Ərzaq məhsullarının qiyməti artdıqca ailələrin aylıq market xərcləri də böyüyür. Ancaq mütəxəssislər deyirlər ki, alış-veriş vərdişlərini dəyişməklə eyni məhsulları daha az xərc hesabına almaq mümkündür.
Dövlət Statistika Komitəsinin rəsmi hesabatlarına əsasən, cari ilin daxili istehlak bazarında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə 6.5% – 6.7% civarında qiymət artımı qeydə alınıb. Xüsusilə idxal olunan kərə yağları, un məmulatları, bəzi ət məhsulları və mövsümi meyvə-tərəvəzlərin qiymətindəki artım gündəlik supermarket xərclərimizə birbaşa təsir edir.
Bəs gəlirlərlə xərclər arasındakı balansı qorumaq, market piştaxtaları qarşısında büdcə böhranı yaşamamaq üçün nə etməliyik?
Azpost.info maliyyə ekspertlərinin “ağıllı alış-veriş” təkliflərini təqdim edir.
Market daxilində “göz səviyyəsi” hiyləsinə aldanmayın
Supermarket şəbəkələrinin xüsusi marketinq strateji planı var: ən baha və son istifadə tarixinə az qalmış məhsullar hər zaman alıcının tam göz səviyyəsində olan rəflərə düzülür. Rəflərin ən alt və ən üst hissələrinə baxmağa vərdiş edin. Eyni keyfiyyətdə olan, lisenziyalı yerli brendlər və ya daha uyğun qiymətli analoqlar adətən alt rəflərdə “gizlədilir”.
“Böyük araba” psixologiyası
Marketə daxil olarkən əlinizə aldığınız böyük təkərli arabalar daxili instinktlərinizi hərəkətə gətirir. Araşdırmalar göstərir ki, boş sahə böyük olduqca insan şüuraltı olaraq oranı doldurmağa meyil edir və siyahıda olmayan 3-4 lazımsız məhsulu səbətə atır.
Əgər 3-5 parça ərzaq alacaqsınızsa, böyük araba yox, əl səbəti götürün. Səbət ağırlaşdıqca marketdə keçirdiyiniz vaxt azalacaq.
Plastik kartların keşkbek bəlası
Bank kartlarının təklif etdiyi 3-5%-lik keşkbeklər və bonuslar əslində istehlakçını daha çox xərcləməyə şirnikləndirən rəqəmsal bir tələdir. Oxucu “onsuz da pulun bir hissəsi qayıdacaq” düşüncəsi ilə büdcəsini aşır.
Ərzaq alışında “Qənaət” formulunu necə qurmalı?
Həftəlik Siyahı tutun: Marketə getməzdən əvvəl soyuducu mütləq təftiş olunmalı və menyu planlaşdırılmalıdır. Siyahıdan kənara çıxılan hər 1 məhsul büdcəyə zərərdir.
Aclıq testi: Heç vaxt marketə ac qarnına getməyin. Ac olarkən qanda qlükoza düşdüyü üçün beyin yüksək kalorili, hazır və baha şirniyyatlara, qəlyanaltılara yönəlir.
Ölçü müqayisəsi: Şampun, yuyucu toz və ya duru yağ alarkən litr/kq qiymətinə baxın. Çox vaxt böyük qablaşdırmalar (məsələn, 5 litrlik yağ) kiçik qablaşdırmalara nisbətən litr başına 15-20% daha sərfəli başa gəlir.
İnflyasiya qlobal və regional proseslərin nəticəsidir və sıravi istehlakçıların qiymətləri aşağı salmaq rıçağı yoxdur. Lakin müştəri öz maliyyə davranışlarınl dəyişərək daxili büdcəsini xilas edə bilər. Marketlərin rəngli vitrinlərinə və endirim şüarlarına emosiyalarla yox, soyuq iqtisadi məntiqlə yanaşmaq əsas qaydadır.
Samir Abdulla