Ermənistan Xocalı soyqırımının separatçı rejimin törətdiyini irəli sürür –XİN müavini

Ermənistan tərəfi Xocalı soyqırımına görə məsuliyyəti qəbul etmir.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ADA universitetində Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı konfransda deyib.

Nazir müavini bildirib ki, Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam etmiş təcavüzünün ən ağrılı səhifələrindən biri Xocalı faciəsidir. “Müharibədən əvvəl bu şəhərdə 7 mindən çox insan yaşayıb, 1991-ci ilin oktyabrından etibarən bu şəhər erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdı. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri, dinc əhali xüsusi amansızlıqla öldürülüb. Həmin gecə 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 487 nəfər bədən xəsarətləri alıb”.

Nazir müavini qeyd edib ki, 150 nəfərin taleyi bu günə qədər naməlumdur, bu faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 130 uşaq hər iki valideynindən birini, 25 uşaq hər iki valideynini itirib: “Xocalıda baş verənlər etnik nifrətin bariz təzahürüdür. Baş verənlər insanlıq əleyhinə cinayət idi. Mülki insanların məqsədyönlü qırğını Ermənistanın dövlət siyasətində azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlanan cinayət idi”.

Elnur Məmmədov Xocalıda baş verənlərin BMT-nin soyqrımı konsepsiyası ilə bağlı müddəalara cavab verdiyini diqqətə çatdırıb.

O vurğulayıb ki, BMT sənədi 1948-ci ildə qəbul olunub, Azərbaycan bu sənədə 1996-cı ildə, Ermənistan isə 1993-də qoşulub: “Bu konvensiya isə geriyə şamil olunmur. Bu prosedur xarakterli çətinlikdir. Digər çətinlik spesifik niyyətin sübut olunmaması ilə bağlıdır. Ermənistanın həmin əraziyə effektiv nəzarətinin sübut olunmaması da mümkün çətinliklər sırasındadır”.

Nazir müavini onu da qeyd edib ki, Ermənistan hadisənin Ermənistan tərəfindən deyil, qondarma rejim tərəfindən törədildiyi, hadisənin Azərbaycanın özü tərəfindən törədilməsi ilə bağlı vicdansız iddialar irəli sürür: “Ermənistan Xocalı soyqırımına görə məsuliyyəti qəbul etmir, bu isə hüquqi baxımdan vacib aspektdir”.

Elnur Məmmədov çıxışında tarixdə törədilən soyqırımların müqayisəsinə də toxunub. O, Srebrenitsa qətliamı, Ruanda soyqırımı barədə məhkəmə prosesləri barədə danışıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə Aslan İsmayılovun kitabının təqdimat mərasimi olub

Sonrakı məqalə

“Rusiyada keçiriləcək finalı boykot edin!” –