Ermənistan hökuməti “TRIPP Development Company” qapalı səhmdar cəmiyyəti ilə bağlanacaq sazişi təsdiqləyib. Müvafiq qərar noyabrın 26-da hökumətin iclasında qəbul olunub.

Azpost.info xəbər verir ki, bir həftə ərzində imzalanması planlaşdırılan sənəd səhmdarların hüquqlarının həyata keçirilməsinin və səhmlər üzərində hüquqların reallaşdırılmasının xüsusiyyətlərini müəyyən edəcək.

Qərar Ermənistanın iştirak etdiyi səhmdarlar arasında səlahiyyətlərin və münasibətlərin tənzimlənməsini təmin edəcək. Şirkətdə Ermənistanın payı 26%, ABŞ-ın payı isə 74% olacaq.

Direktorlar şurası 5 üzvdən ibarət olacaq. Onlardan 3-nü ABŞ, 2-ni isə Ermənistan təyin edəcək.

Sazişi Ermənistan hökuməti adından ərazi idarəetmə və infrastruktur naziri imzalayacaq.

Sənəddə hər iki tərəfin razılığı olmadan qərar qəbul edilə biləcək 16 məsələ qrupu müəyyənləşdirilib. Bunlara siyasi əhəmiyyətli qərarlar, üçüncü tərəflərin mümkün iştirakı, investorların seçilməsi, konsessiya müqavilələrinin şərtlərinin müəyyənləşdirilməsi və digər məsələlər daxildir.

Qeyd olunur ki, konsessiya hüquqlarını təqdim edən yeganə tərəf Ermənistan olacaq.

N.Talıblı