Ermənistanda güclü yağış daşqına səbəb olub, şəhər və kəndlər su altına qalıb –VİDEO

Ermənistanda gecə saatlarında yağan güclü yağış daşqınlara səbəb olub.

Azpost.info erməni KİV-lərinə istinadən bildirir ki, məcrasından çıxan Debed çayı Alaverdi şəhərində əsl fəlakətə səbəb olub. Çay avtomobilləri aparıb, körpünü dağıdıb, bir çox mənzilləri və restoran binalarını su basıb.

“Haykakan Jamanak”-ın məlumatına görə, şəhərdə qaz və elektrik enerjisi, internet və telefon rabitəsi kəsilib. Onlarla insanla əlaqə saxlamaq mümkün olmayıb, mal-qaranı çay suları aparıb.

Debed çayının daşqın suları M-6 dövlətlərarası avtomobil yolunu da sıradan çıxararaq, Gürcüstan sərhədinə gedən yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlayıb.

Taşir şəhərində isə Təşir çayında daşqın nəticəsində yaranan sel nəticəsində suyun səviyyəsi qalxıb, ev və tikililəri su basıb, vətəndaşlar təxliyə olunub. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb. Alaverdi şəhərində yanacaqdoldurma məntəqələrindən birində kompressorlar su altında qalıb. İlkin məlumata görə, partlayış qısaqapanma nəticəsində baş verib. Vanadzor, Stepanavan və Amrakits kəndində evləri su basıb.

Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin Regional Xilasetmə İdarəsinin 7 döyüş briqadası, 2 əməliyyat qrupu, Tavuş Regional Xilasetmə İdarəsinin yanğınsöndürmə və xilasetmə dəstələrinin 2 nəfəri və 1 əməliyyat qrupu cəlb olunub.

Ermənistanın baş naziri Nikol Paşinyan səhər saatlarında daşqın zonasına yollanıb. Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Azpost.info

 

 

Əvvəlki məqalə

Gürcüstanda nazir müavini xarici agentlər haqqında qanuna etiraz olaraq istefa verib

Sonrakı məqalə

Qazax, Ağstafa və Tovuzda subasma təhlükəsinə dair xəbərdarlıq edilib