Noyabrın 25-də Azərbaycanda polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 46 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb, axtarışda olan 79 nəfər tutulub.
Azpost.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Axtarışda olan ümumilikdə 79 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 49 nəfər borclu şəxs qismində axtarışda olub.
Polis tərəfindən narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 15 fakt müəyyən edilib.
Dələduzluğa görə axtarışda olan 11 nəfər də əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Noyabrın 25-də paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 30 tüfəng, 17 patron darağı və 580 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
DİN qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyini bildirib.