Fəzail Ağamalı ailə üzvlərinin məhkəməyə verildiyini təsdiqlədi

Ana Vətən Partiyasının (AVP) sədri, keçmiş deputat Fəzail Ağamalı və övladları – Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, iddiaçı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətidir (QSC).

QSC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.

“Aqrarkredit” QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, “Agricola” şirkətini, Ağamalı Samirə Akif qızı, Ağamalı Kamran Yalçın oğlu, Ağamalı Orxan Yalçın oğlu və İmanova Suğra Sevindik qızı adlı vətəndaşları da məhkəməyə verib.

Məlumata görə, Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalı keçmiş deputatın nəvələridir.

Məsələ ilə bağlı danışan Fəzail Ağamalı məlumatı təsdiqləyib. O bildirib ki, kredit bir neçə ilə əvvəl “Agricola” şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi axsayıb:

“Bu baxımdan, kredit ödənilməsində müəyyən problem yaranmışdı. Artıq “Aqrarkredit”in rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub”.

 

Keçmiş deputat kreditin məbləğini açıqlamaq istəməyib. Amma məlumata görə, söhbət böyük məbləğdə kreditdən gedir.

 

Fəzail Ağamalı Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub. O, cari ilin sentyabrında keçirilən parlament seçkilərinə qatılmayıb. Bu dəfəki seçkidə keçmiş deputatın qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb.

Əvvəlki məqalə

Paşinyanın xahişi ilə Avrasiya İqtisadi Şurasının sammiti keçiriləcək

Sonrakı məqalə

İlon Mask Baydeni “əbədi müharibəni” maliyyələşdirməkdə ittiham edib