Ermənistan-Türkiyə sərhədi açılır?

Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi tezliklə açılacaq.

AzPost bildirir ki, bu barədə “News.am” xəbər portalına diplomatik mənbə məlumat verib.

Məlumata görə, keçid məntəqəsinin açılışı martın 1-də olacağı gözlənilir.

Nəzarət-buraxılış məntəqəsinin Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən mühafizə olunması planlaşdırılır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı heç bir dəyişiklik yoxdur.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Yerevan və Ankara arasında təmaslara maneələrin olmadığını vurğulayaraq Türkiyə ilə fəal və davamlı dialoq olduğunu elan edib.

Bu barədə Paşinyan ABŞ-a işgüzar səfəri çərçivəsində səfər etdiyi Atlantika Şurasında çıxışı zamanı deyib. “Əslində Türkiyə ilə təmaslara heç bir maneə yoxdur və biz daimi təmasdayıq. Xarici işlər nazirlərimiz mütəmadi olaraq görüşür və danışır, nümayəndələrimiz daimi təmasdadır, biz çox fəal işləyirik, nə etmək lazım olduğuna dair ümumi anlaşma var”.

Paşinyan ikitərəfli münasibətlərdə “nüansların” olduğunu etiraf etməklə yanaşı, müəyyən yekun addımlar vasitəsilə “real nəticələrin” tez əldə olunacağına ümid etdiyini bildirib. O əlavə edib ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi intensiv dialoqda olmayıb.

Xatırladaq ki, ortaq sərhəd olmasına baxmayaraq, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalanıb, lakin onlar hər iki tərəf tərəfindən ratifikasiya olunmayıb. İrəvan 2018-ci il martın 1-də bu protokolların ləğvini elan edib.

Bizi İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.