zərbəsi nəticəsində 10 mülki şəxs həlak olub. Raket şəhərin mərkəzində, Zəfər Parkı ilə üzbəüz, Rəfibəyli küçəsindəki yaşayış binasına düşmüşdü. ANAMA-nın məlumatına görə, həmin zərbədə Ermənistan tərəfi “SCUD-B” ballistik raketindən istifadə edib. Zərərin həcmi bu cür silahla vurulan zərbəyə uyğundur.
Hesabatda deyilir ki, oktyabrın 17-də “SCUD-B” ballistik raketinin Gəncə şəhərinin Muxtar Hacıyev küçəsinə düşməsi nəticəsində 21 mülki şəxs həlak olub, 50-dən çox insan yaralanıb. Bu hücum zamanı Südabə Əsgərovanın 15 yaşlı qızı Nigar doğum günündən bir gün həlak olub.
“O mənim tək övladım idi”, – deyə Südabə Əsgərova “Amnesty International”a bildirib.
64 yaşlı Ramiz Qəhrəmanov da həmin hücumda 34 yaşlı qızı Xatirəni, 11 yaşlı nəvəsi Orxanı, 6 yaşlı nəvəsi Məryəmi və 18 yaşlı nəvəsi Ləmanı itirib.
Sənəddə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 27-də Azərbaycanın Bərdə rayonunun Qarayusifli kəndinə kasetli bomba zərbəsi nəticəsində 5 mülki şəxs həlak olub, 14 nəfər yaralanıb, evlərə ciddi ziyan dəyib.
Ölənlərdən biri – 7 yaşlı Aysu İsgəndərova zərbə vaxtı bağlarındakı yelləncəkdə oynayırmış.
Hesabatda qeyd olunur ki, erməni qüvvələri oktyabrın 28-də cəbhədən 20 km-dən uzaq məsafədə yerləşən Bərdə şəhərinə bir neçə iri çaplı raket atıb. Üç raket şəhərin mərkəzinə, onlardan ikisi şəhərdəki iki xəstəxananın yaxınlığına düşüb. Üçüncüsü isə 72 ədəd 9N235 kasetli başlıqdan ibarət Rusiya istehsalı 9M55 “Smerch” raketi olub ki, bu da insanların sıx olduğu mərkəzi prospektə düşüb, nəticədə 21 mülki şəxs həlak olub.
“Sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi endirməsi nəticəsində Qurbanovlar ailəsinin beş üzvü həlak olub, onların evinə ciddi ziyan dəyib”, – deyə hesabatda qeyd olunur.
“Amnesty International” hesabatında bildirib ki, sentyabrdan noyabradək davam edən 44 günlük müharibə dövründə Ermənistan tərəfi beynəlxalq humanitar hüququ pozaraq mülki əhalini də hədəf alıb və bu, çox sayda günahsız insanların ölümü ilə nəticələnib.
Qeyd olunub ki, Ermənistan tərəfi mülki əhalinin yaşadığı ərazilərdə qeyri-qanuni olaraq qeyri-dəqiq silahlardan, o cümlədən beynəlxalq səviyyədə qadağan edilmiş kasetli silahlardan və geniş ərazilərə yayılan digər partlayıcı silahlardan istifadə edib.
Hesabat müəllifləri hesabatı hazırlayarkən bu zərbələrdən sağ çıxan, yaralanan və ya qohumlarını itirən 51 şəxsdən və 8 rəsmi şəxsdən müsahibə aldıqlarını bildiriblər. (APA)