Gəncənin raketlə vurulması zamanı 12 dinc sakin həlak olub-

40-dan çox insan yaralanıb (İLDÖNÜMÜ)
17 Oktyabr 2021 - 10:00

Ermənistanın Vətən müharibəsinin gedişində Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 1 il ötür.

2020-ci oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini ballistik raket atəşinə tutub.

Cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə edilən dəhşətli hücum nəticəsində 12 dinc sakin, o cümlədən 2 uşaq həlak olub, 40-dan çox insan yaralanıb.

Ermənistan Gəncəyə ballistik raket hücumu ilə beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanları məqsədli şəkildə öldürüb, bununla da, müharibə cinayəti və insanlıq əleyhinə cinayət törədib. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Ermənistan ümumilikdə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərini raket atəşinə tutub.

Nəticədə 26 mülki şəxs həlak olub, 175 nəfər xəsarət alıb.